Əsas Səhifə > Ölkə, Manşet > Keçmiş komitə sədri maliyyə pozuntularına görə "məhşərə çəkiləcək”
Keçmiş komitə sədri maliyyə pozuntularına görə "məhşərə çəkiləcək”25-04-2018, 09:57 |
Növbədənkənar prezident seçkilərindən sonra yeni formalaşan hökumət kabinetində yer almayan Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun başı üstünü "qara buludlar” alıb. Uzun illərdir istər mediada, istərsə də ictimai fəaliyyəti ciddi şəkildə tənqid edilən, bəzi ekspertlər, millət vəkilləri tərəfindən də haqlı irad və qınaqlara tuş gələn İbrahimovun vəzifədən kənarlaşdırılması təəccüblü deyil. Bu, əslində çoxdan gözlənilirdi. İndi isə məlum olur ki, sabiq Komitə sədri yalnız postundan kənarlaşdırılmaqla canını qurtara bilməyəcək. Onun fəaliyyət dövrünün ciddi şəkildə təftiş ediləcəyi və bundan sonra hüquqi addımların atılacağı barədə məlumatlar gəlməkdədir. İbrahimov büdcə pullarını hara və necə xərcləyib? "Unikal” qəzeti yazır ki, yaxın günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin ötən dövrdəki fəaliyyətinin araşdırılmasına qərar verilib. Belə ki, büdcə vəsaitlərinin xərclənməsi, müxtəlif ölkələrdəki diaspor təşkilatlarına ayrılan vəsaitin təyinatdankənar istifadə olunması ilə bağlı ciddi araşdırma aparılacaq. İllərlə diaspor fəaliyyətinə ayrılan vəsaitlərin göyə sovrulması həm müxtəlif ölkələrdə yaşayan soydaşlarımız, həm də hakimiyyət üçün problem yaradıb. Onun vəzifədən uzaqlaşdırılması da məhz bununla bağlıdır. "Yəqin ki, N.İbrahimov təkcə vəzifədən uzaqlaşdırılmaqla yaxasını qurtara bilməyəcək. Onun rəhbər olduğu dövrdə komitənin fəaliyyətinin araşdırılması və yoxlamanın nəticələrinə uyğun qərar veriləcək. Hətta onun məsuliyyətə cəlb olunması da istisna edilmir. N.İbrahimov bu situasiyadan "təmiz” çıxmaq və qonşu ölkələrdən birinə səfir getməsi üçün çalışır”. Ramiz Mehdiyev Diaspora Komitəsindəki maliyyə pozuntularından danışdı. Ancaq görünən odur ki, Nazim İbrahimov üzləşdiyi çətin situasiyadan asanlıqla yaxa qurtara bilməyəcək. Bunu Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin dünən səsləndirdiyi fikirlər də təsdiqləyir. "Diasporla İş üzrə Dövlət Komitəsinin işindən narazılıqlar var idi, komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan prezident İlham Əliyevin də məlumatı var. Buna görə də, prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”, - deyə o bildirib. Administrasiya rəhbəri xatırladıb ki, prezidentin növbəti sərəncamı ilə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub: "Cənab Prezident Fuad Muradovla görüşüb və ona konkret tapşırıqlarını verib. Gənc və perspektivli kadr olan Fuad Muradovun Diasporla İş üzrə Dövlət Komitəsinə təyin olunması böyük əhəmiyyət kəsb edir”. Ramiz Mehdiyev qeyd edib ki, Nazim İbrahimov rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: "Düzdür, komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”. Bütün yollar "dəmir barmaqlıqlara” aparır... Administrasiya rəhbərinin dediklərindən aydın olur ki, unikal.org-un məlumatı həqiqətəuyğundur və Nazim İbrahimovun komitə sədri olduğu dövrlə bağlı maliyyə təftişi aparılacaq. Bu isə ortaya kifayət qədər ciddi yeyinti hallarının çıxacağından xəbər verir. Belə isə sabiq "diaspora şefi” ilə bağlı hüquqi addımların atılmağa başlayacağı və onun həbs ediləcəyi ehtimalı kifayət qədər yüksəlir. Baxmayaraq ki, İbrahimov özü başqa fikirdədir. Belə ki, o, dünən "Komitədə hər hansı maliyyə pozuntusu olmayıb. Amma Ramiz Mehdiyev bizim ağsaqqalımızdır. Onun fikirləri tərəfimizdən birmənalı olaraq qəbul olunur” – deyə bəyan edib. Unikal.org-a eksklüziv açıqlamasında sabiq komitə sədri deyib ki, "Hər hansı maliyyə pozuntusu olmayıb, amma təftiş oluna bilər. Bizim işimiz göz qabağında olub. Hər zaman dövlətimizə, cənab prezident İlham Əliyevə sədaqətli olmuşam. Təftiş etmək, yoxlama aparmaq dövlətin işidir. Dövlət nə qərar verəcəksə, o da olacaq”. İbrahimovun açıqlamalarından onun panik içərisində olduğu, bu səbəbdən də öz dediklərini elə özünün də təkzib etdiyi aydın görünür. Həm heç bir maliyyə pozuntusunun olmadığını bildirir, həm də Administrasiya rəhbərinin söylədikləri barədə "tərəfimizdən birmənalı olaraq qəbul olunur” deyir. Bu təzadlı mövqe sabiq komitə sədrinin çıxılmaz durumda olduğunun işarəsidir. Yeri gəlmişkən, onu da deyək ki, son vaxtlar N.İbrahimovla bərabər, onun qardaşları ilə bağlı da hay-küylü proseslər yaşanıb. Sabiq komitə sədrinin "Hacı İbrahim” kimi tanınan oliqarx qardaşı İbrahim İbrahimov (Nehrəmli) Beynəlxalq Bankdan götürüb qaytarmadığı on milyonlarla manatlıq kreditlərə görə hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. Bundan başqa, onun "Xəzər adaları” adlı dəyərinin hətta 1 milyard manatdan çox olduğu deyilən proyekti iflasa uğrayıb. Bunun nəticəsində Hacı İbrahimə inanan və ona pul verən xeyli adamın zərər çəkdiyi bildirilir. 2015-ci ildə Nazim İbrahimovun ATV telekanalına rəhbərlik etmiş başqa bir qardaşı Tağı İbrahimovla bağlı ilginc iddialar səsləndirilib. "İBRA Holdinq"in prezidenti olan T. İbrahimovun ortağı olmuş "Fəqan-1" MMC-nin təsisçisi Rauf Hüseynov həmin vaxt KİV-ə bildirib ki, sabiq Komitə sədrinin qardaşı banklara və əhaliyə ödəyə bilmədiyi borclar ucbatından Azərbaycanı tərk edib və Türkiyəyə sığınıb. Göründüyü kimi, əslində bir neçə ildir İbrahimovlar "bəd zolağa” düşüblər, onların adları ancaq qalmaqallarda hallanıb. Nazim İbrahimovun "vurulması” ilə bu prosesin son mərhələyə daxil olduğunu, xüsusilə keçmiş "diaspora şefi”nin özü ilə bağlı həbs də daxil olmaqla, daha kəskin hüquqi addımların atılacağını təxmin etmək çətin deyil. Geri qayıt |