Əsas Səhifə > Ölkə / Manşet > Naxçıvanda dəyişən nəsə yoxdur: Talıbovun əlaltısı YENƏ DƏ HÖKM VERƏCƏK

Naxçıvanda dəyişən nəsə yoxdur: Talıbovun əlaltısı YENƏ DƏ HÖKM VERƏCƏK


Bu gün, 10:38

Baş hakim Gülnar Səfərəliyevanın öz tənqidçisi Kərim Seyidzadəyə qarşı şikayəti Kəngərli rayon Məhkəməsinə göndərilib. Burada isə şikayətə hakim Zülfiqar Əhmədov baxacaq. O, Naxçıvanda siyasi sifarişləri icra edən hakim kimi məşhurdur. Məsələn, 2012-ci ildə onun hökmü ilə siyasi fəallar Nadir Məmmədov və Məmməd Qurbanov hərəyə 12 il azadlıqdan məhrum edilmişdilər. Hazırda Avropada siyasi mühacir həyatı yaşayan fəallar bildirirdilər ki, hakim Naxçıvanın o vaxtkı rəbhəri Vasif Talıbovun siyasi sifarişi əsasında qərar çıxarıb.
Gülnar Səfərəliyeva Kərim Seyidzadənin onu təhqir etməsi iddiası ilə əvvəlcə özünün baş hakim olduğu Naxçıvan şəhər məhkəməsinə müraciət etmişdi. Bu məsələ ictimailəşdikdən sonra yerli Ali Məhkəmə işə qarışaraq, şikayətin onun baş hakim olduğu yox, başqa məhkəmədə baxılmalı olduğu qərarına gəlmişdi.
Naxçıvan şəhər Məhkəməsinin baş hakimi şikayət ərizəsində bildirirdi ki, Kərim Seyidzadə mətbuat vasitəsi ilə „iş verən hakim, rüşvətxor”deməklə onun işgüzar imicinə xələl gətirib.
Kərim Seyidzadə isə bu ittihamları rədd edərək, məhkəmə sədrinin ondan qisas almaq istədiyini bildirir. O, məhkəmədə baş verən haqsızlıqları ictimailəşdirdiyini və bu səbəbdən sədrlik etdiyi məhkəmənin tənqid edilməsindən narahat olan Gülnar Səfəralıyevanın onu cəzalandırmağa çalışdığını deyir.
Bundan əvvəl, həmin məhkəmənin digər hakimi Qabil Məmmədov da Kərim Seyidzadəni eyni ittihamal məhkəməyə vermişdi. Həmin vaxt, Gülnar Səfəralıyevanın sədrliyi ilə baş tutan məhkəmə, Kərim Seyidzadəyə 300 saat icbari iş kəsmişdi. Bu hökmü ədalətsiz hesab edən Kərim Seyidzadə məhkəmə binasında sirkə içərək intihara cəhd etmişdi. Daha sonra, Kərim Seyidzadə məhkəmə sədrini sərt tənqid etməyə başladı və bunu mətbuat vasitəsilə ictimailəşdirdi.
"Gündəlik Naxçıvan"

Geri qayıt