Əsas Səhifə > Ölkə, Manşet > Mədət Quliyevə qarşı şok ittiham yağışı

Mədət Quliyevə qarşı şok ittiham yağışı


8-05-2014, 12:32
Mədət Quliyevə qarşı şok ittiham yağışı
Mədət Quliyevin Penitensiar Xidmətə rəis təyin olunmasından sonra həbsxanalarda islahatların aparılacağı, mövcud problemlərin həll olunacağı gözlənilsə də, əksi baş verdi.

Doğrudur, M.Quliyev xidmət rəisi təyin olunandan sonra bir sıra işlər görməyə başladı. Xüsəsən də kadr dəyişiklikləri həyata keçirərək, islahatçı obrazını yaratmaq istədi. Lakin onun qısa müddətdə öz adamlarını vəzifələrə təyin etdirməsi, M.Quliyevin islahatçı deyil, şəxsi maraqlarını güddüyünü ortaya qoydu. Bu səbəbdəndə son dövrlər həbsxanalarda özbaşınalıq,rüşvətxorluq, qununsuzluqlar baş alıb gedir. Məhbuslarla davranış qaydalarının və hüquqlarının pozulması halları əvvəlki illərə nisbətən daha da artıb. İndi məhbusla görüşün də, sovqatın verilməsinin də qiyməti iki dəfə bahalaşıb. Məhbuslarla münasibətlər daha da kəskinləşib, bəzi hallarda onlara işgəncə verilməsi faktları da var.
Mövzu ilə bağlı fikirlərini bildirən Ömürlük Məhbusların Müdafiə Komitəsinin sədri Müslümət Rzaxanova “Unikal”a açıqlamasında öncə Qobustan Həbsxanasında baş alıb gedən özbaşınalıq, vəzifələrindən sui-istifadənin son həddə çatdığını bildirib. Onun sözlərinə görə,son bir neçə gündə çoxsaylı məhbus ailələri müraciət edib ciddi narazılıqlarını bildiriblər ki, Qobustan Həbsxanasındakı vəziyyətlə bağlı mətbuat konfransı keçirək: “Həbsxananın buraxılış məntəqəsində hərbiçilər səlahiyyətlərini aşaraq, sovqatları yoxlayırlar. Orda təhlükəsizliyi təmin etməli olan hərbiçilər özlərinə aid olmayan işlərlə məşğul olurlar. İllərlə heç bir problem olmayan sovqatları geri qaytarırlar, ayrı-seçkilik edilir. Bir sözlə vəziyyət çox pisdir. Bu gün həbsxanadakı vəziyyətlə bağlı yaxşı heç nə demək mümkün deyil. Mədət Quliyev yeni rəis gələndə vəziyyət bir balaca düzəlmişdi, indi tamamilə pisləşib. Bu həbsxanada dövlətimizin ali qanunları tətbiq olunmur. Həbsxana rəhbərliyinin yaratdığı ciddi informasiya blokadası nəticəsində məhbusların əlaqədar təşkilatlara, dövlət strukturlarına müraciətləri həbsxana rəisi tərəfindən senzuradan keçirildikdən sonra da ünvanına göndərilmir. Müraciət edən məhbuslar təzyiqlərə məruz qalır. Belə məhbuslara həbsxana rəisinin tabeliyində olan personalın vasitəsi ilə saxta ittihamlar tərtib edilir, barələrində həqiqətə uyğun olmayan xoşagəlməz fikir formalaşdırılmaqla rəhbərliklərə yanlış məlumat çatdırılır. Mədət Quliyevin vəzifəyə təyin etdiyi cəzaçəkmə müəssisə rəhbərləri öz vəzifə səlahiyyətlərini aşaraq məhbuslara qarşı qərəzli münasibətlə yanaşırlar. Məhbus yaxınları görüşə gələndə, qanuna müvafiq qaydada tam yoxlanılır. Hətta bəzən qadınlar təhqiramiz surətdə yoxlanılır. Eyni zamanda, görüşə gələn məhbuslar da görüşdən çıxanda otağa salınaraq ciddi şəkildə yoxlanılır. Qorxurlar ki, valideyn həbsxanadan hansısa ərizə və yaxud müraciət aparar. Əgər həbsxana personalı tərəfindən məhbusun saxlanma rejimi qanunamüvafiqdirsə, onun hüququ tapdalanmır, işgəncələrə məruz qalmırsa, informasiya blokadasını belə ciddi nəzarətdə saxlamaq nəyə xidmət edir, məhbusun şikayətindən nə üçün ehtiyat edilir? Həbsxana rəisi məhbusların təkcə azadlıqdan məhrum olduğunu nəzərə almadan, məhbuslara qolu bağlı qul münasibəti göstərir”.
Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov da “Unikal”a açıqlamasında həbsxanalarda vəziyyətin ürəkaçan olmadığını bildirib. Onun sözlərinə görə, son dövrlər irəliyə doğru müəyyən addımlar atılsa da, xeyli problemlər hələ də qalmaqdadır: “Ədalət naminə demək lazımdır ki, son dövrlər məhbuslarla həbsxana işçilərinin davranışlarında müəyyən dəyişikliklər var. Amma cəmiyyətin hər yerində olduğu kimi, həbsxanalarda da nöqsanlar var. Hesab edirəm ki, mövcud problemlər qısa müddətdə aradan qaldırılmalıdır. Sözsüz ki, bu gün məhbusların qeyri-qanuni karsa salınma halları, məhbus ailələrinə qarşı kobud münasibət, görüşə gələnlərdən rüşvət alırlar, rüşvətsiz heç kimə görüş vermirlər, pul almayınca sovqatı qəbul eləmirlər. Bütün bu əyriliklərin hamısı var. Hesab edirəm ki, bütün bunlar barədə rəhbərlik də məlumatlıdır, əks təqdirdə, heç kim belə özbaşınalıq edə bilməz. ASAN xidmətin vasitəsiylə cəmiyyətin bir hissəsində rüşvəti aradan qaldırmaq mümkün olub. Amma həbsxanaya da ASAN Xidmət aparası deyilik ki? Sözsüz ki, həbsxanalardakı rüşvətxorluq,özbaşınalıq, qununsuzluqlara qarşı mübarizə aparmaq mümkündür, amma nədənsə, bu istiqamətdə ciddi addımlar atılmır”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt