Əsas Səhifə > Ölkə, Manşet > Ramiz Mehdiyev AMEA-nı niyə dağıdır?

Ramiz Mehdiyev AMEA-nı niyə dağıdır?


27-12-2021, 12:05
Ramiz Mehdiyev AMEA-nı niyə dağıdır?
Xatırlayırsınızsa, bir müddət əvvəl Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyev verdiyi açıqlama ilə yenidən gündəmə gəldi. Belə ki, bu dəfə akademik AMEA daxilində müxtəlif sahələrdə fəaliyyət göstərən institut rəhbərlərindən şikayətlənib. Onun sözlərinə görə, bəzi institut rəhbərləri ölkədə aparılan islahatlara məqsədli şəkildə mane olmağa çalışır və prezidentin göstərişlərini yerinə yetirməkdən imtina edirlər.

Ramiz Mehdiyev AMEA-nın bu günə qədər ciddi fəaliyyət göstərməsinə mane olan əsas amil kimi işə köhnə təfəkkürlə yanaşmaq və dünya təcrübəsini gözmədən gəlmək olduğunu da vurğulayıb. 80 yaşı haqlamış akademikin köhnəlmiş təfəkkürdən danışması hər nə qədər ironik olsa da, AMEA-nın bu günki reallığını əks etdirir.

AMEA prezidentinin tabeliyindəki institut rəhbərlərindən narazılığı bununla da bitmir. Açıqlamadan aydın olur ki, Ramiz Mehdiyev onları qüsurlu idarəçilikdə və ayrı-ayrı şəxslərin təsirinə düşməkdə ittiham edir. Uzun illər AMEA-nın kurasiyasını həyata keçirən, Ramiz Mehdiyevin öz yaratdığı sistemdən narazı olmasının əsas səbəbi isə köhnə quruluşun onun yeni ambisiyalarına uyğun olmamasından qaynaqlanır.

Ramiz Mehdiyev institut rəhbərlərinə qarşı

2021-ci ilin martında AMEA prezidentinin adı daha bir ciddi qalmaqalda hallanmağa başladı. Ramiz Mehdiyev Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyevi vəzifəsindən kənarlaşdıraraq onun yerinə öz yaxın kadrlarından hesab olunan və elmi ictimaiyyət arasında heç də elmi araşdırmaları ilə məşhur olmayan Qərib Məmmədovu təyin edib.

Lakin qərarla razılaşmayan Əlövsət Quliyev məhkəməyə müraciət edərək işdən azad edilməsinin qanuni əsasının olmadığını sübut edərək, vəzifəsinə qayıtmağa nail olub. Əlövsət Quliyevin işi Ramiz Mehdiyevin institut direktorlarına qarşı başlatdığı müharibədəki ilk məğlubiyyəti idi.

Elmi yeniliklərdən danışmağa çalışan 80 yaşlı akademik daha əvvəl insitut rəhbərlərinə qarşı qələbə qazanmağa nail olub. Belə ki, 2021-ci ilin yanvar ayında AMEA-nın Fizika İnstitutunun direktoru Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini Cavad Abdinov vəzifələrindən azad ediliblər. Habelə Zoologiya İnstitutunun direktoru Elman Yusifov və Akademiya şəhərciyinin müdiri Bayram Babayev vəzifəsindən uzaqlaşdırılanlar arasındadır. Azad olunan şəxslərin yerinə isə Ramiz Mehdiyevə sadiqliyi ilə tanınan şəxslər təyin olunub.

Mehdiyevin AMEA-da bu cür “təmizlik” aparmasının səbəbləri isə şübhəlidir. Əsas maraqlı məqam isə Ramiz Mehdiyevin özünün məlumatı daxilində seçkilər vasitəsilə seçilən institut rəhbərlərinə qarşı indi özünün etimadsızlıq göstərib, onları vəzifədən uzaqlaşdırmasıdır.

Akademiyanı siyasiləşdirmək cəhdləri

Ramiz Mehdiyevin açıqlamasından məlum olur ki, o institut rəhbərlərinin fəaliyyətindən razı deyil. Lakin bu narazılıq heç də onların elmi fəaliyyəti ilə bağlı deyil. Akademik Mehdiyev nə üçünsə AMEA-da son illərin ən böyük elmi kəşfinin yeni “xiyar sortları yaratmaq” olduğuna heç vaxt toxunmur. Ancaq institut direktorlarını onun sözünü dinləmədiyi üçün onları cəzalandırır. O zaman sual yaranır ki, Ramiz Mehdiyevin hansı planları institut rəhbərləri tərəfindən xoş qarşılanmır?

Bu sualımızın cavabını Ramiz Mehdiyevin AMEA-nın rəsmi saytını özünün siyasi açıqlamaları üçün bir platformaya çevirməsində tapırıq. Hələ pandemiyanın qızğın dövründə nəvəsinə toy mərasimi keçirdiyi üçün tənqid olunan akademik, AMEA-nın rəsmi saytında baş verənlərlə bağlı rəsmi açıqlama vermək ehtiyacı hiss etmişdi. Bu elmlə məşğul olduğu iddia edilən bir qurumun Ramiz Mehdiyevin şəxsi ambisiyaları üçün istifadə edilməsi ilə bağlı ilk hal deyildi.

Göründüyü kimi, Ramiz Mehdiyev fəal siyasətdən uzaqlaşdırılmasını qəbul etmir və hər vəcdlə olursa olsun proseslərə qayıtmağı hədəfləyir. Lakin Ramiz Mehdiyevin əlində böyük siyasətə qayıtmaq üçün yeganə resursu elm ocağı hesab olunan AMEA-dır.

