Əsas Səhifə > Ölkə, Manşet > Gədəbəy sakini ədalət axtarışında...
Gədəbəy sakini ədalət axtarışında...11-06-2015, 09:49 |
Azərbaycanda məhkəmə sisteminin inkişafı istiqamətində dövlət səviyyəsində müxtəlif tədbirlərin həyata keçirilməsinə baxmayaraq, hələ də bilərəkdən ədalətsiz hökm, qətnamə, qərardad və ya qərar çıxaran hakimlər var. Əksər məhkəmələrdə bu problem aradan qaldırılsa da, bəzi hakimlər hələ də əvvəlki əməllərindən əl çəkmir. Redaksiyamıza daxil olan Gədəbəy rayonunun Arıxdam kənd sakini Məmmədov Məhərrəm Kərim oğlunun Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova ünvanlı müraciətində də bu cür özbaşınalıqlardan şikayət edilir. M.Məmmədov Gədəbəy Rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədovdan şikayətçi olduğunu bildirir. M.Məmmədov yazır ki, o, vaxtilə Gədəbəy rayonundakı 5 saylı Körpü Tikinti İdarəsində işləyib. Həmin idarənin göstərişi və Gədəbəy rayon İcra Hakimiyyətinin sərəncamı ilə Ağdamdan Şınıx bölgəsinin cəbhə xəttinə silah-sursat dasıyarkən avtomobil qəzasına düşüb və 60 faiz sağlamlığını itirib: “Qəzadan sonra 5 saylı Körpü Tikinti İdarəsinin verdiyi xəsarət aktına əsasən, sağlamlığımı itirdiyim üçün əmək xəsarətinə görə 3 il doqquz ay idarə tərəfindən mənə kompensasiya ödənilib. Eyni zamanda iş yoldaşlarımın şahidliyi ilə sübuta yetirilib ki, mən Ağdam rayonundan Gədəbəy rayonunun Şınıx bölgəsinə və Başkəndə silah-sursat gətirərkən Gədəbəy rayonunun Qaradağ ərazisində avtomobil qəzasına düşərək, 60 faiz sağlamlığımı itirmişəm. Vaxtilə mənə verilən aktı “Gəncə Körpü Tikinti-2” ASC-nin nümayəndəsi Tomiyev İsaq Səməd oğlu iddia qaldırdı ki, həmin akt etibarsız sayılsın. Sual olunur, əgər 22 il əvvəl tərtib olunaraq idarə tərəfindən mənə verilən akt saxta idisə, nə üçün mənə 3 il doqquz ay kompensasiya ödənilib? Mən “Gəncə Körpü Tikinti-2” ASC-yə qarşı istehsalatla bağlı əmək xəsarəti nəticəsində əmək qabiliyyətimin itirilməsi ilə əlaqədar aylıq və birdəfəlik ödənişlərin xeyrimə tutulması tələbi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim. Hakim Emin Əliyevin icraatında olan mülki işin məhkəməsi səkkiz ay çəkdi. Uzun süründürməçilikdən sonra iddiam rədd edildi. E.Əliyevin 5 avqust 2013-cü il tarixli 2(043)-71/2013 saylı qanunsuz qətnaməsindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verdim. Eyni zamanda, “Gəncə Körpü Tikinti-2” ASC mənə qarşı istehsalatda bədbəxt hadisə haqqında aktın etibarsız hesab edilməsi tələbi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verdi. Bu səbəbdən də hakim Rəhman Muradov qərara aldı ki, “iş üzrə icraat Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan “Gəncə Körpü Tikinti-2” ASC-nin Məmmədov Məhərrəm Kərim oğluna qarşı istehsalatda bədbəxt hadisə haqqında aktın etibarsız hesab edilməsi tələbinə dair işin həll edilməsinə qədər dayandırılsın. Bundan əlavə, istehsalatda bədbəxt hadisə bas verdiyinə görə Gədəbəy Rayon Məhkəməsinin hakimi Maarif Kazımov mənə verilən aktın doğru olması barədə qərar çıxardı”. M.Məmmədovun fikrincə, Gədəbəy Rayon Məhkəməsinin hakimi işi obyektiv araşdırsa da, ikinci instansiya məhkəməsi ona qarşı tam qərəzli mövqe tutub. Belə ki, İsaq Tomiyevlə münasibəti olan hakim zərərçəkmişi günahkar çıxarıb: “Gəncə Apellyasiya Məhkəməsinin hakimi Fikrət Mehdiyev Gədəbəy Rayon Məhkəməsinin hakimi Maarif Kazımovun ədalətli qərarını ləğv etdi. Gəncə Şəhər Apellyasiya Məhkəməsinin sədri Rafiq Məmmədov və hakim Fikrət Mehdiyev öz hüquq səlahiyyətlərini icra etmədilər. Azərbaycan Konstitusiyasını, qanunlarımızı maddi maraqları üzündən pozdular. