Əsas Səhifə > Ölkə, Manşet > Səhiyyə sisteminin girov saxlanılan xəstələri

Səhiyyə sisteminin girov saxlanılan xəstələri


23-08-2023, 09:24
Səhiyyə sisteminin girov saxlanılan xəstələri
Jurnalist Sevinc Vaqifqızı atasının ölümündə Azərbaycan səhiyyə sistemini günahlandırıb.

Jurnalist bu barədə Feysbuk hesabında yazıb.

O, həkimlərin və xəstəxanaların xəstələrə yanaşmasının necə qeyri-insani olduğunu faktlarla izah edib.

Sevinc Vaqifqızı yazır:

"Atamın halı pisləşəndə Şəkidə idik. Dəhlizdən keçəndə nəfəs alarkən xırıldadığını eşitdim və otağına keçəndə dedi, "deyəsən şəkərim qalxıb". Təcili yardıma zəng etdim ki, maşın göndərsinlər, atam şəkərinin qalxmağından şübhələnir. Dedilər ki, bizdə şəkər aparatı yoxdur. "Maşın göndərsək, çox gec olacaq. Elə oradan taksi tapıb özünüz xəstəxanaya gətirin".

Atamın ürəyində problem yarandığından şübhələndim. Taksinin arxa oturacağına uzatdım ki, infarkt keçiribsə, tərpənməməlidir. Şəkidə tikilən yeni klinikaya apardıq. Nəfəs darlığı var, saturasiyası 81 olub, amma növbətçi həkimlər yerindən tərpənmir. Muzeydə eksponata baxan kimi oturub xəstəyə baxırlar.

"Vəziyyəti ağırdır, bəlkə, bir tədbir görəsiniz" deyirəm, heç kim yerindən qalxmır. Axırda rentgenə apardılar, məlum oldu ki, aparatları işləmir. Dedilər, 20 dəqiqə sonra gəlin. Baş həkimin yanına qalxdım. O da aşağı, təcili yardıma zəng edib dedi ki, "elə eləyəcəksiniz axırda təcili yardımı bağlayacam.

Xəstənin yiyəsi niyə yuxarı qalxıb mənə şikayət etməlidir? Niyə xəstəyə baxmırsınız? Orada kimin növbəsidir? (Kiminsə adı çəkilir).

Həə, aydındır, deyirəm axı, hər şey onun növbəsində olur".

Telefonu yerə qoyandan sonra əlini boğazına aparıb: "Bura qədər yığılmışam", - deyir. Elə bil işini bilməyən əməkdaşlarını işdən çıxarmaq onun səlahiyyətlərinə aid deyil.

Baş həkim dedi: "Arxayın olun, düşün aşağı nə lazımdır edəcəklər".

Atamı yenidən rentgen müayinəsinə apardılar. Məlum oldu ki, ikitərəfli pnevmaniyadır. Ürəyinin kardioqrammasın çıxardılar. Həkim baxıb dedi ki, "ürəyi qızılgül kimidir, heç nəyi yoxdur".

Daha sonra öyrənəcəkdim ki, həkimin "qızılgül kimidir" dediyi vaxt əslində atam infarkt keçiribmiş.

Atamı burada saxlaya bilməzdik, Bakıya aparmağa qərar verdik. Şəkidəki xəstəxanadan dedilər ki, bizim təcili yardım maşınlarında olan oksigen aparatı 1-2 saatlıqdır, uzun yol üçün nəzərdə tutulmayıb. Məcbur qalıb ən yaxında olan Mingəçevirdən təcili yardım maşını çağırdıq.

Atamı Baku Medical Plazanın Babək filialına gətirib çıxardıq. Burada xəstənin və xəstəxananın hüquq, öhdəlikləri ilə bağlı sənədləri imzalayandan sonra üçüncü bir sənəd gəldi. Orada yazılmışdı ki, "xəstəxanamızın xidmətlərindən narazı qaldığınız halda bunu heç bir sosial şəbəkə hesabında, KİV-də paylaşmayacaqsınız". Buna etiraz edib imzalamadım.

Xəstəxananın rəhbərliyindən bir şəxs gəldi və soruşdu ki, niyə həmin sənədə qol çəkməmişəm. Bildirdim ki, bu, mənim ifadə azadlığıma müdaxilədir və heç kim mənə şikayətçi olduğum halda bunu bildirməyi qadağan edə bilməz. Üstəlik də bu, Konstitusiyaya ziddir. Rəhbər şəxs razılaşmadı və bildirdi ki, bu sənədi onların hüquqşünasları tərtib edib.

Mən yenə imzalamayacağımı dedim, o da işçilərinə "gereyi nedirse, yapın" deyib, getdi. Daha sonra öyrəndim ki, atamı bu sənədi imzalamadığıma görə xəstəxanadan çıxarmaq istəyirmiş, amma ağıllı adamlarından birinin məsələyə qarışmasından sonra bunu etməyib.

Atam 13 gün bu xəstəxanada yatılı müalicə aldı. Ciyərinə yığılan suyun ürəyindən qaynaqlandığını dedilər. Mərkəzi Klinikada tanıdığımız kardioloqun müayinəsinə apardıq. İlk dəfə burada icbari sığorta xidmətindən istifadə edə bildik.

