Əsas Səhifə > Ölkə, Manşet > Bu bankirin maxinasiyaları diqqətdən kənarda qalıb....

Bu bankirin maxinasiyaları diqqətdən kənarda qalıb....


18-06-2015, 11:22
Bu bankirin maxinasiyaları diqqətdən kənarda qalıb....
"Əmrahbank" ASC-nin Sahil filialının direktoru Rəmiyəddin Məmmədovun fəaliyyətindəki çatışmazlıqlar və qanuna zidd hallarla bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Mətləbə keçməmişdən öncə filial rəhbərinin bundan əvvəlki işində çalışarkən imza atdığı qanunsuzluqlar haqda qısaca məlumat vermək istəyirik. Məsələdən xəbəri olmayan oxucularımız üçün qeyd edək ki, Rəmiyəddin Hüseyn oğlu Məmmədov əvvəllər "Kapital Bank"ın Sabunçu rayonunda yerləşən 2 saylı filialının müdiri vəzifəsində çalışıb.

İddialara əsasən, həmin dövrdə bir sıra neqativ işlərə qol qoyub. Həmin filialın kredit şöbəsinin müdiri Faiq Məmmədov da məhz onun əməllərinin qurbanı olub. Belə ki, Faiq Məmmədov bankda baş vermiş yeyinti faktına görə həbs edilib. Bankın müdiri, xəzinədarı və baş mühasibi isə kimlərinsə yardımı ilə məsuliyyətdən kənarda qalmağı bacarıblar. Hazırda həbsdə olan Faiq Məmmədovun atası redaksiyamıza açıqlamasında bunları demişdi: "2008-ci ilin sonunda "Kapital Bank"ın Sabunçu rayonundakı 2 saylı filialının müdiri evimizə gələrək banka 180-200 min manata qədər borcu olduğunu və yoxlama gələcəyi üçün pulun ödənilməsində ona kömək etməyimizi xahiş etdi. Mənim evimin sənədləri qaydasında olmadığı üçün qayınımın yoldaşı Xalidənin evini girov qoyaraq adıma kredit götürdülər. Nə bankda oldum, nə də kassadan pulu kimin götürdüyünü, nə qədər götürüldüyünü bildim. Müqavilə sənədlərini də mən xəstəxanada işləyən zaman müdirin qardaşı imzalamam üçün gətirdi. Bir il müddətinə evimin sənədlərini düzəltdim. Filial müdiri danışdığımız kimi evimi girov qoyub qonşum Gülməmmədov Elbrus Şükür oğlunun adına sahibkarlıq krediti düzəltdi. Hətta bu iş üçün 50 min manat "şapka" verdiyini bildirdi. Elbrusu da aldadaraq sənədə qol çəkdirdi. Oğlum həmin bankda işlədiyinə görə o qədər də narahat olmurdum. Ancaq sonra bildim ki, qonşum Elbrusun xəbəri olmadan onun adına 25 min 5 yüz manat kredit qeydiyyatdan keçib. Daha sonra evin sənədləri ilə maraqlandıqda Rəmiyəddin mənə oğlumun borclarını ödədiyini dedi. Bu xəbər bizi şoka saldı. Həyat yoldaşım fikirdən xəstəlik tapdı, 3 ay sonra 57 yaşında rəhmətə getdi. Mən xəstələndim, əməliyyat oldum, çətinliklə ayağa durdum. Sonra anam rəhmətə getdi. O bizə məxsus 4 evi girov qoyaraq ümumilikdə 600 min manata yaxın pul mənimsəyib". Əldə etdiyimiz yeni informasiyaya əsasən Məhkəmə Xətşünaslıq Ekspertizası bank müdirinin imza atdığı qanun pozuntusunu faktlarla sübuta yetirib: "Ekspertiza 149 min manatlıq qəbzə vurulan