Əsas Səhifə > Ölkə, Manşet > 46 günlük iş haqqını arayan azərbaycanlı işçiyə dövlətimiz kömək etmir

46 günlük iş haqqını arayan azərbaycanlı işçiyə dövlətimiz kömək etmir


12-05-2014, 11:35
46 günlük iş haqqını arayan azərbaycanlı işçiyə dövlətimiz kömək etmir
DİA.AZ: - 46 gün Türkiyədən olan sahibkara aid şirkətdə çalışan Hikmət Babayev indi sübut edə bilmir ki, o, həqiqətən də bu təşkilatda çalışıb. Bununla bağlı vətəndaş DİA.AZ-a şikayətlənib.

Hikmət kimdir? Babayev Hikmət Masallı rayonunun Musaküçə kəndində anadan olub. Ali təhsilli mühəndisdir. Bir müddət Rusiyadakı türk şirkətlərində ixtisası üzrə təhlükəsizlik mühəndisi işləyib. Sonra ailə vəziyyətilə bağlı doğma rayona qayıdıb. Uzun müddət işsiz olub. Həm də bir vətəndaş kimi fəal olub və bu ilin əvvəlində Masallıda keçirilən aclıq kampaniyasında, eləcə də digər etiraz aksiyalarında iştirak edib.

Hikmət Babyev bir sıra ünvanlara, o cümlədən redaksiyaya təqdim etdiyi məktubda yazır: “İşsizliklə əlaqədar 3 dəfə Masallı rayonunun sabiq icra başçısı Qəzənfər Agayevin qəbulunda oldum. O da mənə dedi ki, indi demokratiyadır. Hamı kimi get, gəz, özünə iş tap və nə qədər rüşvət istəsələr, gələrsən, mən sənə verərəm. İcra başçısının, çoxlu adamın içində məni ələ saldığını görüb qəbul otagından çıxdım və bir daha ora getmədim.

SADƏLÖVH İNSANLARIMIZI NECƏ ƏLƏ SALIRLAR

2012-ci ilin fevral ayında eşitdim ki, içməli su və kanalizasiya layihəsini həyata keçirmək üçün “ESER Taahhut ve Sanayi A.Ş” adlı bir Türkiyə inşaat firması Masallıda fəaliyyətə başlayıb. Firmaya gedib iş ücün müraciət etmək qərarına gəldim ve orada sahə rəisi, Türkiyə vətəndaşı Murat Daşanla görüşdüm. O, mənim telefon nömrəmi götürdü və söz verdi ki, bu barədə layihənin rəhbəri Bülent Torunla danışacaq, sonra mənə telefonla cavab verəcək. 26 fevral 2012- ci ildə Murat Daşan mənə telefon etdi və dedi ki, firmaya gəl, Bülent Torun səninlə görüşmək istəyir. Mən sevincək halda firmaya gəldim və Bülent bəylə görüşüb ona “CV” təqdim etdim. O, mənə dedi ki, Ankaradakı Baş ofisə (Holdinq rəhbərliyinə) məruzə edəcək və mənə cavab verəcək. 27 fevralda mənə telefon edib təbrik elədi ki, Ankaradan cavab gəldi və mən 28 fevraldan işə çıxa bilərəm. Mən və ailə üzvlərim çox sevindik və Allaha dualar etdik ki, nəhayət, mən iş tapdım!

Fevral ayının 28-də Firmada Texniki Təhlükəsizlik mühəndisi olaraq işə başladım. 20-21 mart Novruz bayramı xaric, bir gün belə işdən qalmadım.

Məlumat üçün bildirim ki, bu şirkətdə işə başladığımdan neçə vaxt keçməsinə baxmayaraq, həm mənimlə, həm də digər işçilərlə əmək müqaviləsi bağlanmır, digər sənədləşdirmələr aparılmırdı.

Nəhayət, təxminən mart ayının ortalarında Bakıdan gələn Rauf adlı kadrlar şöbəsinin rəisi hər kəs kimi mənim də sənədlərimi aldı və əmək müqaviləsinə doldurulmamış şəkildə imza etdirib Bakıya apardı. Surətini isə sonra gətirəcəyini söylədi.

Aprel ayının, səhv etmirəmsə, 9-da iş sahəsində kiçik bir hadisə oldu. Bir azərbaycanlı topoqrafçı, təxminən, dərinliyi 2 metrlik bir qazıntıda iş görərkən üstünə torpaq töküldü. Mən təcili onu maşına qoyub Masallı Rayon Mərkəzi Xəstəxanasına apardım. Həkim və rentgen müayinəsi edildikdə, məlum oldu ki, bu şəxs heç bir xəsarət almamışdır. Mən qanunauyğun şəkildə bu hadisəni aktlaşdırdım.

