Əsas Səhifə > Ölkə, Manşet > Binəqədidə vətəndaşlar ÇARƏSİZ DURUMDA...
Binəqədidə vətəndaşlar ÇARƏSİZ DURUMDA...3-07-2024, 10:26 |
Binəqədi rayonu DYP-nin alt hissəsi, bina 0007, mənzil 0572 (Mədən 1 ərazisi yaxınlığı) ünvanında yaşayan, Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Şükürov Azər Cahid oğlunun həyat yoldaşı Sədətquliyeva Xanım Yasif qızı bu ərazidə yaşayan sakinlərin adından Birinci vitse-prezident, Prezident, AAYDA, Binəqədi rayon İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyəti və digər aidiyyəti qurumlara müraciət ünvanlayıb. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə sakinlər kömək istəyirlər. Ərazidəki beton zavodunun fəaliyyəti nəticəsində “İstanbul 1453” avtomobil təmir obyektindən qeyd olunan ünvana qədər yolun vəziyyətinin bərbad hala düşdüyünü qeyd edən Xanım Sədətquliyeva, əsasən də, yağışlı hava şəraitində bu ərazidə piyada hərəkət etməyin mümkünsüz olduğunu, avtomobillərin hərəkətində isə məhdudiyyətlər yarandığını bildirib. Vətəndaşın sözlərinə görə yol ilə bağlı problemlər bununla da məhdudlaşmır. Beton zavodun ətrafındakı sahibsiz itlərə görə yoldan piyada istifadə, xüsusilə də məktəbə gedən azyaşlılar üçün mümkünsüzdür. “Sakinlər arasında nəinki şəhid ailəsi, ailə başçısını itirmiş həssas əhali qrupu və yaşlılar yer alır. Uşaqları məktəbə göndərmək, yola çıxmaq üçün hava şəraitinin vəziyyətinə, sahibsiz itlərin hansı istiqamətdə hərəkət etdiyinə baxırıq, özümüz isə ümumiyyətlə, vacib işimiz olmadığı təqdirdə piyada yola çıxmağa çəkinirik”. Yolun asfaltlanması ilə bağlı müraciətlərinə Biləcəri rayonu Binəqədi rayon Bələdiyyəsinin sədri İlham Xəlilov beton zavodundan əks istiqamətdə onlar üçün yeni yolun salınacağını bildirsə də, bir müddət sonra İ.Xəlilov koronavirus səbəbindən vəfat edib. Sonradan Binəqədi rayon İcra Hakimiyyətinə etdikləri müraciətlərdə cavabsız qalıb. “Ölkəmizin COP29 kimi əhəmiyyətli beynəlxalq tədbirə hazırlaşdığı ərəfədə aidiyyəti orqanların şəhərimizin ərazilərini abadlaşdırmağa xüsusi diqqət ayıracağını düşünürük. Hər zaman vətəndaşların qeydinə qalan Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezidentimizdən köməklik göstərilməsi üçün göstəriş verilməsini xahiş edirik”, - deyə sakinlər vurğulayıb. Geri qayıt |