Əsas Səhifə > Ölkə, Manşet > Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda ÖZBAŞINALIQ...

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda ÖZBAŞINALIQ...


13-09-2022, 09:51
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda ÖZBAŞINALIQ...
DİA.AZ: - Göyçay rayonu Şəhadət kənd sakini Abdullayev Nazir Cavid oğlu tərəfindən ölkə rəhbərlityinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Hörmətli cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, təxminən 4 il müddətdir Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay Dayaq Məntəqəsində işləyirdim. Lakin 15 gün öncə iş yerimi tərk etdim. Səbəb isə ondan ibarətdir ki, son 1 il ərzində maaşımı doğru-dürüst ala bilmirdim. Daha öncə minimum əmək 250 (iki yüz əlli) manat, sonradan isə 300 (üç yüz) manat olmaqla, ümumilikdə 1100 (min bir yüz) manat pulumu mənimsəyiblər. Məntəqənin müdiri Faiq adlı şəxsdir. Əvvəllər mən ondan haqqım olan maaşımı tələb etdiyim zaman müxtəlif bəhanələr gətirirdisə, hazırda tamamilə özündən razı halda "Vermirəm, get kimə şikayət edirsənsə, et, mən heçkimdən qorxmuram" deyir. Doğrusu mən çarəsiz olduğum üçün və heç yerdə iş tapa bilmədiyimə görə, əmək müqaviləsi bağlamadan işləməyə razılıq vermişdim. Çünki adını qeyd etdiyim yerdə işəgötürən şəxs, işə götürülən bütün işçiləri heç bir müqavilə bağlamadan işlədir. Biz isə orada sadəcə fəhlə olduğumuza görə qanunsuzluqlara müdaxilə edə bilmirdik. Ümumiyyətlə isə ağacların əkilməsi, meyvə və tərəvəzlərin yığılması zamanı orada çalışan bütün işçilər qeyri-qanuni işlədilirlər.
Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinə əsasən "Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz". Lakin eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 81-ci maddəsinin 2-ci bəndində: "Bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır". Bundan əlavə Göyçay Dayaq Məntəqəsi işə götürdüyü işçiləri rəsmiləşdirməməklə qanuni vergidən də yayınmış hesab olunur. Halbuki Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsində "Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur" bildirilməkdədir.
Hörmətli cənab Prezident! İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının 57-ci maddəsini rəhbər tutaraq Sizdən çox xahiş edirəm, haqqım olan 1100 (min yüz) manat pulun tezliklə mənə verilməsinə köməklik göstərəsiniz. Həmçinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay Dayaq Məntəqəsində baş verən özbaşınalıq, əmək müqaviləsi olmadan işəgötürmə, dövlətin qanuni vergi borcundan yayınma kimi qanunsuzluqların aidiyyəti orqanlar tərəfindən mənim də iştirakımla obyektiv araşdırılmasını Sizdən xahiş edirəm. Sizə öncədən öz minnətdarlığımı bildirirəm".

İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt