Əsas Səhifə > Ölkə, Güney Press > İşdən qovulan neftçilər sabah aksiya keçirəcək
İşdən qovulan neftçilər sabah aksiya keçirəcək6-01-2014, 13:38 |
“Bahar enerji” əməliyyat şirkətinin işdən azad olunmuş bir qrup əməkdaşı sabah - yanvarın 7-də Bakıda etiraz aksiyası keçirəcək. Bunu virtualaz.org saytına açıqlamasında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı dedi. Hüquq müdafiəçisi bildirdi ki, ixtisara düşərək işsiz qalan yüzlərlə neftçi şirkətin baş ofisinə gedən yolda, Qum adasında piket keçirməyi planlaşdırır: ““Bahar enerji” şirkətinin rəhbərlərindən biri, tanınmış iş adamı Hafiz Məmmədovun ixtisarlara münasibəti şirkətdə çalışanların qəzəbinə səbəb olub. Hafiz Məmmədov işdən çıxarılanlara 6 aylıq kompensasiya veriləcəyini açıqlayıb. Amma Hafiz Məmmədov bilsin ki, işdən çıxarılanların əksəriyyəti qadınlardır, bəzilərinin öhdəsində azyaşlı, əlil uşağı var, bəziləri ailə başçısını itirib. Ümumiyyətlə, neft sektorundan uzaqlaşdırılan orta yaşlı qadınların durumu çox acınacaqlıdır”. M.Qəhrəmanlı qeyd etdi ki, şirkətdə neftçilərlə 2010-cu ildən indiyədək müvəqqəti əmək müqavilələri bağlamaqla ixtisarlara hazırlıq gedirdi: “İşçilərə müraciət edirdim, deyirdim ki, müvəqqəti müqaviləyə qol çəkməsinlər. Amma buna əməl etmədilər. Öz bildiklərini elədilər. Əvvəlki işçilərdən demək olar ki, heç kim qalmadı”. Təşkilat rəhbəri dedi ki, növbəti ixtisar dalğası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinə də çatdı: “İlkin məlumatlara görə, 2000 neftçi işdən çıxarılacaq. Amma proqnozlar göstərir ki, işdən çıxarılanların sayı dəfələrlə çox olacaq. ARDNŞ prezidenti Rövnəq Abdullayev fəhlələrin ixtisara salınmayacağını vəd etmişdi. Amma təşkilatımıza daha çox fəhlələr tərəfindən müraciətlər daxil olur”. Hüquq müdafiəçisinin sözlərinə görə, “Neft Daşları” Neft və Qazçıxarma İdarəsində (NQÇİ) də ixtisarlar olacaq: “İdarədən daxil olan müraciətlərdə bildirilir ki, fəhlələrə attestasiya olacağı ilə bağlı xəbərdarlıq edilib. Bizi narahat edən isə odur ki, idarə rəhbərləri attestasiyadan sui-istifadə edirlər. Belə ki, ixtisarlar zamanı işçinin mütəxəssis olub-olmadığı deyil, şəxsi münasibətlər əsas götürülür”. Qeyd edək ki, “Neft Daşları” NQÇİ-nin rəisi Qoçəli Mahmudov “Azneft” İstehsalat Birliyinin rəisi Daşqın İsgəndərovla yeznə-qayındır. Onu da xatırladaq ki, virtualaz.org saytının ARDNŞ-in Kompleks Qazma İşləri Trestində idarələrin ləğvi və ixtisarlarla bağlı məlumatı rəsmən təsdiqləndi. Halbuki xəbər ARDNŞ mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev tərəfindən təkzib edilmişdi. ARDNŞ-in yaydığı məlumata görə, Dövlət Net Şirkəti prezidentinin müvafiq əmrləri ilə 01.01.2014-cü il tarixdən ARDNŞ-in “Kompleks Qazma İşləri” Trestinin, Neft Kəmərləri İdarəsinin və Geofizika və Geologiya İdarəsinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatların yenidən təşkil olunması qərara alınıb: “Struktur dəyişikliklərinin aparılmasının məqsədi ikipilləli idarəetmə sistemindən birpilləli idarəetmə sisteminə keçməkdən ibarətdir. Dəyişikliklərə əsasən həmin müəssisələrin strukturu idarəetmə aparatlarından və istehsalat bölmələrindən ibarət olacaq ki, bunun da nəticəsində idarəetmənin çevikliyi və operativliyi artacaq və idarəetmə prosesləri sadələşəcək. Struktur dəyişiklikləri nəticəsində yalnız mühəndis-texniki heyətin tərkibində bir-birini təkrarlayan vəzifələr üzrə çalışan şəxslərin şirkətdə müvafiq işlə təmin edilməsi mümkün olmadıqda onlara, ARDNŞ-də artıq bir neçə ildir ki, tətbiq olunan və Azərbaycan Respublikası Neft Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqları Təşkilatları ilə razılaşdırılmış qaydada əmək haqqının 5 (beş) misli məbləğində kompensasiyalar ödəniləcək”. Geri qayıt |