Əsas Səhifə > Ölkə, Manşet > “Riyad-farm” şirkətinin sabiq şefinin çoxmilyonluq talanı

“Riyad-farm” şirkətinin sabiq şefinin çoxmilyonluq talanı


8-06-2019, 12:21
“Riyad-farm” şirkətinin sabiq şefinin çoxmilyonluq talanı
2015-ci ildə “Riyad-farm” MMC-yə məxsus apteklərin bağlanması,şirkətin iflası ilə bağlı xəbərlər mediada geniş yayılırdı. Həmin vaxt şirkətin yüz faiz paylı təsisçisi və direktoru Aqil Quliyev və şirkətin real sahibi və idarəçisi Həsən Şərifovun hüquq-mühafizə orqanları tərəfindən həbs edilməsi ilə bağlı məlumatlar verilirdi. Problemin Azərbaycan Beynəlxalq Bankına olan 200 milyonluq borcdan qaynaqlandığı bildirilirdi. Lakin,sonradan mövzu necə deyərlər gündəmdən çıxarıldı və Həsən Şərifov unuduldu. “Unudulmaz unudulmuş”un həyat yolu və fəaliyyəti ilə bağlı Rubrika.az saytı araşdırma apararaq ictimaiyyəti yenidən məlumatlandırmaq qərarına gəlib.
Həsən Şərifov ali təhsilini BDU-nin tarix fakültəsində alsa da onun həyat tarixçəsi tamam başqa istiqamətdə inkişaf edib. Özünü dərman biznesi sahəsində sınamaq qərarına gələn H.Şərifov qardaşı Asif Şərifovun köməyindən lazımınca istifadə edib. Qardaşının yaxından köməkliyi ilə “Riyad-farm”ın icraçı direktoru vəzifəsinə qədər yüksələn Həsən Şərifov Rusiyanın paytaxtı Moskvada özünə geniş biznes şəbəkəsi formalaşdırıb. Azərbaycan Beynəlxalq Bankının Moskva filialından çoxmilyonluq kredit götürən H.Şərifov götürdüyü krediti təyinatı üzrə deyil,daha çox özünün şəxsi biznesinin çiçəklənməsinə sərf edib. Həsən və Asif Şərifov qardaşlarının “Riyad-farm” şirkətinin gəlirlərini və banklardan götürdükləri kreditləri özlərinə məxsus kənd təsərrüfatı biznesinə (3000 hektar meyvə bağları, soyuducu anbarlar, meyvə şirəsi və konsentratı zavodu və s.) , Moskvadakı bizneslərinə yatırmaları sonradan onlar üçün problemə çevrilib.
Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevin həbsindən sonra Şərifovların da biznesinin qürubu başlayıb. Qeyd etdiyimiz kimi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilən Həsən Şərifov bundan sonra fəaliyyətini sanki “dondurur”.
Rubrika.az saytının apardığı araşdırmalara əsasən, H.Şərifov ABB-dən götürdüyü milyonlarla manat krediti Rusiyada və Azərbaycanın müxtəlif bölgələrində şəxsi biznesinə sərf edib. Buraya 3000 hektar meyvə bağları, soyuducu anbarlar, meyvə şirəsi və konsentratı zavodu, paytaxtın müxtəlif yerlərində çoxsaylı mənzillər daxildir. Lakin, Cahangir Hacıyevlə zamanında sıcaq münasibətlərdə olan Həsən Şərifov həbs edilsə də sonradan “sudan quru çıxmağı” bacarıb. Bir zamanlar “zavtrak”ını Bakıda, “obed”ini Moskvada, “ujin”ini İsveçrədə edən Həsən Şərifov mübhəm bir səssizliyə çəkilərək öz fəaliyyətini davam etdirir.
Rubrika.az-ın araşdırmasına əsasən, biznes imperiyasının çiçəkləndiyi mərhələdə öz qohum-əqrabasını unutmayan Həsən Şərifov onları ətrafına toplayaraq çörək sahibi edib. Lakin taleyin “bumeranq effekti” ona da nəsib olub. Belə ki, qohum-əqrabası H.Şərifova “oğrudan oğruya halaldır” prinsipi ilə xeyli “atıblar”. Çünki zamanında Həsən Şərifov da öz şeflərinə qarşı eyni prinsiplə hərəkət edərək külli var dövlət sahibi olub.
Yəqin ki, dəyərli oxucularımız üçün maraqlıdır ki, “Riyad-farm” şirkətinin icraçı direktoru olmuş Həsən Şərifov indi hardadır? Zamanında Cahangir Hacıyevlə onu bağlayan “qırılmaz tellər” yenə də mövcuddurmu? Böyük qalmaqaldan, həbsdən Həsən Şərifov necə xilas olub? Onun öz patronlarından gizlətdiyi əmlakların dəyəri nə qədərdir?
Bizi izləməyə davam edin, çox maraqlı məlumatlar olacaq!
Rubrika.Az

Geri qayıt