Əsas Səhifə > Ölkə, Manşet > «AMAY» MMC-nin sahibi Abdulla Abdullayev nədən həbsə atıldı?

«AMAY» MMC-nin sahibi Abdulla Abdullayev nədən həbsə atıldı?


4-06-2014, 11:55
«AMAY» MMC-nin sahibi Abdulla Abdullayev nədən həbsə atıldı?
DİA.AZ: - Bir neçə gün əvvəl tanınmış iş adamı, «AMAY» Ticarət Mərkəzinin sahibi Abdulla Abdullayevin barəsində çıxarılmış həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə verilən vəsatətin təmin olunmamasından verilən şikayətə baxılsa da, iş adamı yenə də məhkəmədən istədiyi cavabı ala bilmədi. Amma DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Abdulla Abdullayevlə hakimiyyətin xüsusi elçiləri arasında danışıqlar getdiyindən və hələ bir nəticəyə varılmadığından Binəqədi Rayon Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Xatırladaq ki, Abdulla Abdullayev aprelin 4-də həbs edilib. Baş Prokurorluğun rəsmi məlumatına görə, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib. Ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb, haqqında həbs qətimkan tədbiri seçilib.

DİA.AZ-a daxil olan məlumata görə, həbsinə qədər Abdulla Abdullayevə sahibi olduğu MMC-nin binasını satması təklif olunub və bunun qarşılığında ona 4 milyon manat da təklif olunub. Mənbənin söylədikləri: «AMAY şefinin diqqətinə çatdırılıb ki, həmin vəsaitin 3 milyon 397 min manat borcu olaraq çıxılır və 613 min manat ona çatır. Bunun qarşılığında isə binadan imtina edir».

Mənbə dia-az.life-a bildirir ki, bununla razılaşmayan Abdulla Abdullayev borcla bağlı iddiaları rədd edir ki, nəhayətdə vəziyyət Abdulla Abdullayevin həbsinə qədər inkişaf edir. Məlumata görə, hələ də AMAY şefi ilə danışıqlar aparılır və ona azadlığının yeganə yolu kimi əvəlindən təklif olunan şərtləri qəbul etməsi ön görülüb.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq…

Geri qayıt