Əsas Səhifə > Ölkə, Manşet > İsmayıllıda talanan dövlət büdcəsi...

İsmayıllıda talanan dövlət büdcəsi...


8-06-2015, 11:38
İsmayıllıda talanan dövlət büdcəsi...
Bir sıra regionlarda məmur özbaşınalığı, qeyri-leqal hərəkətləri rayon camaatının sosial durumunu daha da ağırlaşdırır. Müvafiq qurumlara müraciət edilsə də, vəziyyət yaxşılığa doğru getmir. Sanki görülən işlər məqsədli şəkildə həyata keçir. Bəzi məmurlar regionlardakı sosial- iqtisadi durumu çətinləşdirir, xalqın güzəranını bərbad duruma salır.

Ölkə qanunları qalır qıraqda, öz qanunlarını işə salırlar. Belə bölgələrdən biri də İsmayıllı rayonudur. Rayon Maliyyə İdarəsinin rəisi Radim Müslümovun rayonda etmədiyi özbaşınalıq qalmayıb. Bu şəxs dövlətin büdcəsini öz büdcəsi kimi istifadə edir. İdarədə qanun pozuntularına yol verir. Ona görə də bu gün Maliyyə Nazirliyinin İsmayıllı rayonu üzrə maliyyə idarəsində mövcud durum qənaətbəxş səviyyədə deyil. Bizə verilən məlumata görə, idarə rəisi işçilərin, həm də rayon sakinlərinin canını boğaza yığıb. Bu vaxta qədər susmağa üstünlük verən idarə işçiləri artıq hər şeyi açıb tökməyə başlayıblar. Bəzi işçilər bildirirlər ki, Radim Müslümov daim işçilərin haqqını tapdalayan, işçilərə normal münasibət göstərməyən şəxsdir. İdarə rəisi həmişə işçilərinə qarşı nalayiq ifadələr işlədir. Qadın ya, kişi olmasından asılı olmayaraq hər kəsə qarşı kobud rəftar edir. Daim idarədə işçilər arasında çaxnaşma yaratmağa çalışır və buna nail olur. İşçilər arasında nifaq salır. Radim Müslümov idarəyə gəlməyəndə idarədə sakitlik hökm sürür. İşçilər bir-birilə mehriban rəftar edirlər. Lakin idarə rəisi işə gələn kimi aləm bir-birinə dəyir. Ona görə də idarədə bir gün də olsa hüzur yoxdur. Əldə etdiyimiz məlumatlara görə, R. Müslümov öz yaxınlarının adını işə yazdırıb, gəlirləri də özünəməxsus şəkildə istifadə edir. Bütün bunlar onu göstərir ki, Maliyyə İdarə rəisinin arxalandığı şəxs var. Çünki rəhbərlik etdiyi idarədən öz əmlakı kimi istifadə edir. Arxası olmayan bir şəxs heç vaxt bu cür qanunsuzluqlara yol verməz.

Rayonda fəaliyyət göstərən təşkilat və müəssisələrin, o cümlədən büdcə təşkilatlarının rəhbərlərini təngə gətirib. İsmayıllı Rayon Maliyyə İdarəsinin çirkin əməlləri artıq rayonda hamını bezdirib. Radim Müslümovun İsmayıllı rayonunda bir neçə dükanının olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, idarə rəisinin paytaxtın mərkəzində bir neçə mənzili də var. Bu şəxs özünü elə aparır ki, sanki idarənin yox, rayonun rəhbəridir. Hətta icra başçısının da bu şəxsdən çəkindiyi deyilir. İcra başçısı Radim Müslümova güldən ağır söz deyə bilmir. Bir sözlə, rayonda Müslümovun icazəsi olmadan bir quş da uça bilməz. Rayonda fəaliyyət göstərən təşkilatlar, qurum və idarələr rəisin əməllərindən təngə gəliblər. Çünki İsmayıllı Rayon Maliyyə İdarəsinin taprışığı ilə büdcədən maliyyələşən yerli təşkilatların hər biri il ərzində bir neçə dəfə Radim Müslümovun şərtləriylə razılaşmalıdırlar. Əks təqdirdə idarə rəisinin qəzəbinə tuş gələ bilərlər.

Bizə verilən məlumata görə, İsmayıllıdakı təhsil ocaqlarının və bir sıra obyektlərin təmir işləri zamanı külli miqdarda dövlət vəsaiti havaya sovrulub. İsmayıllı Rayon Maliyyə İdarəsi isə bu işdə biganəlik nümayiş etdirir. Əldə etdiyimiz məlumata görə idarə rəisi məktəblərə yeni inventarların alınması zamanı yeyintiyə məruz qalan vəsaitlərin taleyilə maraqlanmır. Sanki bu işlər idarənin səlahiyyətlərinə daxil deyil. Bu şəxsin fəaliyyəti ölkənin maliyyə sahəsində qazanılan uğurlara kölgə salır. Ona görə də Radim Müslümovun fəaliyyəti nəzərdən keçirilsə, yaxşı olar.
\\ gundelik-baku.com \\
Geri qayıt