Əsas Səhifə > Ölkə, Manşet > Binəqədinin icra başçısı əməlli-başlı imperiya qurub

Binəqədinin icra başçısı əməlli-başlı imperiya qurub


7-07-2014, 12:09
Binəqədinin icra başçısı əməlli-başlı imperiya qurub
Redaksiyamıza yeni təqdim olunmuş şikayət ərizəsində, narazı vətəndaş Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşlarını rüşvət almaqda ittiham edir. Daha dəqiq desək, ərizədə təsvir olunan üslub, vətəndaşdan pulun hətta rüşvət kimi də deyil, daha çox şantaj edtməklə alındığını söyləməyə əsas verir. Lakin yaxşı olar ki, baş verənlərin mahiyyəti ilə vətəndaşın bilavasitə imzaladığı ərizədən tanış olaq. Beləliklə, Binəqədi rayonu Biləcəri şossesi, Y.Hüseynov döngəsi ev 21 ünvanında yaşayan Azər Əliyev öz ərizəsində bildirir ki, o, bir müddət bundan əvvəl hazırda yaşadığı evin yanındakı sahədə iki mərtəbəli yeni evin tikintisinə başlayıb. Bir müddət sonra Binəqədi RİH-nin əməkdaşları əraziyə gələrək inşaat işlərini dayandırıblar və yalnız 18000 (on səkkiz min) manat aldıqdan sonra tikintinin davam etdirilməsinə icazə veriblər.Bu hadisədən təxminən bir ay sonra RİH əməkdaşları yenidən Azər Əliyevin yeni tikilən evinə “baş çəkiblər”. Bu zaman artıq evin ikinci mərtəbəsi də tikilib qurtarmaq üzrə idi. Bu dəfə də işləri dayandıran əməkdaşlar yenidən pul tələbi irəli sürürlər. İndi Azər Əliyevdən 10000 (on min) manat tələb olunur və alınır. Tərəflər yenə də “sülhlə” ayrılırlar. Aradan yenə də bir ay keçir. Bu dəfə Azər Əliyevin qapısına artıq Binəqədi RİH-nin qəsəbə nümayəndəliyində işləyən Orxan adlı cavan bir əməkdaş gəlir. Qətiyyətini nümayiş etdirmək istəyən Orxan danışığa başlamadan, birbaşa evin hasarını sökdürür. Yalnız bundan sonra ev sahibinə yeni pul tələbi irəli sürülür. Orxan deyir ki, Ədalət müəllim yenə pul istəyir. Məlumat üçün deyək ki, Orxanın istinad etdiyi Ədalət müəllim Binəqədi RİH başçısı Aparatının rayon təsərrüfatı şöbəsinin müdiri Ədalət Rəcəbovdur. Bundan sonra artıq növbəti “ödəniş” üçün maddi imkanı olmayan Azər Əliyev yuxarı instansiyalara şikayət etmək qərarına gəlir. Qəzetimiz vasitəsilə ölkə rəhbərliyinə və Baş prokurorluğa müraciət edən şikayətçi öz ərizəsini bu sözlərlə bitirir:

Binəqədinin icra başçısı əməlli-başlı imperiya qurub

“Baş verənlərlə bağlı mənə köməklik göstərməyinizi xahiş edirəm. Binəqədi RİH-nin əməkdaşları məndən dələduzluq yolu ilə və hədə-qorxu gəlməklə külli miqdarda pul alıblar. Xahiş edirəm ki, mənim şikayətim əsasında araşdırma aparılsın və günahkarlar müəyyənləşdirilərək cəzalandırılsınlar.”Qeyd etmək lazımdır ki, redaksiyamıza bundan əvvəl də daxil olmuş şikayət məktublarında Ədalət Rəcəbovun adı dəfələrlə müxtəlif maxinasiya və korrupsiya hallarının törədilməsi ilə bağlı hallandırılıb. Bəzi mənbələrin idiasına görə isə məhz bu məmur rayonda özünü Binəqədi RİH-nin başçısı Xaləddin İsgəndərovun “pul yığanı” kimi tanıdıb. Bu arada isə ölkə mətbuatında Binəqədi RİH-nin fəaliyyətində yer almış çoxsaylı neqativ hallara dair çeşidli materiallar dəc olunmaqdadır. Məlumatlarda qeyd olunur ki, Vergilər naziri Fazil Məmmədovun kürəkəni olan və başçı vəzifəsinə da məhz onun xeyir-duası ilə təyinat alan Xaləddin İsgəndərov və onun komandası tərəfindən Binəqədi rayonu sanki özəlləşdirilərək, əsil kommersiya obyektinə çevrilib. Əvvəllər vergi sistemində çalışdığı üçün X.İsgəndərov rayonda özünəməxsus “vergi şəbəkəsi” formalaşdırmaqla istər dövlət müəssisələrində, istərsə də özəl sektorda şəxsi qanunlarını tətbiq etməyi bacarmışdır. Rayonda abadlıq-quruculuq işlərinin aparılması üçün büdcədən külli miqdarda vəsaitin ayrılmasına baxmayaraq, görülmüş kosmetik xarakterli işlər yerli sahibkarlardan, idarə və müəssisələrdən qanunsuz olaraq toplanmış vəsait hesabına aparılır. Buna görə də rayon ərazisində fəaliyyət göstərən sahibkarların vəziyyəti dözülməz həddə çatmışdır.

DİA.AZ bildirir ki, əslində bu kimi faktlara Binəqədi RİH başçısı Xaləddin İsgəndərovun "imperiyasında" tez-tez rast gəlmək olar. Bəli adam özünə faktiki olaraq bir imperiya qurub və bu imperiyada ancaq onun qanunları işləyir...

Geri qayıt