Əsas Səhifə > Ölkə, Manşet > Nazir demişdi ki, ona korrupsiya ünvanlarını tanıdaq...

Nazir demişdi ki, ona korrupsiya ünvanlarını tanıdaq...


8-05-2015, 12:14
Nazir demişdi ki, ona korrupsiya ünvanlarını tanıdaq...
Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqovun bu sahəyə ayrılan büdcə vəsaitlərini talamaqla yanaşı, həm də fürsət düşdükcə dövlət səviyyəli tədbirləri də özünün qazanc mənbəyinə çevirmək bacarığı artıq hamıya məlumdur. Qəzetimizin ötən saylarında biz dəfələrlə bu məmurun öz işində yol verdiyi ciddi nöqsanlardan bəhs edən tənqidi materiallar dərc etmişik. Həmin materiallarda bildirilirdi ki, Tofiq Sadıqovun yol verdiyi qanun pozuntuları yerli ictimaiyyətin, xüsusən də pedaqoji heyətin narazılıqlarını son həddə çatdırıb. Kütləvi informasiya vasitələri tərəfindən fəaliyyəti, şəxsi və peşəkar keyfiyyətləri mütəmadi olaraq obyektiv tənqidə məruz qoyulan Beyləqan RTŞ-nin müdiri, redaksiyamıza daxil olan məlumatlarda da rüşvətxorluq, mənimsəmə və digər korrupsiya hallarında ittiham olunur. Lakin bütün bu ifşaedici ittihamlara baxmayaraq Tofiq Sadıqov hələ də öz qanunsuz əməllərinə davam etməkdədir. Bir müddət əvvəl aldığımız məlumatda qeyd olunmuşdu ki, Tofiq Sadıqov hətta Maliyyə nazirinin göstərişi ilə bu yaxınlarda Beyləqanda aparılmış yoxlamadan da öz qazancı üçün yararlana bilib. Belə ki, mənbənin iddiasına görə Maliyyə Nazirliyinin yoxlamalarını “yola salmaq” üçün RTŞ müdiri hər müəllimdən 10, texniki işçilərdən isə 5 manat toplanmasına dair göstəriş verib. Məlumat üçün qeyd edək ki, hazırda Beyləqanın təhsil müəssisələrində 1982 nəfər müəllim, təxminən 300 texniki işçi çalışır. Bu isə yığılan pulun ümumi məbləğinin 20 min manatdan çox olduğunu deməyə imkan verir. Lakin hətta bu maxinasiya da sonradan Tofiq Sadıqov tərəfindən həyata keçirilmiş “ilin müəllimi” əməliyyatının kölgəsində qalmışdı. Belə ki, artıq xəbər verildiyi kimi bir müddət əvvəl Tofiq Sadıqov tərəfindən Azərbaycan Müəllimlər İnistitutun Zaqatala filialından Abbasov Elvin Sevindik oğlunun adına saxta diplom (seriya nömrəsi: 084264, qeydiyyat nömrəsi: 03425) alınmışdır. Bundan sonra isə Elvin Abbasov Prezident İlham Əliyevin 17 dekabr 2014-cü ildə imzaladığı sərəncama əsasən keçirilmiş 2013/2014-cü tədris ilində “Ən yaxşı müəllim” müsabiqəsinə qatılmışdı. Aldığımız məlumatda ən çox diqqəti çəkən məlumat isə bu oldu ki, Elvin Abbasov yenə də Tofiq Sadıqovun və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin dəstəyi ilə həmin müsabiqənin qalibi də olub. Belə çıxır ki, Tofiq Sadıqovun bu dəfəki maxinasiyası sayəsində artıq birbaşa dövlət başçısının təşəbbüsü ilə keçirilən müsabiqənin nəticələri saxtalaşdırılmışdır. Bu müdhiş maxinasiyanın təfsilatları açıqlanan yazının dərcindən sonra əldə etdiyimiz məlumatda isə Elvin Abbasovun 12 Fevral 2015-ci il tarixində ərizə yazaraq işdən çıxdığı bildirilirdi. Əldə etdiyimiz digər bir məlumata görə, Tofiq Sadıqov Elvin Abbasovdan saxta diplomun düzəldilməsi üçün 8 min manat məbləğində pul alıb. Daha sonra həmin diplomun qanuniliyini təmin etmək üçün ölkənin birinci şəxsinə saxta təqdimat verərək “ən yaxşı müəllim” adının alınması üçün Elvin Abbasovdan 6 min manat əlavə rüşvət alıb. Onun Beyləqan rayon 6 saylı orta məktəbinə tarix müəlllimi vəzifəsinə düzəldilməsi üçün isə daha 3 min manat pul alınıb.Prezidentin sərəncamı ilə “ən yaxşı müəllim” adına layiq görülən müəllimlərə verilən 5 min manat məbləğində birdəfəlik mükafat da təbii ki, Elvin Abbasova çatmayıb. Qəribədir ki, hətta bu misli görünməmiş maxinasiya da Tofiq Sadıqovun cəzalandırılması üçün yetərli əsas hesab olunmadı. Beyləqan RTŞ-nin müdiri isə bu vəziyyətdən daha da ürəklənərək yeni özbaşınalıqlara qol qoymaqda davam edir. Yeni aldığımız məlumata görə hazırda Beyləqan məktəblərində I Avropa Oyunlarının keçirilməsinə “dəstək vermək” devizi altında növbəti pul yığımlarına start verilib...
\\ bizimdovr.az \\
Geri qayıt