Əsas Səhifə > Ölkə, Manşet > “Hələ bir soruşursunuz da Kamal Abdulla mənə nə edib?”
“Hələ bir soruşursunuz da Kamal Abdulla mənə nə edib?”1-10-2019, 11:30 |
2019-cu il… İlk dəfədir ki, sentyabr ayında tədrisə və təhsilə Elinanın intihara cəhd etdiyi pəncərədən boylandım. Şəxsiyyətimin bir parçası olan, özümü dərk edəndən məndən ayrılmayan müəllim kimliyim intihara cəhd etdi və Elinanın taleyindən fərqlənməyən əzablar çəkdi. Məhz Elinanın müəmmalı ölümü kimi mənim də müəllim identikliyim sui-qəsdə məruz qaldı və toplumun biganəliyindən, ədalətsizliyindən, ətrafdakıların ləyaqətsizliyindən və qorxaqlığından usanıb məni tərk etdi. Amma Elinanın ölümü həm də bu cəmiyyətin üzünə vurulan sillə idi… Reallıq isə budur ki, qızcığazın ölümündə günahkarlar isə sentyabr ayında azadlıqdadır. Məktəbin direktoru bu yaxınlarda jurnalistlərə müsahibə verərkən nəşəsini, rişxəndini niyə gizlədə bilmirdi yəqin ki, bütün ölkəyə müammadır. Təhsil nazirimiz Ceyhun Bayramov hələ də mövqesizliyində davam edir. Övladı birinci sinifdə təhsil alan bir valideyn kimi təhsil sistemində baş verən ağır cinayətlər və Təhsil Nazirliyinin bu məsələyə biganə yanaşması məndə ruhi sarsıntı yaradır. Biganəlik sözünü təsadüfü işlətmədim. Dillər Universitetində yaşananlardan, üzləşdiyimiz problemlərdən xəbərdarsınız. Bu ali məktəbə təyin olunar-olunmaz Kamal Abdulla özünü “xilaskar”, “göydən enmiş mələk”, “Nikolayı taxtdan salan Lenin”, “Hillarini seçkidə məğlub edən Tramp” kimi aparırdı. Bu bənzətrmə sizə şişirtmə kimi görünməsin. Axı bir vaxtlar Nobel mükafatı sevdasına düşmüş bu adam az qala özünü fövqəlbəşər yazıçı sayırdı. Sanki qeyri-adi əxlaqı, zehni, zəkası və təbiəti etibarilə adi insanlardan ucada dayanırdı və az qala özünü buna inandırmışdı da… Kamal Abdullanın təbliğat maşını elə işləyirdi ki, sanki universitet müharibə şəraitində imiş. Bu da “qurtuluş savaşçısı” kimi peyda olub Universiteti xilas etmişdi. Ona görə də hər il iyunun 1-i xüsusi qeyd edilir, rəsmi səhifədə, əlavə olaraq rektorun yaxınlarının, tərəfdaşlarının səhifələrində Kamal Abdullanın şəninə tərif və təbriklər, təntənəli statuslar yazılır. Universitet büdcəsi hesabına hər dəfə eyni adamlar səfərlərə gedib-gəlir, qonaqlıqlarda iştirak edirlər. Biz müəllimlər isə konfranslara, seminarlara hələ öz hesabımıza gedəndə belə minnətlə icazə almağa çalışırdıq. Reklamı Kamal Abdullanın, əziyyəti isə univetsitet əməkdaşlarının olan konfransları isə heç xatırlamaq istəmirəm. Bu insanın məqsədi yalnız özünüreklamdı, media qarşısında yaratdığı obrazı daha da gözlərdə böyütməkdir. Öz xəyalında “bütün ölkəyə səs salmaq” naminə konfranslar edir, xarici qonaqlar dəvət edir və o qonaqların xərclərini isə dekanlara, kafedra müdirlərinə ödədir. Deməli, çox önəmli bir bölgü üçün xüsusi qrafik təşkil olunur, dekanlar iş-güclərini atır, sanki “guide” olurlar və 3-5 gün həmin qonaqlarla məşğul olurlar. Qrafikdə isə şəhəri ekskursiyadan tutmuş, qonaqların yemək xərcləri və aparılacaq restorana qədər qeyd olunur. Niyə univetsitet əməkdaşları öz vəsaiti hesabına konfransa gələn qonaqları yedirib-içirib gəzdirib alış-verişə aparmalı, bunun əvəzində də Kamal Abdulla öz reklamını qurmalıdı ki?! Bu suallara cavab verənləri isə bizim aqibətimiz gözləyir… Belə reklam kampaniyalı tədbirlərin birini də Xarici ölkələr ədəbiyyatı kafedrası olaraq biz təşkil etmişdik. 