Əsas Səhifə > Ölkə, Manşet > Əsgər atasından şok ittiham - “Oğlumu daxili orqanlarını satmaq üçün qətlə yetiriblər”

Əsgər atasından şok ittiham - “Oğlumu daxili orqanlarını satmaq üçün qətlə yetiriblər”


20-05-2014, 14:41
Əsgər atasından şok ittiham - “Oğlumu daxili orqanlarını satmaq üçün qətlə yetiriblər”
Keçən ilin dekabrında qətlə yetirilən əsgər Orxan Alıyevin atası Şiralı Alıyev çərşənbə axşamı növbəti mətbuat konfransı keçirib.

Bu hadisədə yenilik olan budur ki, bu il mayın əvvəlində Tərtər Rayon Hərbi Prokurorluğu cinayət işinə xitam verib. Bu haqda Alıyevlər ailəsinə telefon vasitəsilə hərbi prokurorun müavini Şəfaət İmranov bildirib. Amma cinayət işinə xitam verilməsi haqda rəsmi qərar ailəyə təqdim olunmayıb. Əslinə qalsa ailə belə bir qərarın olub-olmadığını dəqiq bilmir.

Cinayət işinin ədalətli aparılması ilə bağlı bütün instansiyalara müraciət olunsa da ailəyə hər hansı cavab verilməyib. “Bu insan həyatına, bu əsgər itkisinə laqeydliyin göstəricisidir”, - .Ş.Alıyev mövqeyini bildirib.

Əsgər O.Alıyev 2013-cü ilin yanvarında bir il yarımlıq hərbi xidmətə çağırılıb, Tərtərdə qulluq edib, 2013-cü il dekabrın 11-dən 12-nə keçən gecə dünyasını dəyişib.

Hərbi hissə, işin təhqiqatını aparan Hərbi Prokurorluq əsgər O.Alıyevin ürək çatışmazlığından vəfat etməsi üzərində israr edir.

Əsgərin ailəsi isə O.Alıyevin daxili orqanlarının satışı üçün qətlə yetirildiyini iddia edirlər. Ş.Alıyev qeyd edib ki, oğlu siqaretdən, içkidən uzaq, sağlam olub.

Daha sonra Ş.Alıyev qətldən sonra oğlunun dərhal morqa aparıldığını və daxili orqanlarının çıxarıldığını söyləyib. Hətta dekabr ayında hərbi hissədə əsgər və komandirlərə peyvənd olunduğu halda oğlu iki dəfə müraciət etsə də peyvənd olunmamasını bu qətlin təkib hissəsi adlandırıb. Ata buna görə hərbi hissənin komandiri Nəsib Ramazanovu təqsirkar sayıb. Cinayətin üstünün açılmamasını N.Ramazanovun “izləri” itirməsilə əlaqələndirib. Hadisədən sonra N.Ramazanovun korpus komandanının köməkçisi təyin olunmasını da bu “xidməti”nin nəticəsi kimi dəyərləndirib.

Xatırladaq ki, belə iddilarla validenlərin mətbuat konfransı keçirməsi ilk dəfə deyil. 2011-2013-cü illərdə azı 3 ailə bu məsələ ilə bağlı mətbuat konfransları keçiriblər. Diqqəti çəkən daha bir məqam bütün belə halların Bərdə korpusuna aid hərbi hissələrdə baş verməsidir. İndi xaricdə olan keçmiş hüquq müdafiəçisi Ələkbər Məmmədov bununla bağlı valideynlərin iştirakı ilə mətbuata dəfələrlə açıqlamalar vermişdi. Buna görə Nəsimi Rayon Məhkəməsində Ə.Məmmədova qarşı məhkəmə prosesi başlamışdı. Hüquq müdafiəçisi real həbsdən xilas olmaq üçün ölkəni tərk etdi.

Geri qayıt