möhürün və imzanın Rəmiyəddin Məmmədova məxsus olmasını müəyyənləşdirib. Bankın xəzinədarı istintaqa ifadə verib. O sənəddəki möhürün "Kapital Bank"ın 2 saylı filialına məxsus olmasını təsdiqləyib. Lakin xəzinədarın imzası yazılan yerə çəkilən qolun ona aid olmadığını bildirib. Beləliklə müəyyən edilib ki, filial rəhbəri xəzinədar məzuniyyətdə olduğu vaxt 149 min manatla bağlı sənəd hazırlayıb və xəzinədarın yerinə öz imzasını çəkib. Bununla da qanunsuzluğa yol verib. Sual olunur: əgər pul kassaya mədaxil olunubsa, vətəndaşın borcu niyə silinməyib? Yaxud sənəd saxtalaşdırılıbsa, niyə vətəndaş cəzasını almır? Bu vaxta kimi vətəndaş Məmmədov Zülfüqar Xudu oğluna dəymiş maddi ziyan ödənilməyib. Rəmiyəddin Məmmədovun özünün dediyinə görə, hüquq-mühafizə orqanlarında yüksək vəzifələrdə işləyən dayaqları var və bu şəxslər onu hər zaman müdafiə etməyə hazırdırlar". Məlumatlı mənbənin sözlərinə görə, adıçəkilən şəxs "Kapital Bank"ın 2 saylı Sabunçu filialında törətdiyi qeyri-qanuni əməllərə görə kredit şöbəsinin müdiri Faiq Məmmədovu güdaza verib: "Özü isə heç nə olmayıbmış kimi azadlıqda gəzir, üstəlik köhnə əməllərini davam etdirir. Dövlət ittihamçısı məhkəmə zamanı Faiq Məmmədova 9 il 6 ay iş istədi. Hakim isə kredit şöbəsinin sabiq müdirini 11 il müddətinə azadlıqdan məhrum etdi. "Əmrahbank"ın Sahil filialının direktoru keçmiş işçisinin ağır cəza almasından ötrü bütün imkanlarını səfərbər etdi. Sonda buna nail oldu. Bu şəxslə bağlı bir faktı da açıqlamaq istəyirəm. O "Kapital Bank"ın 2 saylı Sabunçu filialında işləyərkən bankın yerləşdiyi binanın bir hissəsini bəzi yollara baş vurmaqla özəlləşdirib. Aradan bir müddət keçdikdən sonra həmin yeri hərbi komissarlardan birinə baha qiymətə satıb. Hazırda qeyd etdiyim yerdə oboy dükanı fəaliyyət göstərir. Camaatın balası nahaqdan həbsdə yatır, amma yeyintiyə yol verən bank rəhbəri hələ də azadlıqdadır. O həbs olunmuş Faiq Məmmədovun köməkçisi Turalı öz yanına işə götürüb. Digər tərəfdən, "Kapital Bank"ın 2 saylı filialının baş mühasibi işləmiş İlmara adlı xanım da hazırda Rəmiyəddin Məmmədovun tabeliyində fəaliyyət göstərir. Belə başa düşmək olar ki, filial rəhbəri bu şəxslərin iştirakı olmadan bəzi niyyətlərini rahat şəkildə həyata keçirə bilmir. Aidiyyəti hüquq-mühafizə orqanlarının rəhbər işçiləri Rəmiyəddin Məmmədovun keçmişdəki və indiki fəaliyyətini dərindən araşdırsalar, onun həbsi üçün kifayət qədər əsas ortaya çıxa bilər". Növbəti saylarımızda Faiq Məmmədovun təqsirləndirildiyi işin istintaqı və məhkəmə icraatından çıxarılmış materiallar barədə şok faktları açıqlayacağıq. Bizi izləməyi unutmayın.

Yazıda adı çəkilən bütün şəxslərin münasibətini dərc etməyə hazırıq.
«Gündəlik Bakı»

Geri qayıt