Əsas Səhifə > Ölkə, Manşet > İşçiləri BELƏ İŞLƏYİR: “Əhali yatanda işıqları yandırırlar, səhər söndürürlər”

İşçiləri BELƏ İŞLƏYİR: “Əhali yatanda işıqları yandırırlar, səhər söndürürlər”


29-04-2021, 09:23
İşçiləri BELƏ İŞLƏYİR: “Əhali yatanda işıqları yandırırlar, səhər söndürürlər”
Ağcabədinin Nəcəfqulubəyli kəndinin 1300-ə yaxın əhalisi var. Əhalinin əsas məşğuliyyəti əkinçilikdir. Elektrik enerjisinin uzun fasilələrlə verilməsi, pay torpaqlarının zəbt olunması kəndliləri əsas məşğuliyyətlərindən uzaq salıb. DİA.AZ-ın məlumatına görə, sakinlər kənddəki işıq problemindən danışırlar. Onlar bildirirlər ki, 3 ilə yaxındır kəndin işıqları gün ərzində bir neçə dəfə və uzun fasilələrlə söndürülür. İşığın olmaması əhaliyə əziyyət verir.

“Baxın, bu dəqiqə sizinlə danışırıq, işığımız yanmır. Halbuki, nə külək var, nə yağış... Səhər saat 9-da söndürüblər, bir də günortadan sonra yandıracaqlar, 1-2 saat işıqda oturacağıq, yenə söndürəcəklər. Bir də hamı yatandan sonra – gecəyarı yandırırlar, səhər camaat yuxudan oyananda yenə söndürülür. 3 ildir ki, hər gün belə davam edir. Gedirik işıq idarəsinə deyirik, “təmir işləri gedir”, deyib, yaxalarını kənara çəkirlər. Bircə o qalıb ki, 2 min əhali axışsın icra hakimiyyətinin, işıq idarəsinin qarşısına, aksiya keçirsin, məmurları söysün, qarşıdurma, qanıqaraçılıq yaransın”, - kənd sakini deyib.

İşçiləri BELƏ İŞLƏYİR: “Əhali yatanda işıqları yandırırlar, səhər söndürürlər”

Elektrik enerjisinin kəsilməsi əhaliyə hərtərəfli problemlər yaradır: “Uşaqlar onlayn dərslərə qoşula bilmir, əkin sahələrinə su vura bilmirik, çünki motor da elektriklə çalışır. Qışda daha dözülməz olur, qaranlıqda, soyuqda qalırıq. Kimisi benzin alıb tökür, generator işlədir. Generatoru olmayan yüzlərlə ailə sutkalarla şam işığında, salyarkayla işlədilən lampanın işığında oturur. Gedirsən tibb məntəqəsinə təzyiqini ölçdürəsən, iynə vurdurasan, baxırsan ki, şam işığında oturublar. Qışda hava tez qaralır, birinin bir ağrısı tutanda kəndə təcili yardım gəlmir ki, orda işıq yoxdur, göz-gözü görmür. Camaat mağaza açır ki, başını saxlasın, qəfil işıqlar sönür, günlərlə işıq olmadığına görə mağazadakı soyuducular işləmir, ərzaqlar zay olur, adamlar zərərə düşür. Bu yaxınlarda bir sahibkar məcbur olub Ağcabədinin enerji xidmətindən imtina etdi, 17 min manat xərc çəkib obyektinə Zərdabdan işıq çəkdirdi. Bunu da hər kəs edə bilmir axı... Hamının bildiyi kimi, işıq da insan həyatı üçün hava, su kimi vacibdir. Bizi bundan məhrum ediblər”.

İşçiləri BELƏ İŞLƏYİR: “Əhali yatanda işıqları yandırırlar, səhər söndürürlər”

Kənddə başqa vacib problem yerli sakinlərə vaxtilə verilmiş pay torpaqlarından istifadə edə bilməməsidir. Onların sözlərinə görə, Taxtakörpüdə məskunlaşmış məcburi köçkünlər heyvanlarını yerli sakinlərə məxsus pay torpaqlarında otarır. Bu isə qarşıdurmalara səbəb olur: “Pay torpaqlarımızı əkə bilmirik. Kəndin örüş sahəsi 2-3 imkanlı adamın arasında bölüşdürülüb, köçkünlər gətirib heyvanlarını əkin sahələrimizə salır. Nəticədə biz əkin işləri apara bilmirik. Buna görə də insanlar arasında narazılıqlar, qarşıdurmalar yaranır. Elə bil ki, sahəni əkib, qayıdıb gəlmisən evə, bir müddətdən sonra gedib görürsən ki, əkdiyini heyvanlar yeyib dağıdıb. Köçkün deyir, gedin, örüş sahəsini alın, verin bizə, heyvanlarımızı əkin yerlərindən çıxaraq. Aidiyyəti qurumlar bir gün insan faciəsi ilə bitəcək bu boyda problemə göz yumur”.


Geri qayıt