Əsas Səhifə > Ölkə, Manşet > Cəlilabad Mərkəzi Xəstəxanasında BAZAR AÇIBLAR...
Cəlilabad Mərkəzi Xəstəxanasında BAZAR AÇIBLAR...15-05-2023, 09:36 |
Cəlilabad rayonu, Ocaqlı kənd sakini Dövlətov Fizuli Əsəd oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi məktubda Cəlilabad Mərkəzi Xəstəxanasının baş həkimi Elnur Azadxanovun qanunsuz əməllərindən bəhs edir. F.Dövlətov onu vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, korrupsiya və rüşvətxorluqla, eləcə də digər qanunsuz əməllərlə məşğul olmaqda ittiham edir. Fizuli Dövlətov deyir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayon prokuroru Vahid Məmmədov, eləcə də digər vəzifəli şəxslər onu müdafiə etdiyi üçün Elnur Azadxanov hələ də öz işinin başındadır və qanunsuz əməllərini davam etdirir. Fizuli Dövlətov iddia edir ki, Elnur Azadxanovun qanunsuz əməlləri hesabına rayonda onlarla şəxs qeyri-qanuni yollarla pensiya alır, külli miqdarda dövlət vəsaiti talan edilir. Onun sözlərinə görə, bu barədə müvafiq qurumlara məlumat verib, hətta saxta yollarla pensiya alan şəxslərin siyahısını da təqdim edib. Lakin onun müraciətinə baxan olmaylb. Üstəlik, bu günə qədər adları siyahıda olan şəxslərin heç birinin pensiyası dayandırılmayıb. “Bu siyahını təqdim etdikdən sonra məni Cəlilabad Rayon Prokurorluğuna çağırdılar. Müstəntiq Elşad Cəfərov məndən izahat aldı və dedi ki, həmin adamları çağırıb, bir-bir dindirəcəyik. Mənə çatan məlumata görə, çağırdığı şəxsləri öyrədiblər ki, pensiya almadıqlarını desinlər. Onlar da gedib izahat verirlər ki, biz pensiya almırıq. Lakin həmin şəxslərin hər biri bu günə kimi də pensiya alır”, - deyə şikayətçi bildirir. Fizuli Dövlətov onu da bildirir ki, saxta pensiya alanların siyahısı rayon sakini Rahil adlı şəxs tərəfindən İcra Hakimiyyətinə də təqdim edilib. “Oradan deyiblər ki, bu siyahı birbaşa Prezidentə göndəriləcək. Lakin sonradan onu Elnur Azadxanova göndəriblər ki, sizin barənizdə şikayət var”, - deyən Dövlətov iddia edir ki, bundan sonra E.Azadxanov Rahili qanunsuz olaraq həbs etdirib: “Guya onu təhqir edib, şər-böhtan atıb deyə, 1 il iş kəsdirib. Hazırda Kürdəxanı həbsxanasında yatır. Bu baxımdan, müvafiq qurumlardan çox xahiş edirik ki, Cəlilabad sakinlərini “Elnur Azadxanov bəlası”ndan xilas etsinlər”. Hurriyyet.az Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq. Geri qayıt |