Əsas Səhifə > Ölkə, Manşet > “ATU-da “ailə klanı” hökmranlıq edir”

“ATU-da “ailə klanı” hökmranlıq edir”


5-01-2021, 11:38
“ATU-da “ailə klanı” hökmranlıq edir”
Azərbaycan Texnologiya Universitetinin (ATU) sabiq əməkdaşı Şirinova Aygün Rafiq qızı tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Bu gün mən fəxr edirəm ki, Azərbaycanın Sizin kimi ədalətli Ali rəhbəri var. Amma Gəncədə fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetinin rəhbərliyi Sizin uğurlu və haqlı siyasətinizi nəinki dəstəkləyir, əksinə xalqın ziyalı təbəqəsini incitməklə, təhqir etməklə Sizin siyasətinizə kölgə salırlar.

Bildirirəm ki, mən 22.01.2004-cü ildən etibarən Azərbaycan Texnologiya Universitetinin Kitabxanasında əvvəlcə kitabxanaçı, daha sonra isə 29.12.2019-cu ilədək korrektor vəzifəsində işləmişəm. Əfsuslar olsun ki, Azərbaycan Texnologiya Universiteti fəaliyyətini ” Təhsil haqqında Azərbaycan Respublikası Qanunu”, Azərbaycan Respublikası Əmək Qanunu və digər hüquqi normativ sənədlər əsasında həyata keçirmir. 29.12.2019-cu il tarixində məni qərəzli şəkildə, heç bir səbəb olmadan işdən azad edən rektor,’ �?əlindən gələni beş qaba çək”, – deyib, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, kobud davrandı. Rektorun kobud davranışlarından təngə gələn universitetin çoxlu sayda elmi dərəcəsi olan professor-müəllim heyəti məcbur olub başqa universitetlərdə özlərinə iş axtararaq ATU-nu tərk ediblər.

ATU kollektivinin əsas hissəsinin əmək haqqı 250 manat, neçə illərin professorlarının maaşı 600 (altı yüz ) manat olduğu halda rektor Akif Süleymanovun oğlu Şamil Süleymanovun ”AZİNKA” şirkəti vasitəsilə təyin etdiyi prorektorların, dekanların, özlərinə yaxın hesab etdikləri şöbə müdirlərinin maaşı 1500 (min beş yüz), 5000 (beş min ) manat və daha yüksəkdir.

Əmək haqlarında bu qədər kəskin fərqlərin olması rəhbərliyin rüşvətlə məşğul olmasından xəbər verir. Hətta bunu korrupsiya adlandırmaq da olar.

Universitetdə korrupsiya son həddə çatıbdır. 09.09.2016-cı il tarixində 185 saylı əmrlə (Qurban bayramı münasibətilə) universitetin 30 nəfər əməkdaşının hər birinə 550 (beş yüz əlli) manat mükafat yazıldığı halda, sonradan həmin vəsait ATU rəhbərliyi tərəfindən toplanılaraq mənimsənilib. Şahidlər var.

Yeganə ümidimiz Sizsiniz, Cənab Prezident!

Universitetin İnsan Kapitalının İdarəetmə mərkəzinin direktoru Zaur Əliyev şəxsən mənə və mənimlə çalışan bir sıra kitabxana işçilərinə hədə-qorxu gələrək, ”dediyimiz məzmunda ərizə yazmasanız işdən azad olunacaqsınız, şəxsən özüm turniket kartınızı bağlatdıracam”, – deyərək təkidlə öz iradəmizə zidd 3 (üç) və 6 (altı) ay müddətinə əmək müqaviləsi bağlanmasına məcbur edib. İşdən azad edilən qadın iş yoldaşım universitetin hüquqşünası Müşfiq Məmmədova zəng edib etirazını bildirəndə, M.Məmmədov onu nalayiq küçə söyüşləri ilə təhqir etmişdir. Bu barədə fakt var.

ATU-da mövcud olan avtoritar idarəçilik sistemi, özbaşınalıq və qanunsuzluqlara son verilməlidir.

Azərbaycan Texnologiya Universitetində bir ailə klanı hökmranlıq edir.

Xalqın bu çətin günlərində atdığınız təqdirə layiq addımlarla sübüt etdiniz ki, Siz çətin günlərdə xalqın, hər bir vətəndaşın yanındasınız və onlara arxa-dayaqsınız. Təhsil işçilərinin problemlərinin Sizin diqqətinizdə olması hər birimizə məlumdur. Biz ailəlikcə Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı olan cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir və onun yolu ilə gedirik. Bu gün haqq-ədalətin bərpa olunması üçün Sizə müraciət edib, öz işimə bərpa edilməyimdə mənə köməklik etməyinizi Sizdən xahiş edirəm.

Göstərəcəyiniz diqqətə görə Sizə əvvəlcədən minnətdarlığımı bildirirəm”.

Geri qayıt