Əsas Səhifə > Ölkə, Manşet > Gömrük məmurunun adı hallanan ev qalmaqalı
Gömrük məmurunun adı hallanan ev qalmaqalı7-12-2020, 08:50 |
Koronavirusa yoluxub, hazırda ev şəraitində müalicə alan ana-bala dekabrın 7-də mənzildən çıxarılıb, küçədə qala bilər. DİA.AZ bildirir ki, bu barədə mənzilin sahibi Kənan Fətullayev məlumat verib. O bildirib ki, mənzil ailənin xəbəri olmadan hərraca çıxarılıb və real dəyərindən iki dəfə ucuz qiymətə onun sələmlə pul aldığı şəxsə verilib. Sözügedən mənzil Bakının Nərimanov rayonu, F.Yusifov küçəsi 45A ünvanında yerləşir. Kənan Fətullayev deyir ki, bibisi oğlu vasitəsilə tanış olduğu Xanbala Əliyevdən sələmlə 100 min dollar pul alıb, bunun müqabilində ona faiz ödəyib. Aldığı pulla əvvəldən tanış olduğu iki nəfərlə biznes qurmağı planlaşdırıb - İrandan Rusiyaya satmaq üçün mal aparcaqlarmış. Onun sözlərinə görə, ümumilikdə bu birgə işə 447 min pul qoyub, amma son nəticədə aldadılıb. O, hüquq-mühafizə orqanlarına şikayətindən sonra pulunun bir hissəsini geri alıb. Ancaq tam geri ala bilmədiyinə görə X.Əliyevdən aldığını qaytara bilməyib. “Pulu qaytarmasam da, aybaay sələmi ödəmişəm. İndiyə qədər 80 min dollara yaxın faiz ödəmişəm ona. Amma məhkəməyə verib, 100 min dollarlıq iddia qaldırdı”, - K.Fətullayev bildirib. Nərimanov Rayon Məhkəməsi X.Əliyevin iddiasını təmin edib və borcun mənzilə yönəldilməsinə qərar verilib. K.Fətullayevin fikrincə, bu qərar qanunsuzdur və onun qəbulunda kənar təsirlər də rol oynayıb. K.Fətullayev iddia edir ki, mənzilin satışı üçün hərrac zamanı da kənar təsirlər olub: “Mənim xəbərim olmadan evlə bağlı hərrac keçirilib. Mənzili hərracda 169 min manata Xanbala Əliyevə satıblar. Halbuki, real qiymət 320 min manatdır. Yəni iki dəfə ucuz. Hərracda da əvvəl mənzilin qiyməti 250 min manat müəyyənləşdirilib. Belə çıxır ki, 100 min dollara görə 80 min dollar faiz vermişəm, 320 min manatlıq evimi verirəm, üstəlik, 1000 manat da borclu qalıram...” K.Fətullayev hərracla bağlı baş verənlərə görə “Külək” MMC-ni ittiham edir: “Hərrac və qiymətləndirmə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirilib. Qanuna uyğun hərrac keçirilsəydi, mənzilin satılamsından qalan pulla mən özümə başqa bir mənzil ala bilərdim”. K.Fətullayev “Külək” MMC-nin protokolunun etibarsız sayılması üçün məhkəməyə müraciət edib: “Məhkəmə yekun qətnamə qəbul edənə qədər Nərimanov Rayon İcra və Probasiya Şöbəsi icra sənədinin icra edilməsini dayandırmalıdır. Bu ev mənim və ailəmin tək sığınacağıdır. Əgər evimiz bu cür qanunsuz şəkildə əlimizdən alınacaqsa, biz nə edə bilərik? Mən ölkə rəhbərliyinə, rəsmi qurumlara da müraciət etmişəm. Bizim səsimizə səs verilməlidir. İcra şöbəsi dekabrın 7-də saat 11:00-da bizi evdən çıxaracaq”. K.Fətullayev deyir ki, həyat yoldaşı və övladlarının koronavirusa yoluxması barədə icra məmurlarını da məlumatlandırıb, onlardan vaxt verilməsini istəyib. Amma qarşı tərəf razılaşmayıb: “Belə çıxır ki, koronavirusa yoluxmuş ailəm küçədə qala bilər”. Qanunvericiliyə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsi barədə Kütləvi İnformasiya Vasitələrində elan dərc etdirir, ipoteka saxlayan və ipoteka qoyana verilməsi təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 gün qalmış verilir. Hərracın keçirilməsinə 15 gün qalmış ikinci elan verilir. Bu mübahisədə adı hallanan X.Əliyev Naxçıvan Dövlət Gömrük Komitəsində yüksək vəzifədə çalışır. Geri qayıt |