Əsas Səhifə > Ölkə, Manşet > Deputatdan prezidentə şikayət olundu...

Deputatdan prezidentə şikayət olundu...


18-02-2019, 11:38
Deputatdan prezidentə şikayət olundu...
Göyçay şəhəri, Hüsü Hacıyev küçəsi, ev 1 sakini Kərimov Fikrət Şaməddin oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən rayon sakini yazır:



“Cənab Prezident!

Mən 1992-ci ildən YAP-ın üzvüyəm. Göyçay rayon Kürd kəndi ərazisində 0,5 ha olan torpaq sahəsi üzərində Göyçay rayon Potu Bələdiyyəsinin mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. Bundan sonra Göyçay rayon Potu Bələdiyyəsi 0,5 ha olan torpaq sahəsinin hərrac və müsabiqə vasitəsi ilə satılması üçün Göyçay rayon Torpaq Hərrac və Müsabiqə komisiyyasına müraciət etmişdir. Müsabiqənin keçirilməsi 06 may 2014-cü il tarixə təyin edilmişdir. Mən Göyçay rayon Torpaq Hərrac və Müsabiqə komisiyyası tərəfindən 06 may 2014-cü il tarixdə keçirilən müsabiqənin qalibi olmuş və mənə 07 may 2014-cü il tarixdə müvafiq şəhadətnamə verilmişdir. Bundan sonra həmin 0,5 ha torpaq sahəsi üzərində mülkiyyət hüququm dövlət reyestrində qeydə alınmış və mənə çıxarış verilmişdir.

01 noyabr 2015-ci il tarixdə Elman Nəsirov 89 saylı Göyçay – Ağdaş seçki dairəsindən Milli Məclisə deputat seçilib. Bundan sonra Göyçaylıların qara günləri başladı. Belə ki, Elman Nəsirov seçiciləri ilə görüşmək və onların problemləri ilə maraqlanmaq əvəzinə, maklerlik fəaliyyətinə üstünlük verdi. Əsasən qonorar müqbilində vətəndaşları məhkəmə hakimlərinə və sədrlərinə tapşıran və işin udulması müqabilində “şirinlik” adı altında pul mükafatları alan Elman Nəsirov indi də mənim işimdə maklerlik edir. Göyçay rayonu, kürd kəndində yaşayan Ərzulla Bəşirovla aramızda yaranmış mübahisənin Ərzulla Bəşirovun xeyrinə həll olunması üçün Elman Nəsirov dəridən-qabıqdan çıxır. İşə sədrlik edən hakimə zəng edərək, Ərzulla Bəşirovun kənddə qeydiyyatda olmamasına, 89 saylı deyil, 88-saylı Göyçay – Ağdaş seçki dairəsindən seçici olmasına baxmayaraq, Elman Nəsirov onu özünün seçicisi kimi təqdim edib, hakimlərə açıq-aşkar təyziq edir. Elman Nəsirov hakimə zəng edərək, iş üzrə Ərzulla Bəşirovun xeyrinə qərar qəbul edilməyəcəyi təqdirdə onun məsələsinin məhkəmə hüquq şurası səviyyəsində həll olunacağı ilə hədə-qorxu gəlir. Məhkəmənin sədrini üzdən-gözdən salır, utandırır. Təəssüf hissi ilə qeyd edirəm ki, işə baxan hakimlər ədalətli qərar qəbul etmək əvəzinə, onun sözündən çıxmaq istəmirlər.

Bu səbəbdən qanunun tələblərinə əməl edilməklə adıma verilmiş sənədlər məhkəmə tərəfindən ləğv edilmişdir.

Cənab prezident!

89 saylı Göyçay – Ağdaş seçki dairəsindən Milli Məclisə deputat seçilən Elman Nəsirovun etdiyi zülmdən bizi xilas etməyinizi, onun fəaliyyətinin nəzarətə götürməyinizi və Elman Nəsirovun pul mükafatları müqabilində vətəndaşların işinə qarışmasının Milli Məclis səviyyəsində qadağan edilməsinə köməklik etməyinizi xahiş edirəm”.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt