Əsas Səhifə > Ölkə, Manşet > Köçkün müəllim Prezidentdən kömək istədi
Köçkün müəllim Prezidentdən kömək istədi22-09-2017, 09:26 |
Cəbrayıl rayon İ.Tahirov adına Mehdili kənd tam orta məktəbin ali kateqoriyalı ingilis dili müəllimi Əbülfət Alışov Azərbaycan Prezidenti İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri Əli Həsənova, təhsil naziri Mikayıl Cabbarova müraciət edərək, kömək istəyib. Biləsuvar rayonundakı 7 saylı məcburi köçkün qəsəbəsində məskunlaşan Əbülfət Alışov bildirib ki, o və həyat yoldaşı 2016-2017-ci tədris ilinin sonunadək bu şəhərcikdəki orta məktəbdə müqavilə ilə ingilis dili müəllimi işləyiblər. Amma yeni tədris ilindən onları işdən uzaqlaşdırırlar: “Mən və həyat yoldaşım uzun illərdir ingilis dili müəllimi olaraq çalışırıq. Vaxtilə dərs dediyim şagirdlərim indi mənim ixtisasım üzrə ölkəmizin müxtəlif yerlərində ingilis dili müəllimi işləyirlər. Mən ömrü boyu yalnız təhsil sahəsində çalışmışam, 4 övladımın da ali təhsil almasına müəllim işləməklə nail olmuşam. 16 nəfərdən çox ingilis dili müəllimi yetişdirmişik. Elə bu il iki nəfər şagirdimiz Azərbaycan Dillər Universitetinə qəbul olundu. Müəllimlərin diaqnostik qiymətləndirməsində keçid balı 10 olduğu halda mən 32 bal, yoldaşım isə 31 bal topaladıq. 65 yaşına çatdığım üçün mövcud qaydalara görə, müqavilə ilə 70 yaşa qədər işləyə bilərəm. Əmək fəaliyyətim da digər kriteriyalara uyğun gəlir. Təəssüf ki, bu il Cəbrayıl rayon Təhsil Şöbəsi mənimlə müqavilənu uzatmaq istəmir. Təhsil Şöbəsindən müraciətimə cavab olaraq bildirilib ki, “Əməkdar müəllim” olmadığımdan belə qərar veriblər. Bu hansı kriteriyada qeyd olunub, izah edə bilmirlər. Sizdən xahiş edirəm ki, mənim vəziyyətimi nəzərə alıb, əmək müqaviləmin uzadılmasına köməklik göstərəsiniz Xahiş edirəm, ədalətin bərpası üçün tədbir görəsiniz”. Geri qayıt |