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə və Azərbaycan Konstitusiyasının 68-ci maddəsinə əsasən, mənə dəyən zərər ödənilməlidir”. Şikayətçi yazır ki, Gəncə Apellyasiya Məhkəməsi qərarı ləğv edəndən sonra iş baxılmaq üçün yenidən Gədəbəy Rayon Məhkəməsinə göndərilib. Amma bu dəfə iş digər hakimə verilib: “Həmin hakim isə əvvəlcədən “razılaşdırılmış işə” imza atdı. Belə ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edən hakim Ceyhun Əhmədov 2 may 2014-cü il tarixdə Gədəbəy Rayon Məhkəməsində kecirilən prosesdə “Gəncə Körpü Tikinti-2” ASC-nin xeyrinə ədalətsiz qərar verdi. Və bununla da Gədəbəy Rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədov öz “oyununu” basa vurdu. Sağlamlığımı itirməyimə, bütün sənədlərimin qaydasında olmasına baxmayaraq, idarənin özü verdiyi aktı sonradan etibarsız hesab etməyə çalışması və bu oyuna məhkəmə hakimlərinin də cəlb edilməsi haqsızlıq, eyni zamanda cinayətdir”. Şikayətçi hesab edir ki, Gədəbəy Rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədovun vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə edərək, bilərəkdən Azərbaycan dövləti adından ədalətsiz qərar çıxarması, Şəmkir rayon Mərkəzi Xəstəxanasından və Kür qəsəbəsindən verilən xəstəlik kağızlarının onun tərəfindən etibarsız edilməsi, Ağdamdan Gədəbəy rayonunun Şınıx bölgəsinə strateji əhəmiyyətli avadanlıq daşıyarkən qəzaya uğramağıma görə mənə istehsalatdan verilən aktın etibarsız hesab edilməsi, Gəncə şəhər “Körpü-Tikinti-2” ASC-nin nümayəndəsi İsaq Tomiyevin məhkəmə prosesində açıq-aşkar “bizim idarə 21 nəfərə aiddir” deməsini diqqətdən qaçırması, digər məhkəmə hakimlərinin verdiyi qərarlarla “oyun” oynaması və s. vəzifə səlahiyyətlərindən sui-istifadə etməsidir. Əlavə olaraq onu da qeyd edim ki, Gəncə Şəhər Apellyasiya Məhkəməsinin hakimi Zərbəli Zərbəliyev apellyasiya şikayətimə əsasən Gədəbəy Rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədovun mənə qarşı çıxartdığı ədalətsiz qərarı ləğv etdi. Ancaq buna baxmayaraq, “Gəncə Körpü Tikinti-2” ASC-nin nümayəndəsi İ.Tomiyev mənə hədə-qorxu gələrək bildirirdi ki, guya onun işlədiyi ASC-nin sədr müavini Aqibət Məmmədov Baş prokuror Zakir Qaralovun qohumudur, ona görə də boş yerə yuxarı təşkilatlara şikayət vermə: “Çünki Baş prokuror Zakir Qaralov bizim adamdır. Hətta mənim əmim oğlu Fərman Rzayev hal-hazırda Baş Prokurorluğun elm-tədris mərkəzində işləyir. Ali Məhkəmədə güclü dostlarımız və tanışlarımız var”. Ancaq “Gəncə Körpü Tikinti-2” ASC-nin nümayəndəsi Tomiyev İsaq Səməd oğlu tərəfindən Ali Məhkəmənin Məhkəmə Kollegiyasına verilən kassasiya şikayətinə baxılarkən onun hədə-qoxuları təsirsiz qaldı. Belə ki, Ali Məhkəmənin Məhkəmə Kollegiyası 12 fevral 2015-ci il tarixli 2(102)-431/2015 saylı qərarı ilə “Gəncə Körpü Tikinti-2” ASC-nin kassasiya şikayətini təmin etmədi və Gəncə Şəhər Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 sentyabr 2014-cü il tarixli 2(104)-1194/2014 saylı qətnaməsini dəyişdirmədən saxladı”. Onu da qeyd edək ki, M.Məmmədov “Gəncə Körpü Tikinti-2” ASC-yə qarşı istehsalatla bağlı əmək xəsarəti nəticəsində əmək qabiliyyətimin itirilməsi ilə əlaqədar aylıq və birdəfəlik ödənişlərin xeyrinə tutulması tələbi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Emin Əliyevin 5 avqust 2013-cü il tarixli 2(043)-71/2013 saylı qanunsuz qətnaməsindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdi. Apellyasiya şikayətimə 1 may 2015-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsində hakim Rəhman Muradovun sədrliyi ilə baxılıb. Ancaq apellyasiya şikayəti təmin edilməyib. M.Məmmədov ədliyyə naziri F.Məmmədovdan hüquqlarının pozulmasında Gədəbəy Rayon Məhkəməsinin hakimi Ceyhun Əhmədovun birbaşa rolu olduğunu bildirərək, onun barəsində müvafiq tədbir görülməsini xahiş edir. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. \\ tezadlar.az \\ Geri qayıt |