Əsas Səhifə > Ölkə, Manşet > Hansı məmurların kompromat ƏNDİŞƏSİ VAR?..
Hansı məmurların kompromat ƏNDİŞƏSİ VAR?..12-09-2020, 12:10 |
Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev bugünlərdə “Təzadlar” qəzetinə danışaraq, “əgər onların barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər” deyə bildirib. Maraqlıdır, görəsən, Ramiz Mehdiyev bu sözləri deməklə kimləri nəzərədə tutur, hansı vəzifə sahiblərinin bostanına daş atır?.. Şübhəsiz ki, Prezident Administrasiyasının keçmiş rəhbərinin hazırda yüksək postlarda təmsil olunan bir çox şəxslər haqqında ciddi məlumatlara sahib olmasında təəccüblənəcək durum yoxdur. “Boz kardinal” ləqəbi ilə tanınan Ramiz Mehdiyevin hələ sovet dönəmində ölkənin ən yüksək vəzifələrində çalışdığını nəzərə alsaq, o zaman ehtimal etmək olar ki, həqiqətən də o, dövlətin ən mühüm postlarında təmsil olunan məmurların dosyelərinə malikdir. Onu da əlavə edk ki, Ramiz Mehdiyev “Təzadlar” qəzetinə verdiyi açıqlamasını daha sonra təkzib etməsi, onun hələ əlində olan “kartları” açmaması, Prezident Administrasiyasının keçmiş rəhbərinin gələcəkdə dövlətə qarşı daha böyük zərbə endirmək üçün münasib məqam gözlədiyindən xəbər verir. “Biz yazmışıq ki, razılaşmaya əsasən, akademik Ramiz Mehdiyev yaxın günlərdə “Təzadlar”a müsahibə verəcək, yazmamışıq ki, müsahibə verib” Nəzərinizə çatdıraq ki, “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin onlara verdiyi açıqlamanı təkzib etməsinə özünün “Facebook” səhifəsində toxunub. Mərzilinin sözlərinə görə, məlumatdan da göründüyü kimi, akademik Ramiz Mehdiyevin “Təzadlar”ın əməkdaşı ilə söhbəti inkar edilmir: “Hətta söhbət əsnasında akademikin bəzi şəxslərlə bağlı söylədiyi ittiham və məlumatları məlum yazımızda qeyd edilməyib, lakin Mətbuat və İnformasiya Xidmətinin məlumatında bu barədə bəhs edilir: “Nəhayət, Mətbuat və İnformasiya Xidməti də öz məlumatında diplomatik formada qeyd edir ki, “…bu günlərdə akademik Ramiz Mehdiyev heç bir yerli və xarici KİV-ə müsahibə verməmişdir”. Bəli, biz də yazmışıq ki, razılaşmaya əsasən, akademik Ramiz Mehdiyev yaxın günlərdə “Təzadlar”a müsahibə verəcək, yazmamışıq ki, müsahibə verib”. Bundan başqa, Asif Mərzili “Təzadlar” qəzetinin əməkdaşı Elçin Məmmədlinin Ramiz Mehdiyevlə 15-20 dəqiqlə telefonla danışığının baş tutduğu da əlavə edib: “Mənim yanımda əməkdaşımız Elçin Məmmədli zəng etdi, mən nömrəsini verdim. Orda qeyd edilir ki, şəhər telefonuna zəng etmişik. Amma biz onun mobil telefonuna zəng etdik. Dediklərini belə az yazdıq. Maksim Musayev və Fəzail Ağamalının da əleyhinə çox şeylər danışdı. Biz yazmadıqlarımızı da özləri açır. Mən onların məlumatına hörmətlə yanaşıram. Amma bu, təkzib deyil. “Ramiz Mehdiyev nə xarici, nə də ölkədaxili mətbuata müsahibə verib” deyirlər. Biz onsuz da onun bizə müsahibə verdiyini iddia etmədik ki”. “Zaman-zaman belə məsələlərin və təhdidlərin olması ölkənin daxilində gedən siyasi proseslərə də kölgə salmış olur” Mövzuyla bağlı Respublikaçı Alternativ Partiyasının (REAL) Siyasi Komitəsinin üzvü və icra katibi Natiq