Əsas Səhifə > Ölkə, Manşet > Oğuz icra hakimiyyəti başçısı meşələrin hesabına necə qazanc əldə edir?

Oğuz icra hakimiyyəti başçısı meşələrin hesabına necə qazanc əldə edir?


29-05-2014, 12:09
Oğuz icra hakimiyyəti başçısı meşələrin hesabına necə qazanc əldə edir?
Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanovun imza atdığı qeyri-qanuni işlər rayonda etirazların yaranmasına səbəb olub. Bu barədə xəbəri verən mənbə deyir ki, 2011-ci ilin 20 aprelində prezidentin sərəncamı ilə rayona icra başçısı təyin olunan Eyvaz Qurbanovun üç illik fəaliyyəti ciddi fəsadlarla yadda qalıb: «İcra başçısı yalnız özünü və yaxın qohumlarını fikirləşir. Əslən Bucaq kəndindən olan başçı əhalini narahat edən məsələlərin yoluna qoyulması üçün cəhd göstərmir. Sakinlər onun qəbuluna düşə bilmirlər. İcra başçısının qəbul günü olsa da, camaatı qəbul etmir. Yerli əhali Eyvaz müəllimi görəndə sevinir. Bu adam sanki vətəndaşlardan qaçır. Cənab prezident bölgələrə səfər edəndə vətəndaşlarla səmimi görüşlər keçirir. Amma icra başçısı özünü çox yüksəkdən aparır. Rayonun abadlaşması üçün heç bir iş görməyib. Calut yolunun üstündə 3 hektar ərazini qanunsuz olaraq satıb.

Oğuzun mərkəzində ikimərtəbəli böyük ticarət mərkəzi tikdirir. Hazırda obyektdə təmir işləri gedir. Tikintiyə nəzarəti başçının yaxın qohumları edir. Məmurun rayonda nə qədər torpağı və obyektləri varsa, hamısı qohumlarının adınadır. Oğuzda bir qarış da boş torpaq qoymayıb. Hamısını qohumlarının adına özəlləşdirib. 5 hektar torpaq sahəsinin bir sotunu 5-6 min manatdan satıb». Mənbə vurğulayır ki, prezident 2012-ci ildə Xalxal yolunun əsaslı şəkildə təmir edilməsi məqsədilə dövlət büdcəsindən Oğuz Rayon İcra Hakimiyyətinə 4,5 milyon manat vəsaitin ayrılması haqda sərəncam imzalayıb: «Bu pulun müqabilində keyfiyyətli iş görülməyib. Aidiyyəti dövlət məmurları gəlib baxsalar görərlər ki, 4,5 milyon manatla yol tikməyiblər, sadəcə cığır açıblar. Büdcənin pullarını mənimsəyiblər. İcra başçısı Satınalmalar üzrə Dövlət Agentliyinin razılığı olmadan həmin yolun çəkilişini öz adamlarına çəkdirib. Bu səbəbdən də yol bərbad haldadır. Amma bunu araşdıran yoxdur. Eyvaz Qurbanov rayonun meşələrinə sanki qənim kəsilib. Gün ərzində Oğuz meşələrindən ən azı 20 «Kamaz» odun daşıyırlar. Bir «Kamaz» odunun qiyməti 600 manatdır». Mövzu ətrafında apardığımız qısa araşdırmalar nəticəsində məlum oldu ki, rayonun daxili yollarına ayrılmış 742 min manat vəsait təyinatı üzrə xərclənməyib. Türkiyənin «Polat Yol Yapı Sanayi ve Ticaret" Açıq Şirkətinə həvalə olunmuş işlər lazımi səviyyədə həyata keçirilməyib: «Elə bunun nəticəsidir ki, yağan yağışlardan sonra yollarda çatlarla yanaşı, çuxurlar da əmələ gəlməyə başlayıb. Rayonda abadlıq və təmir işlərinin həyata keçirilməsi üçün ayrılmış 967 min manat da elə yol çəkilişlərindəki kimi xərclənib. "Uğan" MMC tərəfindən həyata keçirilən işlərin böyük qismi keyfiyyətsizdir.

Bu işlər üçün ayrılmış vəsaitlərin bir qismi məhz icra başçısı Eyvaz Qurbanov tərəfindən şəxsi məqsədlərə sərf olunub. Başçı həmin vəsaitlər hesabına Oğuzun kəndlərindən birində 3 mərtəbəli villa tikdirib. "Rövşən Oğuz Qrup" MMC tərəfindən inşa edilən bayraq meydanı artıq bir dəfə sökülərək yenidən qurulub. Bu məqsədlər üçün ayrılan 289 min manat elə bil qeybə çəkilib. Yuxarı instansiyalar bu məsələləri ciddi şəkildə araşdırmalıdır». \\ gundelik-bakı \\

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.

Geri qayıt