Əsas Səhifə > Ölkə, Manşet > Təhsil Nazirliyində ikinci Allahverdi Dəmirov...

Təhsil Nazirliyində ikinci Allahverdi Dəmirov...


22-06-2015, 11:03
Təhsil Nazirliyində ikinci Allahverdi Dəmirov...
Təhsil Nazirliyi tərəfindən həyata keçirilən təmir-tikinti layihələrində hələ əvvəldən yeyinti halları mövcud olub. Xatırladaq ki, sabiq nazir Misir Mərdanovun zamanında məktəb tikintisi sahəsində böyük yeyinti faktları aşkarlanmış və bu işdə əli olan şəxslər cinayət məsuliyyətinə cəlb olunmuşdular.
Qeyd edək ki, məktəblərdəki təmir-tikinti yeyintiləri ictimailəşəndən sonra nazirliyin Təmir-Tikinti İdarəsi ləğv olundu, onun rəhbəri Misir Mərdanovun xalası oğlu Allahverdi Dəmirov vəzifəsindən çıxarılaraq istintaqa cəlb edildi. Bundan sonra məktəb tikintisi Təhsil Nazirliyindən alınaraq Bakı Şəhər İcra Hakimiyyətinə verildi. Yeyintinin miqyası kifayət qədər böyük olduğundan Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi başladıldı. Üzə çıxdı ki, Suraxanı rayonundakı 85 saylı məktəbin təmiri zamanı "Azərbərpa" MMC-nin vəzifəli və maddi məsul şəxsləri tərəfindən iş həcmi 35 min 261 manat şişirdilib, 11 min 666 manatlıq iş isə faktiki yerinə yetirilməyərək dövlət vəsaiti nəfsin güdazına gedib. Bununla yanaşı, Xəzər rayonundakı 849 min 821 manat smeta dəyəri olan 123 saylı məktəbdə "Ramil" müəssisəsinin vəzifəli və maddi şəxsləri tərəfindən iş həcminin 50 min 359 manat şişirdildiyi, 28 min 793 manat məbləğində işin isə ümumiyyətlə görülməyərək dövlət əmlakının havaya sovrulduğu aşkar edildi. Aradan bir müddət keçəndən sonra, daha dəqiq desək 2014-cü ilin fevral ayında Təhsil Nazirliyinin nəzdində Əsaslı Tikinti və Təchizat İdarəsi yaradıldı. İdarənin rəisi vəzifəsinə isə Musa Məmmədov təyin olundu. Bu idarənin fəaliyyətində yer alan qanuna zidd hallarla bağlı əvvəlki saylarımızda geniş araşdırma yazısı dərc etmişdik. Əfsus ki, nə nazir Mikayıl Cabbarov, nə də aidiyyəti hüquq-mühafizə orqanları məsələyə reaksiya verdilər. İdarənin yaradılmasından təxminən 1 il yarım vaxt ötüb. Apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi geridə qalan vaxt ərzində etimadı doğrulda bilməyib, əksinə məktəb tikintisi sahəsində vəziyyət ikiqat pisləşib. Məktəb təmir-tikintisi Bakı Şəhər İcra Hakimiyyətinin balansından çıxarılaraq yenidən Təhsil Nazirliyinə qaytarılanda ekspertlər buna etirazını bildirmişdi: "Təhsil Nazirliyi yalnız təhsillə məşğul olmalıdır. Əsasnaməsində də göstərilir ki, qurum tədris prosesinin metodik işlərinə, proqramların, dərslik vəsaitlərinin hazırlanmasına rəhbərlik etməlidir. Lakin bu istiqamətdə bir pərakəndəlik hökm sürür. Dərsliyin qiymətləndirilməsi, buraxılış imtahanlarının keçirilməsi, bağçalar Təhsil Nazirliyinin balansından çıxarılıb, hərəsi bir quruma verilib. Ali məktəblər, demək olar ki, müstəqil fəaliyyət göstərirlər. Hansı dövlət strukturu istəyirsə, institut, məktəb açır, belə bir pərakəndəliyin yaranmasının tərəfdarı deyiləm. Yenidənqurma işləri və ya yeni məktəb tikintiləri ilə nazirlik məşğul olmamalıdır. Hazırda ən birinci diqqəti təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəltməlidir. Kosmetik və əsaslı təmir isə xırda işlər sayıldığından böyük təşkilatların həvəs göstərəcəyi gözlənilmir". Ekspertlərin vaxtilə çaldığı həyəcan təbili bu gün öz fəsadlarını büruzə verməkdədir. Araşdırmaların nəticəsinə istinadən demək olar ki, son bir ildə məktəblərin təmir və tikintisi layihələrinin icrası zamanı kütləvi mənimsəmələrə, qanun pozuntularına yol verilib: "Musa Məmmədov Əsaslı Tikinti və Təchizat İdarəsinə istənilən səviyyədə rəhbərlik edə bilmir. Bu sahədə köhnə problemlər aktuallığını qoruyub saxlayır. Təmir-tikinti işlərinə dövlət büdcəsindən ayrılan vəsaitlərin böyük hissəsi bir qrup şəxsin maraqlarına qurban verilir. Layihə-smeta sənədlərindən kənarlaşmalar olur, keyfiyyətsiz iş aparılır, amma heç bir tədbir görülmür. Hazırda ölkə ərazisində məktəb tikintisi və təmiri sürətlə davam etdirilir. Bu işlərə nəzarəti birbaşa Musa Məmmədov edir. Tikinti işlərinin keyfiyyəti ürəkaçan səviyyədə deyil. İşi təhvil vermək xətrinə necə gəldi iş görürlər. Külli miqdarda vəsait hesabına təmir olunan, tikilən məktəblər yeni dərs ili başlayandan bir qədər sonra sıradan çıxır. Divarlarda çatlar əmələ gəlir, döşəmə sökülür, sinif qapıları dağılır və sair. Çünki təmir-tikinti zamanı ən ucuz materiallardan istifadə edilir. Sənədləşmədə isə həmin işlərin xərci bir neçə dəfə şişirdilir. Əsaslı Tikinti və Təchizat İdarəsinin bu sahədəki qanunsuzluq hallarını aradan qaldıracağı gözlənsə də, qurumun rəhbərliyi ona bəslənən ümidləri doğrultmadı. Təhsil Nazirliyində ikinci Allahverdi Dəmirov formalaşır. Bir vaxtlar nazirliyin bütün tikinti layihələrini əlində cəmləşdirən və saysız-hesabsız qanunsuzluqlar törədən Allahverdi Dəmirov da eynilə bu prinsiplə işləyirdi. İndi onun əməllərini Musa müəllim təkrarlayır". Bizdə olan məlumatlara görə, Təhsil Nazirliyinin son bir il ərzindəki sifarişlərinin çoxuna yeni yaradılan şirkətlər cəlb olunub. Həmin şirkətlərin idarə rəisinə yaxın olduğu bildirilir. Bununla bağlı yaxın günlərdə geniş araşdırma yazımız olacaq. Bizi izləyin.
\\ gündelik-baku.com \\
Geri qayıt