Əsas Səhifə > Ölkə, Manşet > Camaatı soyuqdan qıran kimdir?

Camaatı soyuqdan qıran kimdir?


19-11-2020, 10:56
Camaatı soyuqdan qıran kimdir?
Artıq istilik mövsümü başlasa da, bir sıra ərazilərdə, paytaxtın və Sumqayıtın bəzi ərazilərində sakinlər istilik üzünə həsrət qalıblar. Paytaxtın Nərimanov rayonunda, Sumqayıt şəhərinin "Birləşmiş Məhəllə" adlanan ünvanında yaşayan sakinlər də bu problemdən əziyyət çəkirlər. Sakinlərin sözlərinə görə, problemlə əlaqədar olaraq aidiyyəti üzrə "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinə dəfələrlə müraciət ediblər. Lakin onlara problemin nədən qaynaqlandığı haqda heç bir söz deyilməyib.

Məsələ ilə bağlı "Azəristiliktəchizat" ASC-yə müraciət etdik. Qurumdan Sputnik Azərbaycan-a problemin qazla bağlı olduğu deyilsə də, digər suallarımız cavabsız qaldı. Bildirildi ki, məsələlərə aydınlıq gətirildikdən sonra daha ətraflı məlumat veriləcək.

Lakin istiliyin hansı səbəblə verilməməsi, qurumun borclu olub-olmaması, yaranan problemin texniki səbəblərdən qaynaqlanıb-qaynaqlanmaması, bundan başqa, əgər problem qazın verilişi ilə əlaqədardırsa, bununla bağlı olaraq "Azəriqaz" İstehsalat Birliyinə müraciət edilib-edilməməsi haqda isə heç bir məlumat verilmədi.

Sakinlərin sözlərinə görə, "Azəristiliktəchizat" ASC-nin "Azəriqaz" İstehsalat Birliyinə borcu olduğu üçün, qurumlararası çəkişmədən vətəndaşlar əziyyət çəkir.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov Sputnik Azərbayan-a açıqlamasında məsələyə bu cür aydınlıq gətirib:

"Bu məsələdə bizim mövqeyimiz konkretdir. Borcla bağlı məsələlərə "Azəristiliktəchizat" ASC toxunursa, qoy bütün məsələləri özü açıqlasın. Bizim qaz təchizatı ilə bağlı istər qazanxanalar olsun, istər digər sifarişçilər olsun, heç bir problemimiz yoxdur. Biz sifarişçinin qazla təchizatı ilə bağlı sifarişini müəyyən prosedurlar icra olunmaqla həyata keçirməyə hazırıq və bunun üçün kifayət qədər qaz ehtiyatımız da var. Sözsüz ki, sifarişçi də özü ödənişlə bağlı öhdəliklərini yerinə yetirəcək şərtləri qəbul etməlidir. Qazanxanalar, mərkəzləşdirilmiş istilik sistemi olan digər yerlər qaz ala bilmirsə, bunun səbəbini özləri açıqlasalar yaxşıdır. Onlar problemin nədən qaynaqlandığını açıqlasınlar".
Qurum rəsmisi nümunə olaraq bildirib ki, istilik ala bilməyən yaşayış ünvanlarında məişətdə qazın verilişində hər hansı problem yoxdur, sadəcə olaraq problem istilik aldıqları qazanxanalardan gəlir.

"Azərisitliktəchizat" ASC-dən Sputnik Azərbayca-a son olaraq bildirildi ki, artıq qazla bağlı bütün məsələlər həllini tapıb, işləməyən qazanxanaları işə salınnması davam etdirilir.

Bu optimist cavaba baxmayarq, sakinlərdən aldğımız məlumata görə, hələ də bir çox ünvanlarda istiliyin verilməsi bərpa olunmayıb.



Geri qayıt