2017-ci ilin noyabr ayında baş verən tədbirdən sonra tam əmin idim ki, mən Pərvin Mürsəlova Kamal Abdulla kimi rektorla işləyə bilməyəcəyəm. Akademik təhsili Səadət sarayındakı toy tədarüklərindən ayıra bilməyən “professor” Aynur Sabitova, “Ümumuniversitet xilaskarı” Kamal Abdullanın gözünə girmək üçün “start” verilmiş müsabiqədə az xal qazanmaq istəmirdi. Çünki “öz komandamı quracağam” deyən Kamal Abdulla üçün hər kəs hədəf idi: ya rektorun məkrli planlarına əməl etməliydin, ya da çıxıb getməliydin, başqa yol yox idi… Aynur Sabitovanın isə Kamal Abdullanın yanında gözü kölgəli çox işi vardı. Eyni vaxtda bir neçə rəhbər vəzifə icra edən A.Sabitova rektorun “qara siyahısında” ilk sıralarda dururdu. Ədliyyə Nazirliyində İnsan hüquqları və ictimaiyyətlərlə əlaqələr idarəsinin rəisi vəzifəsini icra edən rəis əvəzi olaraq səhər 9:00dan axşam 18:00a qədər rəsmi işləyən Aynur Sabitova hansı saatlarda və necə olur ki, universitetdə həm yarımştat müəllim, həm də böyük və nüfuzlu kafedra müdiri kimi fəaliyyət göstərsin. Bunun maliyyə və qanunsuzluq tərəflərini qoyuram bir kənara, fiziki olaraq da axı heç çatdırmaq mümkün deyil… Rusiya Federasiya Dövlət Dumasından nümayəndə heyəti ADU-ya təşrif buyuranda adəti üzrə “xilaskarımız” öz dostlarını universitet əməkdaşlarının cibinin hesabına toy-büsatla qarşılamalı idi. Toy işlərində Sabitova peşəkar olduğu üçün Dumadan olan nümayəndə heyətini razı salmağı A.Sabitova öz boynuna götürdü. Hətta “xilaskarımız” unutmayıb ciddi bir tapşırıq da vermişdi ki, Rusiya Federasiyasının nümayəndə heyətinə çayçılığı, bufet işçiləri dura-dura məhz “yaxşı vidi-fasonu” (xalq yazıçısı Kamal Abdullanın öz sözləridir) olan gənc fəlsəfə doktoru və dosent xanım müəllimlər etsin. Hətta Aynur Sabitova qab-qacaq almağı, şirniyyat süfrəsini hazırlamağı bütün kafedra heyətinə tapşırmışdı. Qonaqlıq oldu, çaylar da süzüldü, yeyildi, içildi. Həmin gün ziyafətdə olan, çay süfrəsinin təşkilində canla başla iştirak edən, çayçılıq edənlər, çayçılıq edən müəllimlərə susub baxanlar, sözüm sizlərədir. Kamal Abdullanın qəbulunda gözləyib Pərvin Mürsəlovaya qarşı izahat yazmaq müqabilində mükafatlananlar, illərlə tələbələri vikipedia materialları ilə yola verənlər, pulla dissertasiya yazdıranlar, titul alanlar, xarici dildə 90 dəqiqəlik mühazirə və seminarlar tədris edə bilməyənlər və nəhayət, başqa qeyd edə bilmədiyim rəzalətləri görüb susanlar, sözüm sizədir. Haqqımda iğtişaşçı, üsyankar, “Kamal Abdullaya qarşı çıxıbdırsa, demək, Prezidentə qarşı çıxıbdır” kimi sözləri Kamal Abdulladan əzbərliyib tutuquşusayağı təkrarlayanlar və bu məlumatı yazılı izahatda qeyd edənlər, sözüm sizədir. Siz hansı əsrdə yaşayırsınız? Birincisi, rektorun fəaliyyətində idarəçiliyində olan qüsurları göstərmək niyə prezidentə qarşı bir davranış hesab olunmalıdır? Kimdir Kamal Abdulla, sultandır? İkincisi, niyə özünü prezidentlə eyni statusta görür? Kamal Abdulla hansı faktlara əsasən və nə cürətlə məni mediya yayımda bütün Azərbaycana iğtişaşçı kimi təqdim edə bilir? Ən əsası Kamal Abdulla bütün ölkəyə sübut etmək istəyir ki, Azərbaycanda diktatura rejimidir, özü bir rektor kimi bu diktaturaya xidmət edir və bizim ölkədə söz azadlığı mövcud deyil. Kim tənqidi fikrini söyləyirsə, onu dövlətə xəyanətdə və ya iğtişaşda ittiham edib işdən qovmaq olar, onun karyerasını məhv etmək və bütün həyatını alt-üst etmək olar. ADU-nun tələbələrini az qala cəmiyyətə terrorist kimi təqdim edib, özünü bu iğtişaşları sakitləşdirən bir xilaskar kimi cəmiyyətə sırımaq olar. Kamal Abdulla sizə kim o haqqı verib ki, Azərbaycan Respublikası vətəndaşının Konstitusiya hüququnu pozasınız? “Tupoy” təhqirini özlərinə “hörmətsiz” rektorun ərki hesab edənlər, sizin yerinizə xəcalət çəkirəm. Mənim qovulma əmrimə sizin qol çəkməyiniz bir daha sizin hər birinizin müəllim adına layiq olmadığınızı sübut etdi. Siz, sadəcə, qullarsınız, özü də Kamal Abdullanın qulları… Dövlət strukturları eləcə də prezident İlham Əliyev xəbərdar olmalıdır ki, Kamal Abdulla kimi