Əsas Səhifə > Ölkə, Manşet > Gənc kadrlar və köhnə məmurlar..: HAMISI BİR BEZİN QIRAĞIDIR...

Gənc kadrlar və köhnə məmurlar..: HAMISI BİR BEZİN QIRAĞIDIR...


15-04-2022, 10:30
Gənc kadrlar və köhnə məmurlar..: HAMISI BİR BEZİN QIRAĞIDIR...
Hakim komandada davamlı olaraq gənc kadrların irəli çəkilməsi prosesi getsə də, onlardan razılıqdan çox narazılıq nəzərə çarpır. Yaşlı məmurların yerinə gənclər təyin edildi, gənclərin arasında bu etimadı doğruldan da oldu, doğrultmayan da. Prezident İlham Əliyev özü də gənc kadrlara yüksək vəzifə həvalə edərkən xəbərdarlıq etməyi unutmur. Heç kimin qanundan üstün olmadığını xatırladan Prezident son olaraq vurğulayıb ki, vəzifə imtiyaz deyil, böyük məsuliyyətdir. Xüsusilə parlamentdə millət vəkilləri nazirlərin və məmurların müraciətlərə cavab verməməsindən şikayətlənirlər ki, indi nazirliklərin böyük əksəriyyətinə gənclər rəhbərlik edirlər.

Məsələn, deputat Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı gənc məmurları tənqid edib. Ölkədə korrupsiyanın azalmamasından gileylənən deputat bəzi gənc məmurları “acgözlük”də ittiham edib: “Qanun məsələsini həll etməmişdən əvvəl mühit problemini həll etməliyik. Şəffaf mühit yaradılmasa, çağırışların, təşəbbüslərin faydası olmaz. Hərə bir qapını əli ilə tutub ki, bura mənimdir. Korrupsiya ilə bağlı addımlar atılır, amma korrupsiya azalmır. Çünki köhnə məmurlar korrupsiyaya alışıblar. Amma onların gözü yenilərdən daha tox idi”.

Gənc məmurlara tənqidlər nə qədər haqlıdır? “Kadr bankı” necə yaradılmalı və seçim necə edilməlidir? Kadrların seçimində daha hansı prinsiplər əsas götürülməlidir ki, vəzifəyə gəldikdən sonra etimadı tam doğrultsunlar? dia-az.life-ın məlumatına görə, Milli Məclisin üzvü Vahid Əhmədov “Yeni Müsavat”a bildirdi ki, ölkədə kadr təyinatlarında daha çox gənclərə üstünlük verilir. Prezident İlham Əliyevin savadlı gənc kadrları vəzifələrə təyin etməsi kadr islahatlarının ən ciddi komponentlərindəndir və hər kəs tərəfindən dəstəklənir: “Prezident kadrları təyin edərkən görürük ki, onları qəbul edir və ciddi tapşırıqlarını verir, necə işləmələri barədə tövsiyə və göstərişlərini verir. Kadrların içərisində qarşıda qoyulan tapşırıqları, tövsiyələri yüksək səviyyədə yerinə yetirən, özünü doğruldan, insanları narazı salmayanlar kifayət qədərdir. Ancaq özündənrazı kadrlar da var. Özü də maraqlıdır ki, özündənrazı kadrlar o adamlardır ki, onlara həvalə edilmiş sahələri heç də inkişaf etdirə bilmirlər, bilik və bacarıqları buna yetmir. Ən pisi odur ki, o cür məmurlar elə zənn edirlər ki, hər şeyi bilirlər, hamıdan ağıllıdırlar. Deputat həmkarımız Fazil Mustafa da, görünür, məhz o cür məmurlarla rastlaşıb. Ona görə də narazılığını ifadə edir. İnsanlar başa düşməlidirlər ki, uzun müddət belə işləmək olmaz. Ölkə rəhbəri bir gün onları cəzalandıracaq. Prezidentin də dediyi kimi, heç kim düşünməməlidir ki, yeni təyin edilibsə, gənc kadrdırsa, arxayın olmalıdır, yaxşı işləməməlidir.