12 apreldə bu hadisə ilə əlaqədar, Masallı rayon 10 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin Müfəttişi Əhsən Əhədov Firmaya gələrək məndən izahat və aktın surətini aldı. Sonra bərabər gedib topoqrafçıdan da izahat aldıq. Əhsən mənə dedi ki, onun da kiçik qardaşı Rusiyadan yeni gəlib və işsizdir, mümkünsə, onun da qardaşını firmada işə düzəldim. Mən dedim ki, bu məsələni firma müdirləri ilə danış. Sonra onu firmanın maliyyə işlər müdiri Yılmaz Yazıçı və Bakıdan gəlmiş kadrlar şöbəsinin rəisi Raufla görüşdürdüm.

14 apreldə səhər işə gələn zaman, maliyyə işlər müdiri Yılmaz Yazıçı məni otağına çağırdı və bildirdi ki, sən bu gündən işdən azadsan. Mən müdir Bülent Toruna telefon edib səbəbini soruşdum. O da mənə bildirdi ki, sən ingilis dilini yaxşı bilmədiyin üçün Dünya Bankı sənin CV-ni təsdiq etmədi. (Baxmayaraq ki, oradakı türk mühəndislərin 90%-i ingilis dilini bilmir). 23 apreldə mənə işdən bir dostum zəng edib dedi ki, sənin yerinə Əmək Müfəttişi, həmin Əhsən Əhədovun kicik qardaşını işə qəbul etdilər. Mən 25 apreldə Masallı rayon 10 saylı Əmək Müfəttişliyinə ərizə ilə müraciət etdim və qanunsuz işdən çıxarılmağım barədə məlumat verdim. İdarənin müdiri Ərəstun Əbilovun qəbuluna girib, Əhsənin çirkin əməllərini və məni işdən çıxartdırıb qardaşını mənim yerimə verdirdiyini söylədim. Söz verdi ki, araşdıracaq. Mənim ərizəmlə bağlı firmaya başqa bir müfəttiş göndərdi və orada Yılmaz Yazıçıdan və kadrlar şöbəsinin işçisi Vurğun Talıbovdan izahat aldırdı ki, guya mən hec orada işləməmişəm. Mənə aid bütün sənədlər məhv edilmişdi.

Halbuki, həm Yılmazın, həm də Vurğunun məndən təhlükəsizlik təlimatı aldıqları barədə hal-hazırda məndə olan kitabda imzaları var. Mən orada işləməmişəmsə, 135 nəfər firma işçiləri necə olub ki, məndən təhlükəsizlik təlimatı alıb, kitabda imza etmişlər?

Mən orda işləməmişəmsə, niyə Əmək Müfəttişliyi məndən izahat alırdı, akt tərtib edirdi. Sonra bu sənədləri də itirdilər”.

Onu da bildirək ki, Hikmət Babayevə işlədiyi 45 gün üçün, qeyri-rəsmi olsa da, əvvəldən razılaşdırılmış məbləğ ödənilib. Hazırda Hikmət Babayev olayla bağlı Masallı məhkəməsinə müraciət də edib. Hazırlıq iclası da keçirilib. Bir məqam da maraqlıdır ki, Hikmət Babayevin işdən azad edildiyi gün Masallıda icra başçısının dəyişdirildiyi günə təsadüf edib.

Bildirək ki, narazı vətəndaş müxtəlif dövlət instansiyalarına müraciət edib. Həmin müraciətin DİA.AZ-a daxil olan nüsxəsində deyilir:

46 günlük iş haqqını arayan azərbaycanlı işçiyə dövlətimiz kömək etmir


Azərbaycan Respublikasının Ədliyyə naziri
F.Məmmədov cənablarına,
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru
Z.Qaralov cənablarına,
Surəti: Əmək və Əhalinin Sosial Müdafiəsi naziri
S.Müslümov cənablarına,
Surəti: Azərbaycan Respublikası Milli Məclisin sədri
O.Əsədov cənablarına,
Surəti: Azərbaycan Respublikası Sosial Müdafiə fondunun
sədri Elman Mehdiyev cənablarına,
Surəti: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin sədr
müavini Fuad Nəbiyev cənablarına,
Surəti: Mətbuat və kütləvi informasiya vasitələrinə


Bildirmək istəyirəm ki, 28 fevral 2012-ci il tarixdə Masallı rayonunda su və kanalizasiya işlərini görən “ESER Taahhud və Sanayi” AŞ adlı Turk şirkətinə iş üçün müraciət etmişəm və şirkət məni, aylıq maaşım 2000 ABŞ dolları olmaqla texniki təhlükəsizlik mühəndisi vəzifəsinə işə qəbul etmişdir. Şirkətdə 46 gün işlədikdən sonra, nəhayət 14 aprel 2012-ci ildə məni qeyri qanuni olaraq işdən azad edərək yerimə, Masallı rayonunda yerləşən 10 saylı Əmək Müfəttişliyinin Baş Əmək Müfəttişi Əhsən Əhədovun işsiz qardaşını işə götürmüşdür. Bununla əlaqədar Masallı rayon məhkəməsinə müraciət etdim və Masallı rayon məhkəməsinin 2-(050)-906/2012 saylı 23 avqust 2012-ci il tarixli qətnaməsi ilə işimə bərpa olundum. ( İşdən azad olunduğum gündən bərpa olunduğum günə qədər əmək haqqım odənilməklə).

Bu işlə əlaqədar cavabdeh tərəf Şirvan Apellyasiya məhkəməsinə və sonra da Ali məhkəməyə şikayət ünvanlasalar da heç bir məhkəmə prosesində şikayətləri təmin edilmədi. 30 may 2013 –cü ildən mülki iş icra olunmaq ücün Bakı şəhər Xətai rayon məhkəməsinin icra şöbəsindədir. Cavabdeh tərəf olan “ESER Taahhud və Sanayi” AŞ –nin AR Filialı ölkə müdiri Anar Məmmədov müxtəlif bəhanələrlə içradan yayınirdi. Bu işlə əlaqədar müxtəlif vaxtlarda Ədliyyə nazirliyi icra rəisi Xanlar Zeynalovun və Ədliyyə nazirinin müavini Vilayət Zahirovun gəbulunda olsam da iş icra olunmurdu. Nəhayət “ESER Taahhud və Sanayi” AŞ-nin AR filialı ölkə müdiri Anar Məmmədovun 14 aprel 2014-cü il tarixli №24 əmri ilə işimə bərpa olundum.

Lakin istər işə qəbulum zamanı, istərsə də bərpa olunduğum zaman verilmiş əmrlərdə, nə də ki əmək müqaviləsi bağlanan zaman əmək haqqım göstərilməmişdir. Mən 14 aprel 2012 ci ildə işdən azad olunduğum zaman maaş cədvəlinə imza edərək aylıq maaşım 2000ABŞ dolları hesablanmaqla 46 iş günü ücün əmək haqqımı almışam.

Ancaq işə bərpa olunduqdan sonra Anar Məmmədov vəzifə saxtakarlıqı edərək mənə aylıq maaşımı odəməmək ücün, AR Cinayət Məcəlləsinin 308.1 və 313 maddələrinə müvafiq olaraq cinayət işləyərək , Bakı şəhər Xətai rayon icra şöbəsinin rəis müavini F.Nəbiyevə təqdim etdiyi 14 aprel 2014 cü il tarixli arayışda yalan məlumat vermiş və mənim aylıq maaşımın guya 290 azn olduğunu göstərmiş və o arayışa uyğun əmək haqqı ödəmişdir. Mənim 46 iş günü üçün imza etdiyim maaş cədvəlini və həmən dövr üçün olan ştat cədvəlini göstərməkdən imtina etmişdir. İşlədiyim 46 iş günü üçün AR Sosial Müdafiə Fonduna məcburi sosial və gəlir vergisi köçürülməmiş, adıma əmək kitabcası və sığorta kartı yazılmamışdır.

Bütün bu yazdıqım qanunsuzluqlar barədə dəfələrlə Ədliyyə Nazirliyi , Xətai rayon üzrə kurator Eynur Babayevə və Xətai Rayon İcra Şöbəsinin baş icra məmuru Rövşən Ağayevə müraciət etsəm də, onlar həqiqətin üzə cıxarılması üçün heç bir səy göstərmirlər. Həqiqətin ortaya cıxmasından ötəri mənim 46 iş günü üçün imzaladığım maaş cədvəlini ortaya qoymaq kifayətdir.

Sizlərdən artıq dərəcədə xahiş edirəm ki, pozulmuş hüquqlarımın bərpası və maaşımın düzgün hesablanıb ödənilməsi üçün mənə köməklik edəsiniz”.

Yazıda adları çəkilən şəxsləri də dinləməyə hazırıq.



Geri qayıt