Cəfərli “Hürriyyət”ə açıqlamasında, Ramiz Mehdiyevin əlində kifayət qədər ciddi məlumatların olduğunu bildirib. O, Ramiz Mehdiyevə bağlı insanların cəzalandırılmayacağı təqdirdə, ölkə daxilində müəyyən təhlükələrin yaranması ehtimalının olacağını qeyd edib: “Ramiz Mehdiyev müstəqillikdən üzü bəri Azərbaycanda çox vacib açar füqurlardan biri olub. Əsasən də daxili siyasətin dizaynında zaman-zaman ən öndə gedən füqurlardan olub. Xüsusən də 2000-ci illərin ortalarında kifayət qədər nüfuzu və təsir imkanları olub. Əslində, onun məlumatlı olması heç də təəccüblü deyil. Təbii ki, onun əlində kifayət qədər ciddi məlumatlar var. Sadəcə, onun dediyi fikirlər çox güman ki, xəbərdarlıq və yaxud da şantaj xarakteri daşıya bilər ki, ona qarşı olan danışıqlara və tənqidlərə son qoyulsun. Bununla da onun cavab reaksiyası xəbərdalıq xarakterli bəyanata bənzəyir”. REAL-ın icra katibi hesab edir ki, Ramiz Mehdiyevə bağlı insanlarla bağlı məsələ birdəfəlik həll olunmalıdır: “Yəni, bunlar uzun illər dövlətin vacib postunda qalaraq, ölkə daxili siyasəti, iqtidar-müxalifət, media, sivil toplum və xarici əlaqələrlə bağlı münasibətlərin korlanmasında və yaxud da başqa cür dizayn olunmasında iştirakları olubsa, bütün bunların hamısı ortalığa çıxarılmalıdır. Bunlar ortalığa çıxarılmalı və bununla da bu səhifə qapadılmalıdır. Nə qədər bu səhifə açıq qalacaqsa, bununla bağlı, ölkədə daxilində müəyyən təhlükələrin yaranması ehtimalı da olacaq. Onların əlində hansısa məlumatın olması, heç də təəccüblü deyil. Sadəcə, heç bir məmur belə sözlərlə dövlətin işinə və iş qaydalarına şantaj edə bilməz. Bu şantajın mənbəyi kökündən həll olunmalıdır. Birdəfəlik siyasət səhnəsində daxili münasibətlər də ağarmalıdır. Zaman-zaman belə məsələlərin və təhdidlərin olması ölkənin daxilində gedən siyasi proseslərə də kölgə salmış olur. Bir növ qaranlıq dönəmlərin olmasına işarədir. Hansısa qanun pozuntuları olubsa, hamısı üzə çıxıb, birdəfəlik hər kəs layiq olduğu cəzasını almalıdır”. “Onun sözlərinin mənə dəxli yoxdur, 1998-ci ildən bəri Ramiz Mehdiyevlə qarşı-qarşıya olan insanam” Ramiz Mehdiyevin “Təzadlar” qəzetində eleyhinə danışdığı şəxslərdən biri də deputat Fəzail Ağamalıdır. Ramiz Mehdiyevin məlum fikirlərinə münasibət öyrənmək üçün Fəzail Ağamalıyla əlaqə saxladıq. Deputat “Hürriyyət”ə açıqlamasında, Prezident Administrasiyasının keçmiş rəhbərinin sözlərinin ona aid olmadığını və əksinə onunla 1998-ci ildən bəri qarşı-qarşıya olduğunu bildirdi: “Onun sözlərinin mənə dəxli yoxdur. Mən 1998-ci ildən bəri Ramiz Mehdiyevlə qarşı-qarşıya olan insanam. O məni nə himayə edib, nə də hər hansısa yaxşılıq və ya köməklik edib. Əksinə, imkanları daxilində problemlər yaradıb. Onun da dediyi bu sözlərin mənə qətiyyən dəxlisi yoxdur. Artıq dediyimiz demişik”. Ola bilsin ki, Ramiz Mehdiyevin taleyi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun taleyi kimi olacaq. Görünür, onların toxunulmazlığının əsas səbəbi dövlətdə təmsil olunan yüksək ranqlı məmurlarla bağlı çox güclü kompromatlara malik olmalarıdır. Geri qayıt |