Əsas Səhifə > Ölkə, Manşet > "Dəyəri 100 min manatlarla ölçülən torpaq sahəsini Yediyarov əlimizdən alıb"

"Dəyəri 100 min manatlarla ölçülən torpaq sahəsini Yediyarov əlimizdən alıb"


9-06-2015, 11:35
"Dəyəri 100 min manatlarla ölçülən torpaq sahəsini Yediyarov əlimizdən alıb"
DİA.AZ: - Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarovun təqiblərinə məruz qalmış Səfərov Vaqif Qara oğlunun ailə üzvləri müxtəlif qurum və təşkilat rəhbərlərinə kömək üçün müraciət etməkdə davam edirlər. Vaqif Səfərovun həyat yoldaşı Əliyeva Aybəniz Ramazan qızının növbəti açıq müraciəti Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevə ünvanlanmışdır. Müraciətin mətnini DİA.AZ olaraq olduğu kimi dərc edirik.

Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri,
Milli Məclisin deputatı Səttar Suliddin oğlu Mehbalıyev cənablarına
Gədəbəy şəhər sakini Əliyeva Aybəniz Ramazan qızının
Müraciəti

Çox hörmətli cənab deputat, mən 43 il Gədəbəy şəhər 1 saylı tam orta məktəbində təlim-tərbiyə işləri ilə məşğul olmuşam və həmkarlar təşkilatının üzvü olmuşam. Heç vaxt sizdən heç bir köməklik iştəməmişəm. Amma indi sizin köməyinizə çox ehtiyacımız var. Mənim gəlinim artıq uzun illərdir ki, Gədəbəy şəhər 1 saylı tam orta məktəbində təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyirdi. İşlədiyi müddət ərzində işində heç bir qüsuru olmayıb kollektivdə hörmət qazanıb. Məlumunuz edirəm ki, gəlinim dörd uşaq anasıdır, 37 yaşı var. Övladlarından biri ödənişli əsaslarla ali təhsil alır, digəri isə hazırda şərəfi və namusu ilə bu ölkənin keşiyində dayanır, əsgərdir. Gəlinimin digər iki əkiz övladı isə 6 yaşındadır. Ailəmizdə tək işləyən də yalnız gəlinimdir. Aldığı məvacib 180 manatdır. Əslində bu ailəyə dövlət qayğısı gərəkdir. Gədəbəy 1 saylı tam orta məktəbin direktoru Sevda Musayeva isə, necə deyərlər, bizim ailənin çörəyi ilə oynadı. Gəlinimin əkizlərindən biri 29 mart 2015-ci il tarixdən 30 aprel 2015-ci il tarixə qədər Gədəbəy MRX-da müalicə almışdır. Gəlinim isə xəstə övladına baxmalı olur, işə çıxa bilmir. Övladı xəstəxanadan evə yazılandan sonra gəlinim ona verilən xəstəlik vərəqəsini (bülleteni) məktəbin direktoruna verib ki, bülletenin üstünü yazsın. Amma Sevda Musayeva bülleteni yazıb vermək əvəzinə gəlinimə bildirib ki, sənin bülletenin itib. Təkrar müraciət edəndə deyib ki, bülleten saxtadır. Axı bülleten necə saxta ola bilər? Bu mümkün deyil. Çünki bülleten dövlət sənədidir. Yazılarkən bir neçə dəfə qeydiyyata alınır, hətta həmin bülletenin başlıq hissəsi kəsilib xəstəlik vərəqəsini verən müəssisənin arxivində qalır. Bunu araşdırmaq o qədər də çətin iş deyil. Bu hadisədən sonra işə gələndə S.Musayeva gəlinimə həmkarlar təşkilatının qərarına əsasən işə gəlmədiyinə və üzürlü səbəb gətirmədiyinə görə işdən azad olunduğunu bildirir. Bu necə olur? Sevda Musayevaya kim haqq verib ki, dövlətin rəsmi sənədinə saxta desin. Məgər xəstəlik vərəqəsi üzürlü səbəb deyilmi? Nə üçün Həmkarlar Təşkilatının iclasından mənim gəlinimin xəbəri olmayıb? Bu iclas ümumiyyətlə olmayıb. Həmkarlar təşkilatının qərarı direktorun otağında, onun sifarışı əsasında yazılıb. Əsalində gəlinimdən, yəni Səfərova Jalə Aslan qızından izahat alınmalı idi. Axı bütün bunlar Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə ziddir. Ən ağır cəza alan müttəhimə belə son söz verilir. Bu da olmayıb. Bəs məktəb direktorunun bu qanunsuzluqları gözə alıb, mənim gəlinimi işdən azad etməsinin səbəbi nədir? Məsələ bundadır ki, bizim ailəyə məxsus, rayonun ən görkəmli yerində, dəyəri 100 min manatlarla ölçülən torpaq sahəsi qanunsuz olaraq Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov tərəfindən bizdən alınıb və həmin yerdə ticarət mərkəzi tikilmişdir. Biz ailə olaraq buna etirazımızı bildirib, bütün instansiyalara şikayət ərizəsi ilə müraciət etmişik. Amma haqqlı olduğumuz halda heç bir nəticə əldə edə bilməmişik. Gəlinim qanunsuz olaraq işdən azad ediləndən sonra bizə, yəni həyat yoldaşım Səfərov Vaqif Qara oğluna bildiriblər ki, siz yerində ticarət mərkəzi tikilmiş torpaq sahəsindən əl çəkin, əvəzində gəlinini işinə bərpa edək. Sizcə bu santaj deyilmi? Sevda Musayeva işindəki yarıtmazlığını bacarıqsızlığını ört-basdır etmək üçün hər yola qulluq edə bilər. Elə gəlinimin işdən çıxarılmağı da Gədəbəy rayon icra başçısı Ramiz Yediyarovun yanında öz reytinqini qaldırmaq üçün oynadığı bir oyundur. O, sanki bununla Ramiz Yediayrova sədaqətini sübut edərək bildirmək istəyir ki, mən sizi bu ailənin şikayətindən qurtarıram. Siz də mənim qanunsuzluqlarıma göz yumun. Beləliklə, onsuz da viran qoyduğu məktəbi daha da bərbad hala salmaq istəyir. Bizdən qanunsuz olaraq alınmış torpaq sahəsinə görə, ailəsində heç kiminişləmədiyi, iki az yaşlı körpəsi olan, ali məktəbdə oxuyan övladı olan və ən nəhayət şərəfli övlad böyüdüb vətənə xidmət etmək üçün əsgər göndərən bir ananı, əlində üzürlü səbəbi olduğu halda işdən azad etmək hansı qanuna sığır? Heç bir qanuna sığmır! Elə buna görə də bizim ailənin üzləşdiyi bu qanunsuzluqların araşdırılmasında və mənim gəlinimin yenidən işə bərpa olunmağında bizim ailəyə köməklik göstərməyinizi Sizdən xahiş edirəm.

İmza: Əliyeva Aybəniz Ramazan qızı.”

Geri qayıt