Əsas Səhifə > Ölkə, Manşet > Hacıbala Abutalıbovun müavini torpaq oğuruluğunda ittiham olundu

Hacıbala Abutalıbovun müavini torpaq oğuruluğunda ittiham olundu


21-02-2014, 11:58
Hacıbala Abutalıbovun müavini torpaq oğuruluğunda ittiham olundu
Qarabağ müharibəsi veteranı Müşfiq Firuz oğlu Əhmədli və birinci qrup əlil Rüstəm Əli oğlu Əliyev şəxsi mülkləri olan torpaq sahəsindən məhrum ediliblər. Belə ki, Müşfiq Əhmədlinin 2012-ci ildə alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinə başqası sahib çıxıb.

Qarabağ müharibəsi veteranı Mərdəkan qəsəbəsindəki keçmiş bağlar ərazisindən qızının adına 5,6 sot torpaq alıb. 31 oktyabr 2012-ci ildə əmlakını Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirərək mülkiyyətə dair çıxarış (“kupça”) əldə edib. 2013-cü ilin martında isə M.Əhmədli Xəzər rayon İcra Hakimiyyətinin razılığı əsasında həmin sahədə evin tikintisinə başlayıb. “Ötən il dekabrın 24-də Nəriman adlı şəxs mənə zəng edərək həmin torpağın onun həyat yoldaşına məxsus olduğunu bildirdi. Dedi ki, sahə hələ 1991-ci ildə Vəliyeva Esmira Müslüm qızına verilib. İndi də məhkəmə qaydasında onun mülkiyyəti tanınıb və Dövlət reyestr xidmətindən alınan digər sənədlər ləğv edilib. Lakin araşdırma nəticəsində məlum oldu ki, torpaq əslində onun baçısına verilib və istifadə etmədiyi üçün geri alınaraq Rüstəm Əliyevə verilib. Lakin onlar sənədləri saxtalaşdıraraq məhkəməyə müraciət ediblər” - şikayətçi «axar.az» saytına belə deyib.Qeyd edək ki, mübahisəli torpaq sahəsinə qarşı bir necə dəfə məhkəmədə iddia qaldırılıb və onlar təmin edilib. Bu haqda danışan torpaq sahibi Rüstəm Əliyev mübahisəli torpaq sahəsinin onun atasına verildiyini bildirib: “Hələ 1991-ci ildə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin qərarı ilə 886 b saylı bağ sahəsi atam Əliyev Əli İbrahim oğluna verilib. 2001-ci ildə atam rəhmətə gedib, mən isə səhhətimlə əlaqədar olaraq xəstəxanalarda yatmışam, bir neçə dəfə əməliyyat olunmuşam. Nəhayət, 2006-cı ildə torpağımızı sənədləşdirib özəlləşdirmək üçün Bakı Bağlar İdarəsinə müraciət etdim. Araşdırıb bildirdilər ki, həmin sahəni bizimlə qonşuluqda olan Bakı şəhər İcra hakimiyyəti başçısının müavini Rauf Pənahov özəlləşdirib. Mən də haqqımı almaq üçün Nərimanov rayon Məhkəməsinə müraciət etdim”.
Sonradan Rauf Pənahovla razılığa gələrək həmin torpaq sahəsinin əvəzində sahibsiz olduğu deyilən 2549 saylı bağ sahəsi R.Əliyevə verilib. Bu, 2007-ci ilin fevralın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə təsdiqlənib və atasının adına texniki pasport verilib.
Lakin sonradan həmin sahəyə iddia edən Esmira Vəliyeva 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin 6 iyun 1995-ci il tarixli 744 saylı qərarı ilə Mərdəkan massivi 2549 saylı bağ ona ayrılıb. Torpağın özəlləşməsi üçün 2012-ci il aprelin 12-də Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət edib. Məlum olub ki, həmin bağ sahəsi Nərimanov Rayon Məhkəməsinin 2008-ci il 16 dekabr tarixli qətnaməsi ilə R.Əliyevin adına dövlət reyestrindən keçib. Mübahisələr də elə bundan sonra başlayıb.2 saylı Bakı İnzibati İqtisad Məhkəməsi E.Vəliyevanın iddiasını təmin etsə də, Bakı Şəhər İcra Hakimiyyətinin digər bir sərəncamı ortaya çıxıb. Həmin sənəddə E.Abdullayevaya verilən bağ sahəsinin uzun müddət istifadəsiz qalması əsas gətirilərək 2005-ci ilin oktyabrında 2549 saylı bağ sahəsi onun sərəncamından geri alınıb. Sonradan başçının müavini R.Pənahovun göstərişi ilə həmin sahə məhkəmə qaydasında R.Əliyevə verilib. O da əmlakının bir hissəsini qanuni sənədlərlə M.Əhmədliyə satıb. Son sənədi yenidən məhkəməyə təqdim edərək hüquqlarının tanınmasını tələb edən R.Əliyev bu problemlə üzləşməsində Rauf Pənahovu günahlandırıb.Onu da deyək ki, R.Əliyev hazırda iki ayağından məhrum olub və birinci qrup əlildir. Onun torpaq satdığı Müşfiq Əhmədli isə Qarabaq müharibəsinın iştirakçısı olub. Əsassız yerə əmlakları əlindən alınan hər iki vətəndaş ölkə rəhbərliyinə müraciət edərək bu ədalətsizliyə son qoyulmasını istəyiblər.
Onu da deyək ki, dünən Bakı Apellyasiya Məhkəməsində R.Əliyevin qaldırdığı torpaq iddiasına baxılmalı idi.

Geri qayıt