Əsas Səhifə > Ölkə, Manşet > Səfər Əbiyevin pullarını yatırdığı ünvanlardan biri TAPILDI

Səfər Əbiyevin pullarını yatırdığı ünvanlardan biri TAPILDI


25-08-2015, 10:57
Səfər Əbiyevin pullarını yatırdığı ünvanlardan biri TAPILDI
Azərbaycanın keçmiş müdafiə naziri Səfər Əbiyevlə bağlı maraqlı məlumat əldə etmişik. Həmin məlumatda deyilir ki, Qubanın məşhur istirahət zonası olan Qəçrəş ərazisində yerləşən “MəstDərgah” istirahət mərkəzi məhz Əbiyevə məxsusdur.

Xatırladaq ki, Səfər Əbiyev müdafiə naziri postuna 1995-ci ildə Azərbaycan Respublikasının Müdafiə Naziri təyin olunub. Təxminən 18 il bu postu tutan Əbiyev 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib. KİV onun “vurulmasını” ciddi korrupsiya əməlləri ilə izah edir.
Əbiyevin yerüstü “cənnət”i
Səfər Əbiyevin “MəstDərgah” istirahət zonası 2013-cü ildə tikilib. 14 kotecdən ibarət olan bu istirahət mərkəzi Quba-Xınalıq yolunun 28-ci km.-də, Qrızdəhnə kəndində yerləşir. “MəstDərgah” ərazisi və ətrafı meşəlik, dağlar, şəlalə və çayla əhatə olunur. Kifayət qədər geniş sahəyə və təbii gözəlliklərə malik olan “MəstDərgah”a Əbiyevin xeyli pul xərclədiyi və süni gözəlliklər yaratdığı bildirilir. Ümumiyyətlə, adıçəkilən istirahət zonasının inşasının sabiq müdafiə nazirinə təxminən 10 milyon manata başa gəldiyi vurğulanır.
Onu da deyək ki, hələ nazir postundan kənarlaşdırılmamışdan əvvəl Səfər Əbiyevin varidatı ilə bağlı sensasion məlumatlar açıqlanmışdı. Həmin məlumatlarda Əbiyevin Qubada villasının, təxminən 100 hektara yaxın torpaq sahəsinin və restoranının varlığından da bəhzs edilirdi. İstisna deyil ki, bu zaman həm də “Məstdərgah” istirahət zonası da nəzərdə tutulubmuş. Baxmayaraq ki, ora Səfər Əbiyevin “vurulmasından” bir qədər əvvəl ərsəyə gətirilmişdir.
“Məstdərgah”ın fantastik qiymətləri
Redaksiyamıza daxil olan məlumatda “MəstDərgah”da qiymətlərin kifayət qədər yüksək olmasından da bəhs olunurp. Bildirilir ki, burada bir dəfə gecələmək üçün 300 manata çatan qiymətlər mövcuddur.
İstirahət zonasında müştərilərə təklif olunan yeməklərin qiymətlərinin də həddən artıq baha olduğu, elə bu səbəbdən ora gələn qonaqlarda həm təəccüb, həm də narazılıq doğurduğu da verilən məlumatlar arasındadır.
Xatırladaq ki, ölkə başçısı İlham Əliyev bu ilin iyulunda Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında turizm sahəsi ilə əlaqədar kifayət qədər ciddi iradlar səsləndirib: “İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada fəaliyyət göstərir. Hazırda Bakıda otellər şəbəkəsi ən mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik. Ancaq "beş" ulduzlu olmayan otellərin qiymətləri bahadır. Bölgələrdə, rayon yerlərində elə qiymətlər qoyurlar ki, heç adam oraya getmək istəmir. O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər. Budur reallıq. Azərbaycanda o qədər gözəl yerlər var ki, heç xaricə getmək lazım deyil. Dağlar, meşələr, dəniz, çaylar, göllər, xizək kurortu. Ona görə, bu üç məsələyə mütləq baxmaq lazımdır - vizalar, biletlərin, otellərin qiymətləri və "üç" ulduzlu, "iki" ulduzlu otellərin tikintisi”.
Prezidentin bu iradlarından sonra ölkədə bəzi otellərin, istirahət mərkəzlərinin qiymətində endirim edildiyi bildirilsə də, bu “MəstDərgah”dan yan keçib. Orada qiymətlər fantastik həddə qalır. Bu isə adıçəkilən istirahət zonasında prezidentin məlum iradlarından nəticə çıxarılmadığını və “MəstDərgah”ın Azərbaycanın yerli turizminin inkişafına töhvə verməyə “ərindiyini” göstərir.
Əbiyev bahalı istirahət zonasını hansı pulla tikib?
Yuxarıda da qeyd etdiyimiz kimi, adıçəkilən istirahət zonası keçmiş müdafiə nazirinə təxminən 10 milyon manata başa gəlib. Bəs Əbiyev də bu qədər fantastik məbləğdə vəsait hardandır?
Bir daha xatırladaq ki, ölkə KİV-i belə hesab edir ki, Səfər Əbiyevin “vurulmasında” müstəsna rolu onun dövründə Müdafiə Nazirliyinin ən korrupsiyalaşmış qurumlardan birinə çevrilməsi oynayıb. Bunu Əbiyevin vəzifədən kənarlaşdırılmasından sonra nazirlikdə aparılan yoxlamalar nəticəsində ortaya fantastik yeyinti faktlarının çıxması, hətta nəticədə bəzi vəzifəli şəxslərin həbs edilməsi də təsdiqləyir.
İctimai rəy birmənalı olaraq belə bir qənaətdədir ki, Müdafiə Nazirliyindəki korrupsiya əməlləri birbaşa sabiq nazirin informasiyası daxilində həyata keçirilib. Əks halda Əbiyevin “MəstDərgaph” da daxil olmaqla özünə geniş biznes şəbəkəsi qurması, böyük sərvət toplaması necə mümkün ola bilərdi?!

Geri qayıt