Əsas Səhifə > Ölkə, Manşet > Apellyasiya Məhkəməsinin hakimindən ədliyyə nazirinə şikayət
Apellyasiya Məhkəməsinin hakimindən ədliyyə nazirinə şikayət5-12-2020, 11:25 |
Bugünlərdə redaksiyamıza müraciət edən Bakı şəhər sakini Elşən Ağa oğlu Hüseynov Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun fəaliyyətindən şikayətlənib. Belə ki, Elşən Hüseynovun sözlərinə görə, adıçəkilən hakim iddiaçı Rəna Müştəba qızı Kərimova ilə onun və digər cavabdeh Tural Rizvan oğlu Əsgərov arasında olan məhkəmə işini ədalətli aparmayıb və qərəzli qərar qəbul edib. “Hakim Qəhrəman Allahverdiyev tərəfindən 2018-ci ildə verilən qərar ləğv edilərək, işin obyektiv baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib, lakin Elnur Həsənov…” Ali Məhkəmənin Mülki İşlər Kollegiyasına Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8822/2018 saylı, 12 sentyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verdiyini deyən Elşən Hüseynov bildirib ki, Ali Məhkəmənin Mülki İşlər Kollegiyası 2(102)-1871/2019 saylı 03 aprel 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətini təmin edib, apellyasiya məhkəməsinin qətnaməsini ləğv edib, işi təkrar apellyasiya baxışına göndərib: “Beləliklə də hakim Qəhrəman Allahverdiyev tərəfindən 2018-ci ildə verilən qərar ləğv edilərək, işin obyektiv baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Onu da qeyd edim ki, Ali Məhkəmənin Mülki İşlər Kollegiyası işi apellyasiya baxışına göndərərkən Bakı Apellyasiya Məhkəməsinə göstəriş vermişdir ki, Suraxanı rayon və Bakı Apellyasiya məhkəmələri işə baxarkən cavabdehlərin – Hüseynov Elşən Ağa oğlunun və Əsgərov Tural Rizvan oğlunun istifadəsində olan mübahisəli torpaq sahəsinə baxış keçirməmiş, mübahisəli torpaq sahəsinin Suraxanı rayon ərazisində deyil, Nizami rayon ərazisində yerləşməsinə dair dəllilərinə qiymət verməmiş və həmin dəlilləri qəbul etməmələrinin səbəblərini əsaslandırmamış, işdə olan mütəxəssis rəyinə istinad etmişdir. O cümlədən Ali Məhkəmənin Mülki Kollegiyası işin yeni apellyasiya baxışı zamanı həqiqətə nail olmaq üçün mübahisəli torpaq sahəsi ilə bağlı müvafiq ekspertiza təyin edilməklə rəy alınması və cavabdehlərin dəlillərini obyektiv yoxlamaqla qiymətləndirilməsini Bakı Apellyasiya Məhkəməsinə tapşırmışdır. Lakin Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənov iş üzrə məhkəmə qətnaməsindən verdiyim apellyasiya şikayətinə baxarkən tamah məqsədi ilə qanunun tələblərini kobudcasına pozaraq Ali Məhkəmənin 2(102)-1871/2019 saylı 03 aprel 2019-cu il tarixli qərarındakı göstərişləri yerinə yetirməyib və iş üzrə dövlətin adına xələl gətirən qanunsuz, əsassız 2(010)-1017/2017 saylı, 22 noyabr 2019-cu il tarixli qətnaməsini çıxarıb. Yəni hakim Elnur Həsənov tamah məqsədi ilə qanunun tələbini pozub, mübahisəli torpaq sahəsinə baxış keçirmədən, torpaq sahəsinin hansı rayonun inzibati ərazisində yerləşməsini müəyyən etmədən və torpaq sahəsi üzrə ekspertiza təyin etmədən, Bakı Apellyasiya Məhkəməsinin 2 (103)-8419/2019 saylı, 20 iyun 2019-cu il tarixli qətnaməsini çıxarıb”. “Qanununvericilik hakimlərdən bir başa tələb edir ki, məhkəmələr torpaq sahələri üzrə mubahisələrə baxarkən torpaq sahəsinə baxış keçirməli və torpaq sahəsinin statusunu müəyyən etməli, bundan sonra mübahisəyə mahiyyəti üzrə baxmalıdır” Elşən Hüseynov qeyd edib ki, o və digər cavabdeh Tural Rizvan oğlu Əsgərov, eyni zamanda vəkilləri məhkəmə iclaslarında hakim