Əsas Səhifə > Ölkə, Manşet > Hansı icra başçıları yola salınacaq?
Hansı icra başçıları yola salınacaq?30-04-2018, 10:10 |
Prezident İlham Əliyev Nazirlər Kabinetində ciddi dəyişiklərə getdi. İlk seçkidir ki. ardınca xeyli sayda nazir dəyişir. İndi də kadr islahatları növbəsi icra hakimiyyətlərinə çatıb. Redaksiyanı məlumatlandıran qaynağın sözlərinə görə, dövlət başçısı icra başçılarını əvəzləməyə başlayacaq. İH-lərdə dəyişikliklər kifayət qədər zəruridir. Vətəndaşları narazı salan, təmas qurmayan, təhqir edən, danışığını bilməyən, rayonda abadlıq-quruculuq işləri görməyən icra başçıları yola salınacaq. Prezident nazirləri dəyişərkən də bu meyarları əsas götürdü. Prezident seçkilərdən dərhal sonra hakimiyyət üçün “axilles dabanı” sayılan sosial sektorlarda dəyişikliklərə getdi. O sahələrdə ki dəyişiklik artıq çiban kimi yetişmişdi. Ölkədə sosial gərginliyə, təbəqələşməyə, yoxsulluq və məmur qudurğanlığına səbəb olan halları təcili və qeyd-şərtsiz aradan qaldırmaq lazım idi. Hakimiyyət rəhbərliyi və texnoloqlar təhlil edirdilər ki, hansı sahələr “zəif bənd”dir, örtülü qazanın ağzını açmaqla qaynar nöqtələrin buxarını necə çıxarmaq olar. Beləliklə, bu siyasi strategiyaya əsaslanaraq vətəndaşların ən çox narazılıq elədiyi, şikayətlər göndərdiyi, məmur-vətəndaş təmasının tez-tez olduğu sahələrdə islahatlara başlandı. Onlar hansılar idi: Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti... Çünki elə gün, həftə olmurdu bu nazirliklərdən prezidentə və mətbuata şikayətlər gəlməsin. Kəsəsi, ölkə rəhbərliyi sosial problemləri dərinləşdirən, vətəndaş-məmur təmasının intensiv olduğu sektorlarda dəyişikliklərə getməli oldu. İcra hakimiyyətləri də rayonlarda prezidentin fəaliyyətinə ciddi problemlər yaradırlar. Bu cür məmurlarla işləmək mümkün deyil. Yeni və gənc kadrlar gətiriləcək. Məlumatlara görə, Ağcabədi, Göygöl, Saatlı, Lənkəran icra başçılarının dəyişəcəyi gözlənilir. Göyçay, Ucar, Binəqədi, Daşkəsən rayonlarına da yeni icra başçıları göndərilməsi nəzərdə tutulur. Hazırda Biləsuvar, Gədəbəy, Şəmkir, Qazax, Binəqədi və daha 4 RİH başçısının durumu daha gərgin hesab olunur. Onlarla bağlı dəyişiklik qərarı verilib və onların hansısa fəaliyyəti də bu məsələdə demək olar ki, təsirsiz olacaq. Amma Ağsu, Şamaxı və Ağdaş kimi rayonların rəhbərləri yenidən təyinata ümid edə bilərlər. 11 aprel prezident seçkisindən sonra ölkədə kadr dəyişiklikləri və islahatların yeni mərhələsinin həyata keçirilməsinə başlanacağı barədə məlumatlar bu yaxınlarda yayılmışdı. Prezident Administrasiyası rəsmisinin rayonlardan müraciət və şikayətlərlə bağlı verdiyi açıqlamalar, açıqladığı siyahı hansı rayonların icra başçılarının dəyişdiriləcəyi barədə ilkin proqnoz vermək üçün əsas sayıla bilər. Prezident İlham Əliyevin regionların inkişafına xüsusi diqqət ayırdığını da nəzərə alsaq, istisna deyil ki, seçkidən sonra rayon icra başçılarının işinə qiymət veriləcək. Qiymətləndirilmədə il ərazində hansı rayonlardan daha çox şikayət və müraciətlərin olması faktının da əsas götürüləcəyi ehtimalı böyükdür. Bu isə o deməkdir ki, PA rəsmisi Süleyman İsmayılovun açıqladığı siyahıda şikayət və müraciətlərin sayının çoxaldığı rayonların icra başçıları seçkidən sonrakı kadr dəyişiklikləri zamanı vəzifələrindən götürülə bilərlər. Bundan əlavə, Laçın və Neftçala icra başçılarından ciddi narazılıq var. Prezident pambıq məhsuldarlığı aşağı olan regionları açıqlayarkən məlum oldu. Geri qayıt |