Əsas Səhifə > Ölkə, Manşet > Milli Elmlər Akademiyasında "ixtisar üsyanı" qopa bilər

Milli Elmlər Akademiyasında "ixtisar üsyanı" qopa bilər


3-07-2014, 11:46
Milli Elmlər Akademiyasında "ixtisar üsyanı" qopa bilər
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi işçilərin sayı 2-3 min nəfər azaldıla bilər. Belə ki, "AMEA-nın 2020-ci ilə qədər İnkişaf Konsepsiyası"nda qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası üçün kadr potensialı məsələsi ən kəskin problemlərdən biri olaraq qalır.
Bu problemin həlli yollarından biri AMEA-da elmi işçilərin sayının (təxminən 2-3 min nəfər) əsaslı şəkildə azaldılmasıdır. Onların əvəzinə isə xüsusi şərtlər daxilində xaricdən alimlərin cəlb olunması (hər şeydən əvvəl Azərbaycan elmi diasporunun nümayəndələrini), fəaliyyəti xarici reytinqli elmi dərgilərdə nəşr olunma, müxtəlif qrant müsabiqələrində aktivliyi və beynəlxalq elmi yığıncaqlarda iştirakının yüksək göstəriciləri ilə xarakterizə edilən əməkdaşlar elmdə saxlanılmalıdır.
Səmərəli əmək fəaliyyətini stimullaşdırmaq üçün AMEA-da müddətli əmək müqaviləsi əsasında işləyənlərin sayının tədricən artırılması vacibdir. Yeni vakansiyalara müsabiqələr beş il müddətinə əmək müqaviləsinin bağlanmasının göstərilməsi şərti ilə keçirilməlidir. Nəticədə müddətsiz əmək müqavilələrinin bağlanması yalnız akademiyanın yüksək beynəlxalq reytinqli elmi işçilərinə aid olmalıdır. Bununla yanaşı, elmi işin keyfiyyətini yüksəltmək, rəqabət mühitini yaratmaq və mobilliyi artırmaq lazımdır. Bu səbəbdən xüsusilə gənclər arasında gənc mütəxəssislərin fəaliyyətinin stimullaşdırılmasının şərtlərini əks etdirən müqavilələrin bağlanılması məqsədəuyğundur.
Konsepsiyada qeyd olunub ki, AMEA əməkdaşlarının mənzil probleminin həlli məqsədilə tədbirlər planı hazırlanmalıdır. Alimlər üçün müəssisə və ipoteka mənzili tikintisi proqramını daha geniş və qəti şəkildə həyata keçirmək, fərdi ev və yataqxanaların tikintisini genişləndirmək, gənc və dəvət olunmuş mütəxəssislərin mənzil kirayəsi haqqının bir hissəsinin kompensasiya edilməsi üçün vəsait ayrılması həllini gözləyən məsələlərdəndir. Bundan əlavə, AMEA-da mənzil statusunun, mənzil sertifikatının, sosial ipotekanın işlənilməsi və təkmilləşdirilməsi zəruridir. Azad Həmkarlar İttifaqı ilə birgə sosial obyektlərin - alimlər evi, sanatoriya, pansionat, poliklinika və s. obyektlərin akademik şəbəkəsini yaratmaq, ilk növbədə istedadlı, yaradıcı gənclərin peşəkar inkişafına imkan yaradan əlavə maddi resursların axtarışının həyata keçirilməsi vacibdir.
Milli Elmlər Akademiyasında işçilərin sayının 2-3 min nəfər azaldılacağı xəbəri AMEA əməkdaşları arasında şok effekti yaradıb. Uzun illərdir onsuz da ağır maddi və sosial şərtlər altında çalışan AMEA işçiləri gözlənilən ixtisarları yeni rəhbərliklə bağlı xəyal qırıqlığı hesab edirlər.
Məsələ burasındadır ki, Akif Əlizadə AMEA prezidenti seçildikdən sonra Akademiya işçiləri müsbət istiqamətdə dəyişikliklərin olacağı gözləntisi içində idilər. Amma iş elə gətirib ki, Akademiyanın yeni prezidenti işə başlayandan bəri əməkdaşlar bir qayda olaraq xoş olmayan sürprizlərlə qarşılaşırlar.
Belə ki, hələ bu ilin yanvar ayında Azərbaycan Milli Elmlər Akademiyasında işə davamiyyəti artırmaq və işçilərin işdən yayınma hallarının qarşısını almaq məqsədilə kart sisteminə ("turniket") keçilməsi etirazlara səbəb olmuşdu. Həmin vaxt KİV yazırdı ki, AMEA institutlarının girişində qoyulan "turniket"lər iş intizamını və keyfiyyətini artırmaq üçün nəzərdə tutulub. Lakin ötən ilin noyabrın 19-dan start verilən yenilik - kart sisteminə keçiddən sonra AMEA strukturunda çalışan elmi işçilərin narazılığına səbəb olub. Alimlər bildirirlər ki, "turniket"ə keçiləndən sonra hər gün 2-3 dəfə AMEA institutlarında çalışanların yerində olub-olmadığını yoxlayırlar. "Əvvəllər elmi işçilərə həftənin çərşənbə və cümə axşamları "yaradıcılıq günü" kimi verilirdisə, kart sisteminə keçiddən sonra bu da aradan qaldırılıb. Yəni, yaradıcılıq günlərində kadrlar işə gəlməkdə sərbəst idilər, kitabxanaya gedir, elmi yaradıcılqla məşğul olurdular. Bu ənənənin aradan qaldırılması da narazılığa səbəb olub. Bundan əlavə, AMEA-dan bildirlib ki, "turniket"ə keçiləndən sonra qaydalara əsasən, işə az gələnlərin maaşlarından müəyyən məbləğ tutulur. Aşağı maaş alan və bu səbəbdən 2-3 yerdə işləməyə məcbur olan Akademiya işçiləri arasında yeni qaydaların ciddi narazılıq doğurduğu vurğulanır. Çünki az maaşla yüksək intizam tələb olunan yerdə işçilərin axşama qədər akademiyada qalması onlara sərf etmir. Məsələn, fəlsəfə doktoru olan böyük elmi işçi ayda 254 manat, elmi dərəcəsi omayanlar 150-170 manat məvacib alırlar" - həmin vaxt yayılan xəbərlərdə bildirilirdi.
İndi isə ümumiyyətlə, AMEA-da ixtisarların ola biləcəyi yönündə iddiaların ciddiləşməsi daha sərt narazılıqlara yol aça bilər. Akademiya işçilərinin 2-3 min nəfər azaldılması kimi olduqca geniş ixtisar dalğasının hansı şəkildə etirazlar doğuracağını zaman göstərəcək.

Geri qayıt