Elnur Həsənovdan iddiaçı Rəna Müştəba qızı Kərimovanın iddia etdiyi mübahisəli torpaq sahəsinə baxış keçirilməsini xahiş edib: “Lakin hakim Elnur Həsənov vəsatətimizi təmin etmədi və iddiaçının, cavabdehlərin torpaq sahələri üzrə zərururi olan sənədləri əldə etmədən, ekspetiza keçirmədən və torpaq sahəsinə baxış keçirmədən qanunsuz qətnamə çıxarıb. Halbuki, qanununvericilik hakimlərdən bir başa tələb edir ki, məhkəmələr torpaq sahələri üzrə mubahisələrə baxarkən bir mənalı formada torpaq sahəsinə baxış keçirməli və torpaq sahəsinin statusunu müəyyən etməli, bundan sonra mübahisəyə mahiyyəti üzrə baxmalıdır. Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənov isə hansı marağa görə, qanunvericiliyin və Ali Məhkəmənin qərarındakı tələblərə məhəl qoymayıb. Bundan başqa, hakim Elnur Həsənovun qanunsuzluğunu təsdiq edən faktlardan biri də ondan ibarətdir ki, o, Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qətnaməsindən vermiş olduğum kassasiya şikayətinə və ötürülmüş müddətin bərpasına dair vermiş olduğum ərizəyə baxılmasına dair işi 12 noyabr 2020-ci il saat 12:25-ə təyin edib. Lakin hakim qeyd olunan tarixə təyin edilmiş məhkəmə iclası barədə bildirişi 4 noyabr 2020-ci il tarixdə poçt vasitəsi ilə göndərmiş və həmin bildiriş mənə 23 noyabr 2020-ci il tarixdə poçt işçiləri tərəfindən qəbzə imza etdirilməklə təqdim edilib”. Bildirişi aldıqdan sonra Bakı Apellyasiya Məhkəməsi ilə əlaqə saxladığını vurğulayan Elşən Hüseynovun sözlərinə görə, o zaman məlum olub ki, hakim Elnur Həsənov onun iştirakını təmin etmədən işə baxıb: “Bütün bunlar bir daha onu göstərir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənov tamah məqsədiylə və ya kimlərinsə tapşırığı əsasında məhkəmə işini ədalətli aparmayıb və sonda iddiaçı Rəna Müştəba qızı Kərimovanın xeyrinə qərar verib. Məhz bu səbəbdən də “Hürriyyət” qəzeti vasitəsiylə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə müraciət edir, onlardan qanunun tələblərini pozduğuna görə hakim Elnur Həsənovun cəzalandırılmasını, dövlətin adına xələl gətirən qətnamənin nəzarət qaydasında yoxlanılmasına, Bakı Apellyasiya Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qətnaməsindən vermiş olduğum kassasiya şikayəti üzrə ötürülmüş müddətin bərpası ilə bağlı məhkəmə iclasının yenidən təyin edilməsinə və pozulmuş hüquqlarımın bərpa edilməsinə köməklik etmələrini xahiş edirəm”. “Elnur Həsənov və digər hakimlər icraatlarındakı işə ədalətlə baxmalı, bu zaman “Məhkəmələr və hakimlər haqqında” Qanunun 95-ci və 99-cu maddəsində əks olunan mühüm məqamları nəzərə almalıdır” Beləliklə, sonda Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun nəzərinə çatdırmaq istərdik ki, hər bir hakim icraatında olan işə baxarkən, “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələblərini unutmamalı və Azərbaycan dövləti adından qərar verdiyini göz önünə almalıdır. Çünki onların çıxaracaqları qərar ədalətsiz olarsa, bu, Azərbaycan dövlətinin adına, onun beynəlxalq imicinə xələl gətirə, hətta Avropa Məhkəməsinin ölkəmizlə bağlı arzuolunmaz qərar qəbul etməsinə səbəb ola bilər. Məhz buna görə də Elnur Həsənov və digər hakimlər icraatlarındakı işə ədalətlə baxmalı, bu zaman “Məhkəmələr və hakimlər haqqında” Qanunun 95-ci maddəsində qeyd olunan hakimlərin andını, o cümlədən 99-cu maddədə əks olunan mühüm məqamları nəzərə almalıdır. “Hürriyyət” P.S. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |