Əsas Səhifə > Ölkə, Manşet > Zərərləri dövlət ödəyir, büdcə havaya sovrulur

Zərərləri dövlət ödəyir, büdcə havaya sovrulur


15-09-2023, 10:14
Zərərləri dövlət ödəyir, büdcə havaya sovrulur
İl sonu yaxınlaşdıqca dövlət qurumları bir-birinin ardınca “xoş” xəbərlər paylaşır. Əsasən bildirilir ki, zərər böyük olub, maliyyə dəstəyinə ehtiyac var. Son nəticədə “zərər” dövlət büdcəsinə yüklənir. Beləcə, ayrı-ayrı qurumlar hər cür təmin olunduğu, müştərilərdən ödəmələri qanunvericiliyə uyğun yetərincə aldığı halda yenə vəziyyətinin yaxşı olmadığını iddia etməyindən qalmır.
DİA.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, “Azəristiliktəchizat”ın borcu 108 milyon manatı ötüb. Son bir ildə borc 8,3 milyon manat artıb. Zərər illərlə artmaqda davam edib. Əvvəlki illərin xəbərlərinə nəzərə yetirəndə görmək olur ki, “Azəristiliktəchizat”da həmişə işlər qaydasında olmayıb. Amma heç bir dəyişiklik edilməyib. Müxtəlif qurumlara borclar yaranıb, problem isə həllini tapmayıb. Əksinə, durum daha da pisləşib.

“Azəristiliktəchizat” az qala yaranandan – 2005-ci ildən bəri problemlər məngənəsində çırpınır. Halbuki belə müqəddərat gözlənilmirdi. Açıq səhmdar cəmiyyət istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərini lazımınca yerinə yetirməliydi. Yaşayış evlərinin, binalarının, təhsil və səhiyyə müəssisələrinin və başqa sosial təyinatlı obyektlərin istilik təchizatı yaxşı təmin olunmalıydı.

Hər il payız gələndə məlum olur ki, “Azəristiliktəchizat” mövsümə hazır deyil. İstiliyin verilməsi yubanır, adətən, səviyyəsi qənaətbəxş olmur. Üstəlik, bu qədər borc. O qurumda nə işlə məşğul olurlar, anlamaq mümkün deyil. Zərər necə belə sürətlə arta bilər?!

Məsələ təkcə “Azəristiliktəchizat” da deyil. Dövlət qurumlarının əksəri belə işləyir. Zərər üst-üstə yığılır. Bütün yük dövlət büdcəsinin üzərinə düşür. AZAL, Bakı Metropoliteni dotasiyasız ayaqda qala bilmir. “Azərsu”nun nə qədər zərərini dövlət büdcəsi ört-basdır edib.

İş o yerə çatıb ki, “Şahdağ” Turizm Mərkəzi də gözünü dövlət büdcəsinə tikib. Hansı qurum imkan tapırsa, ölkənin pullarını hədəf götürür. Nə vaxta qədər qurumlar dotasiya ilə işləyəcək? Bu qədər pullar havaya sovrulur. Həmin vəsaitləri təhsilə, elmə, səhiyyəyə yönəltmək olardı.

Dövlət qurumlarının işinə peşəkar yanaşmaması, məsuliyyətini anlamamasını ümumilikdə ölkə üçün sarsıdıcı məqam kimi qəbul etmək lazımdır. Mənəvi zərər məsələnin maddi tərəfindən heç də geri qalmır. Dövlət qurumları ölkəyə ümid qoymur. Sanki hərə bir tərəfdən dövlət büdcəsini dağıtmağa çalışır.

Geri qayıt