Baku Medical Plazanın İcbari Tibbi Sığorta ilə müqaviləsi olmadığına görə heç bir güzəştdən istifadə etmək mümkün deyildi, üstəlik də xəstəxananın günlük xərcləri fantastik idi.

Ürəyinin müayinəsindən sonra həkimlər ümidsiz idi. Nəzarətsiz şəkəri damarlarını tıxamışdı. Nə stend qoyulmalı, nə də açıq ürək əməliyyatına salınacaq vəziyyətdə idi. Bir ümid vardı ki, özünü toparlasın, daha sonra MRT vasitəsilə sağlam toxuma tapılsa, ürək əməliyyatına girsin.

Məsləhət gördülər ki, atam Yeni Klinikada 4-5 gün yatılı müalicə alsın və daha sonra MRT edilsin.

Yeni Klinikaya gedəndə anamgilə deyiblər ki, reanimasiyada yer yoxdur. Çətinliklə nəfəs alan atama da qol çəkdiriblər ki, öz xoşu ilə burada müalicə almaqdan imtina edir.

Mərkəzi Klinikada çalışan həkimi məsləhət gördü ki, onun tanıdığı həkim 5 nömrəli xəstəxanada çalışır və atamı ona etibar edə bilərik. Yeni Klinika atamı yerləşdirməkdən imtina etdi deyə evə gətirdik. Buradan təcili yardımla 5 nömrəli xəstəxanaya aparılması üçün 103-ə zəng elədim. 45 dəqiqə ərzində heç kim gəlmədi.

Operator deyirdi ki, bütün həkimlərimiz çağırışdadır, ona görə gözləyək. Hər dəfə zəng edəndə "atam kəskin ürək çatışmazlığından əziyyət çəkir, xahiş edirəm, nəzərə alın" deyirdim. O da "narahat olmayın, həkimlər gələn kimi göndərəcəyik" deyirdilər.

Qohumlarımızdan iki nəfər "təcili yardım elə yaxınlıqdadır" deyib əraziyə getdilər. Gedib görüblər ki, otaqdan həkimlər çıxır, qapıda da 3 təcili yardım maşını var.

Aydın olur ki, həkimlər çağırışda deyil, otaqlarında dincəlirmiş. Amma mən hər dəfə telefonda onlara deyirdim ki, "atam kəskin ürək çatışmazlığından əziyyət çəkir".

Nəticədə təcili yardım özü gəlməkdən, qohumlarımız onları götürüb gəldi. 44 dərəcə isti və təcili yardımda havalandırma sistemi yoxdur. Qan-tər içində 5 nömrəli xəstəxanaya çatdıq. Elə ayağımızı liftə atan kimi məlum oldu ki, lifti hərəkətə gətirmək üçün açarlar ancaq həkimlərdədir və yuxarı qalxmaq üçün onlara 1 manat vermək lazımdır. Atamı reanimasiyaya yerləşdirdik və öz həkimlərinin yazdığı reseptləri, dərmanları da onlara verdik ki, bu dərmanları vaxtlı vaxtında ona versinlər.

Növbəti gün anam atamı görməyə gələndə görüb ki, əyni-başı su içində, kondinsioneri söndürüblər və 44 dərəcə istidə bir neçə nəfərlik otaqda nəfəs darlığı yaşayır. Həmin gün üçün təyin olunan dərmanlarını da verməyiblər. Gəlib atamı xəstəxanadan çıxarmaq istəyəndə qarşıma bir sənəd qoydular. Öz xoşumla xəstəni xəstəxanadan çıxardığımı yazdım. Şikayətim nədəndir hissəsinə, "həkimlərdən şikayətim var" qeydini qoydum.

Həkim etiraz etdi ki, əgər bu yazdığım şikayəti dəyişməsəm, xəstəni xəstəxanadan çıxara bilmərəm. Mən də dedim, dünən həkim bacımdan rüşvət istəyib, nəfəs darlığı yaşayan, ikitərəfli pnevmaniyası olan adamın əyni su içində, paltarı dəyişdirilməyib, dərmanları verilməyib, həkimlərdən niyə razı qalmalıyam? İsrar etdi ki, "şəraitdən narazıyam, həkimlərdən yox" yazım, yoxsa xəstəni buradan çıxara bilmərəm.

Mən də dedim ki, xəstəni çıxarıram, kimin hünəri var, qarşıma çıxıb desin ki, çıxara bilməzsən. Atamı xəstəxanadan çıxardım və Mərkəzi Klinikanın reanimasiya şöbəsinə yerləşdirdik.

17 günlük mücadiləsindən sonra atamın ürəyi dayandı. Amma 5 nömrəli xəstəxananın həkimləri hələ də tanıdığımız bir həkim vasitəsilə bizə söz göndərirlər ki, "ona deyin, gəlsin şikayətini geri götürsün".

5 nömrəli xəstəxanada anamdan 20 manat istəyən həkimə o, 50 manat vermişdi. Demişdi ki, "siz bilsəniz ki, mənim yoldaşım necə gözəl insandır, qoymazsınız ona nəsə olsun".

Amma dəyəri pul olan həkim üçün bu sözlər heç nəyi ifadə etmirdi".
//arqument.az//

Səhiyyə sisteminin girov saxlanılan xəstələri
Geri qayıt