Mən hesab edirəm ki, gənc kadrlar vəzifələrə gedəndə onlar yanlarında təcrübəsi olan, işi dərindən bilən yaşlı kadrlardan saxlamalıdırlar. Yəni ucdantutma bütün təcrübəli, yaşlı kadrları dərhal kənarlaşdırmamalıdır. Mən də son vaxtlar hiss etməyə başlamışam ki, vəzifələrə təyin olunan bəzi gənc kadrlardan narazılıqlar var, şikayətlər edilir".

Deputat qeyd etdi ki, bəzi məmurlar da vəzifəyə gələndən sonra qohumbazlıq, regionçuluq prinsipi ilə işləyir, təyinatlarda bu prinsipə üstünlük verir: “Əgər görsək ki, bu məsələ geniş miqyas alır və problemə çevrilir, fikrimizi deyəcəyik. Bəzi nazirlər işlədiyi struktura əsasən yaxın adamlarını, qohumlarını, yerlilərini yığır, peşəkar, təcrübəli kadrları isə kənarlaşdırır. Bu, heç də yaxşı hal deyil və o strukturda işlərin yaxşı getməsinə əngəldir. Bunlar yolverilməzdir. Dövlət başçısı İlham Əliyev bir neçə gün öncə ilin ilk üç ayının yekunları ilə bağlı hökumətin iclasında nə qədər sərt danışdı, tövsiyələrini verdi. Bu tövsiyələr, xəbərdarlıqlar təsadüfi deyil. Hər bir istər köhnə, istər yeni təyin olunan kadrlar, məmurlar nəticə çıxarmalıdırlar. Vəzifəyə təyin olunan rəhbərlər işlərini elə qurmalıdırlar ki, narazılıqlara səbəb olmasın. Vəzifə ondan ötrüdür ki, dövlətə, xalqa xidmət edəsən”.

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, ölkədə bir çox islahatlara gedilməsinin vacibliyi dəfələrlə deyilib. 2018-ci ildən sonra dövlət başçısı İlham Əliyev bir sıra sahələrdə, iqtisadi sahələrdə, məhkəmə hüquq sistemində, eləcə də siyasi sferada islahatlara gedilməsinin vacibliyi ilə bağlı fikirlərini bəyan etdi: “Bundan sonra insafən bu istiqamətlərdə bir çox müsbət addımlar atılıb. Eyni zamanda bu islahatlar çərçivəsində biz xüsusilə son iki ildə kadrların yenilənməsi prosesini müşahidə edirik. Kadr təyinatlarında gənclərə üstünlük verilməsi cəmiyyətdə müsbət qarşılandı. Geniş anlamda görünən budur ki, yeni kadrların sıralarında etimadı doğrulda bilməyənlər, insanları narazı salanlar var. Yerli icra strukturlarında rəhbərliyə gətirilmiş gənc kadrların elələri var ki, bir çox hallarda vəzifələrinin öhdəsindən gələ bilmirlər, əhali ilə normal münasibətlər qura bilmirlər. Bu da nəinki yerlərdə əhalinin, hətta deputatların da narazılığına səbəb olur. Hesab edirəm ki, bu problemin həlli yolu var. Bizim əsas islahatların kökündə görə biləcəyimiz məsələ ondan ibarətdir ki, idarəetmədə ciddi islahatlara gedilməlidir. Yerlərdə idarəetmə sistemi yenidən qurulmalıdır. İcra hakimiyyətlərinin bir struktur vahidi olaraq ləğvi və yerli idarəetmədə Türkiyə modelinə keçmək olar. Bələdiyyələrin səlahiyyətlərinin artırılması ilə bağlı təkliflər paketi irəli sürmüşük”.

Geri qayıt