Əsas Səhifə > Ölkə, Güney Press, Manşet, foto > Heydər Əsədov aqrar sektor üzərində tam hakimiyyətini qurur

Heydər Əsədov aqrar sektor üzərində tam hakimiyyətini qurur


1-04-2015, 12:27
Heydər Əsədov aqrar sektor üzərində tam hakimiyyətini qurur
DİA.AZ: - Az əvvəl ilginc bir məlumat yayıldı. Xəbərdə deyilirdi ki, Azərbaycanda rayon icra hakimiyyətlərində daha bir struktur islahatı həyata keçirilib. Yayılan məlumata görə, aprelin 1-dən etibarən rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavini ştatı ləğv edilib. Buna səbəb isə rayonlarda kənd təsərrüfatı idarələrinin yaradılmasıdır. İcra başçılarının aqrar məsələlər üzrə müavinləri çalışdıqları rayonlarda kənd təsərrüfatı və torpaqla bağlı məsələləri koordinasiya edirdi.

Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz icra hakimiyyətləri faktı təsdiq edib.

O da bildirilib ki, İH-nin aqrar məsələlər şöbəsi də ləğv edilib. Həmin şöbədə çalışan əməkdaşlar İH-nin iqtisadiyyat şöbəsində işlə təmin olunacaq.

DİA.AZ bildirir ki, əslində icra hakimiyyətlərində rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavini ştatının ləğvi səbəbsiz deyil. Bununla bağlı redaksiyamıza maraqlı informasiyalar daxil olub. Əldə etdiyimiz xəbərlərə keçməzdən öncə son bir rəsmi məlumatı da təqdim edək.

“Bu günlərdə Azərbaycanın 60 yaxın rayonunda kənd təsərrüfatı idarələri fəaliyyətə başlayacaq”.

Qeyd edək ki, bunu da mətbuata açıqlamasında az əvvəl Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

M. Hacıyevin sözlərinə görə, rayonlarda artıq təsərrüfat idarələrinin inzibati binalarının tikintisi yekunlaşmaq üzrədir: "Hal-hazırda 56 rayonda inzibati binaların tikintisi gedir, orada tikinti yekunlaşandan sonra artıq ştat müəyyənləşəcək. Bundan sonra isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada (dövlət qulluğu hesab olunduğuna görə - red.) vakansiya elan edilib, kadrlar işə götürüləcək".

Qeyd edək ki, kənd təsərrüfatı idarələri fermerlərə xidmət, subsidiyaların verilməsinin təkmilləşdirilməsi kimi məsələlərin həllinə köməklik göstərəcək.

Hər halda bu iki informasiya arasındakı rabitə aşkar şəkildə seziləndir. Elə DİA.AZ-a danışan mənbə də qeyd olunanları təsdiqləyir və əlavə edir ki, əslində rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavini ştatının lğvi sırf olaraq aqrar sektorun yerli icra orqanlarının nəzarətindən çıxarıb KTN-yə tam şəkildə bağlanmasına xidmət edir. Bu həm də sözügedən sektora büdcədən ayrılan dövlət vəsaitinin xərclənməsində də icra hakimiyyətilərinin iştirakını istisna edir.

Bir sözlə, KTN şefi Heydər Əsədov aqrar sahədə tam hakimiyyətini qurması üçün çox ciddi bir addımı atmağa müvəffəq olub.

Geri qayıt