provokator, vəzifəpərəst, məsuliyyətsiz, qanunlardan xəbəri olmayan, akademik titulu daşıyan , lakin heç bir ziyalı davranışına malik olmayan şəxs qəti şəkildə mənim və xalqımın yazıçısı ola bilməz və birmənalı şəkildə gənclərin tədris prosesində rəhbərlik göstərməməlidir. Belə bir şəxslərin vəzifə başında olması dövlətin onurğa sütununa öldürücü zərbədir. Kamal Abdulla ilə aramızda olan konflikt mənə sübut etdi ki, vətəndaşı olduğum ölkədə Təhsil Nazirliyi, Prezident Adminstrasiyası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ombudsman, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi heç də hüququ tapdalanmış vətəndaşın mənafeyini qorunması üçün cəhd göstərmir və ölkədə qanun deyil, tanışlıq, qohumluq, vəzifə, pul amilləri hökm sürür. Əks halda bir “qaynar xətt”ə ünvanlanan məktuba görə gənc kadr iki həftə ərzində iki töhmət alıb, ən ağır mülki cinayət maddəsi ilə qovulmazdı və elmi fəaliyyətdən məhrum edilməzdi. Vəzifə cinayəti faktları açıq-aşkar təqdim olunmasına baxmayaraq, heç bir rəsmi struktur Kamal Abdullanı, törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb etməyi bacarmadı və hələ də məhkəmələrdə tragikomediyalar davam etməkdədir. Təhsil naziri Ceyhun Bayramov, Prezident Adminstrasiyasının Humanitar işlər üzrə şöbə müdiri Fərəh Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Ombudsman Elmira Süleymanova və Kamal Abdullanı yerə-göyə sığışdırmayan dövlət məmurları, deputat dostları, yazıçılar, akademik və professorlar, sizə səslənirəm: “Axırıncı aşırım” filminin baş qəhrəmanı Kərbəlayi İsmayıl demişkən: “Hələ bir soruşursunuz da Kamal Abdulla mənə nə edib?” Başqa nə etməli idi ki… Tədrisi pozdu, büdcəni taladı, tələbələri satın aldı, imtahanları bazar etdi, “70 ç” əmri ilə qovdu, mətbuatda özü və özü kimiləri tərəfindən şər, böhtan, təhqirlərə məruz qoydu, məhkəmələrdə tragikomediyalar təşkil elətdirdi, amma sizlər susdunuz. Susdunuz ki, Kamal Abdulla istədiyini etsin. Ceyhun Bayramov, bu yaxınlarda mənimlə görüşdə məhkəmə prosesinin nəticəsini gözləyəcəyinizi qeyd etdiniz. Nə oldu nəticə? Sizin “Qaynar xətt”ə olan məktub ünvanlamağım ucbatından işdən qovuluram, gözləyirsiniz. Bir ay müddətində təqiblərə, təhdidlərə məruz qalıb yenə “qaynar xətt”ə zənglər edirəm, bir tədbir görmürsünüz. Əmrdə məhz “qaynar xətt”ə ünvanlanan məktuba görə “70 ç” ilə qovduğunu qeyd edib altından imzasını çəkən rektorun qarşısını almır, vəziyyəti operativ araşdırmır, qovulandan sonra işçinizin göndərdiyi məktubun məzmunundan xəbərdar olmursunuz. Mən məhkəməyə müraciət etdikdən sonra isə bildirirsiniz ki, siz hüquq məsələlərinə müdaxilə edə bilməzsiniz? Axı sizə ünvanlanan məktuba görə qovulmuşam. Niyə “qaynar xətt”ə göndərilən məktub sabahı gün Kamal Abdullanın əlində idi? Təhsil Nazirliyi nümayəndələri niyə məhkəmələrdə iştirak etmir? Nəyi gözləyirsiniz, Ceyhun Bayramov? Məhkəmələr Kamal Abdullanın xeyrinə qərar çıxardacaq. Mən Avropa Məhkəməsinə müraciət edəcəyəm və siz məmurların məsuliyyətsizliyi ucbatından Kamal Abdulla Azərbaycanı biabır edəcək. Onu gözləyirsiniz? İş qabiliyyətli, gənc kadr, elmi işçi, 2019-cu ilin fevralından ağır maddə ilə işdən qovulur, təhsildən, tədrisdən imtina edib, müəllim kimliyinə sui-qəsd edir, siz isə gözləyirsiniz: Qərarı… Məhkəmənin qərarını… Redaksiyadan: Azərbaycan Dillər Universitetinin işdən uzaqlaşdırılan müəllimi Pərvin Mürsəlova üzləşdiyi problemlə bağlı geniş yazı ilə çıxış edib. O, işdən ovulmasını qanunsuz və əsassız sayaraq, sözügedən universitetin rektoru Kamal Abdulla ilə bağlı ciddi iddialar səsləndirib. Yazıdakı iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Pərvin Mürsəlova, ADU-nun keçmiş müəllimi Mənbə: arqument.az Geri qayıt |