Əsas Səhifə > Ölkə, Manşet > Fətullah Güləndən xeyir əvəzinə ziyan görən daha bir məmur

Fətullah Güləndən xeyir əvəzinə ziyan görən daha bir məmur


21-05-2014, 11:26
Fətullah Güləndən xeyir əvəzinə ziyan görən daha bir məmur
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov yaxın günlərdə işdən çıxarılacaq. Onun yerini isə spiker Oqtay Əsədovun yaxın qohumlarından biri tutacaq. Bu barədə redaksiyamıza hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbə bildirir ki, Qorxmaz Hüseynovla bağlı qərarın verilməsinə səbəb “Azərsu” şefinin son dövrlər buraxdığı bir sıra səhvlər, iri yeyinti məsələlərində adının qabarıq şəkildə hallanması, habelə nurçularla bağlı şirkətlərlə geniş əlaqələr qurması olub.
Mənbənin sözlərinə görə, ASC rəhbərinin xüsusən də pullarını xaricə çıxarmaq cəhdi də yuxarı dairələrin diqqətindən qaçmayıb. “Avisa” sistemi ilə pullarını ölkədən çıxaran Hüseynovun bu hərəkətlərinin üstü açılıb. İcazəsiz milyonlarla vəsaiti başqa bir ölkəyə transfer cəhdlərinin bədəlini ödəyəcək.
Mənbə bildirir ki, Qorxmaz Hüseynovu əvəzləyəcək spikerin qohumunun adı hələlik açıqlanmır. Amma onun bu sahəyə naşı olmadığı barədə məlumatlar var.

“Azərsu” uzun müddət Milli Məclisin sədri Oqtay Əsədovun nəzarətində olub (spiker 2005-ci ilə qədər ASC-yə başçılıq edib). O spiker seçildikdən onu bu postda yaxın qohumu Nizaməddin Rzayev əvəzləyib. 2011-ci ilə qədər “Azərsu” spikerin obyekti kimi tanınıb. 2011-ci ilin fevralında ASC-nin idarə heyətinin sədri, “spikerin adamı” Nizaməddin Rzayev işdən çıxarıldı. Onun yerinə ARDNŞ-in vitse-prezidenti, Bəylər Əyyubovun kadrı sayılan Q.Hüseynov təyin edildi. Görünür, spiker yenidən “Azərsu”yu ələ keçirmək iddiasını ortaya qoyub.

Q.Hüseynovun nurçularla əlaqələrinə gəldikdə isə, bu barədə mediada məlumatlar dərc edilib. Gunxeber.com bununla bağlı araşdırma aparıb və maraqlı faktlar ortaya çıxıb. Q.Hüseynov Gülən camaatının Bakıdakı təmsilçiləri ilə böyük biznes qurub. “Azərsu” ASC-nin sifarişlərinin əksəriyyətinin Gülən camaatına məxsus olduğu iddia edilən “Hidro-Lotus” MMC gerçəkləşdirir. ASC-nin sifarişi ilə MMC ölkə üzrə su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı layihələri həyata keçirir. MMC ASC-nin bir neçə yüz milyonluq layihələrinə sahib çıxıb. MMC-nin başında Bülənd adlı kürd mənşəli Türkiyə vətəndaşı durur. MMC-nin onlarla podratçıya çatacaq pulu mənimsəməsi barədə məlumatlar var.

MMC-nin saytında müəssisənin 26 iyul 2011-ci ildə dövlət qeydiyyatından keçdiyi bildirilir (BURADAN BAX). Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 29-da (məşhur Şəki restoranının arxasında) yerləşən “Hidro-Lotus” MMC Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli sərəncamına müvafiq olaraq “Azərsu” ASC ilə Bakı və ölkənin müxtəlif rayonlarında təmiz və çirkab su stansiyalarının inşaatı, su boru şəbəkələrinin yenidən qurulması sahəsində müxtəlif müqavilələr imzalayıb. Elə bu məlumatlarda da nəhəng korrupsiya ocağının anonsu verilir – Nazirlər Kabinetin sərəncamından cəmi 11 gün sonra yaradılan MMC dəyəri yüz milyonlarla ölçülən layihələrə cəlb edilib. Bu tender qanunvericiliyinin açıq aşkar pozulması deməkdir.

Fətullah Güləndən xeyir əvəzinə ziyan görən daha bir məmur

Nazirlər Kabinetinin sərəncamı ilə “Azərsu”ya icazə verilib ki, “müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilən layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlasın.

“Azərsu” ASC isə hətta bu qanunsuz sərəncama da axıra qədər məhəl qoymayıb. Bu sərəncamdan cəmi 11 gün sonra yaradılan “Hidro-Lotus” MMC ilə bir neçə yüz milyonluq müqavilə imzalayıb. “Hidro-Lotus” MMC-nin 70 faizi “Hidro-İnşaat Servis”ə, 30 faizi isə Türkiyənin “Lotus Müteahhitlik Planlama İnşaat Mühendislik Enerji Madencilik Ve Taşimacilik Anonim Şirkəti”nə (qısaca “Lotus”) məxsusdur. “Hidro-İnşaat Servis” MMC-də 2011-ci ildə qeydiyyatdan keçib. Onun təsisçisi “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğludur. Bu MMC 2011-ci ilin aprelin 15-də qeydiyyatdan keçib və cəmi bir neçə ay sonra “Azərsu”nun layihələrinə cəlb olunub. Ardınca da Türkiyə şirkəti ilə “Hidro-Lotus” MMC-ni təsis edərək ASC-nin nəhəng layihələrinə cəlb edilib.

Qorxmaz Hüseynov ASC-nin rəhbəri təyin olunduqdan sonra (14 fevral 2011-ci il) müəssisəyə dövlət sərmayələri kəskin çoxalıb. Məsələn, 2011-ci ildə ASC-yə 198 milyon manat investisiya yatırılmışdırsa, 2012-ci ildə bu məbləğ 2 dəfədən çox artaraq 580 milyona, 2013-cü ildə 734 milyon manata, 2014-cü ildə isə 394 milyon manata çatıb. Yəni Q.Hüseynovun dönəmində ASC-yə 1 milyard 708 milyon manat (2,2 milyard dollar) yatırım qoyulub. Görünür, bir elə etimadın fonunda Q.Hüseynovun “səhvə” yol verməsi və Gülən camaatı ilə biznes əlaqələri onun hədəfə alınmasına səbəb olub.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

GUNXEBER.COM

Geri qayıt