Ramiz Mehdiyev AMEA-nı siyasiləşdirməklə siyasi revanşa nail olacağını düşünür.

Nöqtələri birləşdirdiyimizdə AMEA-dakı qarışıqlıq və fikri ayrılığının əsas səbəbinin də Mehdiyevin məhz bu planı olduğu aydınlaşır. Ağlı “Sovetin vaxtı”-na gedən Mehdiyevin elm ocağını siyasiləşdirmək istəyi və AMEA-nın siyasi proseslərə daxil olmasını istəməyən institut direktorları ilə mübarizəsi məhz bu rakursdan daha da mənalı görünür.

AMEA “vurulmuş məmurlar”ın yeni evi

Lakin Ramiz Mehdiyevin yeni planı təkcə AMEA-da önəmli vəzifə tutan və onun sözünü dinləməyən şəxslərin uzaqlaşdırılması ilə son çatmır. Qoca akademik özü kimi narazı keçmiş məmurları da ətrafına toplamağı və münasib vaxtda revanş üçün hücuma keçməyi hədəfləyir.

Ramiz Mehdiyevin AMEA prezidenti vəzifəsinə təyinatından sonra sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasova yüksək vəzifəyə gətirib. Əli Abbasovu AMEA-da işlə təmin etmək məqsədi ilə İdarəetmə Sistemləri İnstitutunun direktoru Əminağa Sadıqovu öz vəzifəsindən uşaqlaşdırdı. Buna səbəb isə Sadıqovun Ramiz Mehdiyevin “islahatçı” dəstəsinin fikirlərini dəstəkləməməsi idi.

AMEA prezidentinin vəzifəyə gətirdiyi şəxslərdən biri də Ziya Məmmədovun qardaşı Elton Məmmədov idi. Ramiz Mehdiyevin ilk təyinatlarından olan Elton Məmmədov 2019-cu ildə "Yüksək Texnologiyalar Parkı"-nın direktoru daha sonra isə bu vəzifədən uzaqlaşdırılaraq işlər müdiri vəzifəsinə təyin olunub. Qısa vaxt ərzində vəzifəyə gətirilib-çıxarılan Elton Məmmədovla Ramiz Mehdiyevin anlaşa bilmədiyi də məlumdur.

AMEA-da boş qalan vəzifələri daha hansı keçmiş məmurların dəvət olunacağı, “xırda adamların” vəzifəyə gətirilməsi üçün hansı yerlərin boşaldılacağı isə hələlik bəlli deyil.

Məlumdur ki, uzun illər boyu AMEA Ramiz Mehdiyevin kurasiyasında olan təşkilat olub və AMEA-nın hazırkı bərbad elmi durumu onun əməyinin məhsuludur. Hazırda elmdən başqa hər şeyin müzakirə edildiyi AMEA-nın Ramiz Mehdiyevin “siyasiləşdirmə kampaniyası” çərçivəsində nəyə təkamül edəcəyi isə sual altındadır. Qoca Akademikin unutduğu əsas məqam isə AMEA-nın bu günki vəziyyətidir. Azərbaycanda AMEA-ya sadəcə elm qurumu kimi belə ehtiyac olmadığı halda, onu siyasi partiyaya çevirməyin adı nədir? /mənbə - Bizim.Media/

Demokratik.Az onu da xatırladır ki, dekabrın 20-də Azərbaycan Elmlər Akademiyasının (AMEA) kitabxanasında “Rusiya-Azərbaycan yeni regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sistemində: İlin yekunları və perspektivlər” adlı beynəlxalq dəyirmi masa keçirilib. Rusiyanın “Şimal - Cənub Politologiya Mərkəzi” və “Baku Network” Beynəlxalq Siyasət və Təhlükəsizlik Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rusiyadan olan ekspertlərlə yanaşı Azərbaycandan da bir sıra tanınmış şəxslər - deputatlar, diplomatlar, ekspertlər və media nümayəndələri iştirak ediblər. Bəzi yerli saytlarda sözügedən toplantında səslənən fikirlər “diplomatik qalmaqal” kimi təqdim edilib.

Məlumata görə, tədbirdə Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri korlamağa hesablanmış bir sıra fikirlər səsləndirilib. Türkiyə ilə münasibətlərimizi korlamağa hesablanmış əsas çıxışa gəlincə, bildirilir ki, beynəlxalq forumda rusdilli zümrənin diplomatı kimi tanınan Pərvin Mirzəzadənin digər ekspert və ictimai fəallardan, hətta Rusiya nümayəndələrindən də qabağa gedərək bir sıra qalmaqal yaradan bəyanatlar səsləndirməsi diqqətdən yayınmayıb.(Ovqat.az). İddialara görə, xüsusi tapşırıqlar üzrə səfir Rusiyanın Suriyadakı hərbi əməliyyatlarını dəstəkləyərək bildirib: “Biz Rusiyanın Suriyada həyata keçirdiyi əməliyyatı dəstəkləyirik. Təsadüfi deyil ki, Suriyaya uçuş həyata keçirən bir sıra rus hərbi təyyarələri Azərbaycanın fəzasından istifadə edirlər”.
Bu kimi açıq informasiyalarla Ramiz Mehdiyevin hələ də siyasi fəaliyyətlərə köklənməsi, diqtəedici faydasız vərdişlərindən əl çəkməməsi acı reallıqdır. Ramiz Mehdiyev Rusiyapərəst mövqeyini bugün də saxlamaqla, AMEA-nın fəaliyyətini tormozlamaqla məşğuldur...

Demokratik.Az

Geri qayıt