Əsas Səhifə > Ölkə, Manşet > Əbülfəs Qarayev bu sahəyə nəzər salsa, yaxşıdır...

Əbülfəs Qarayev bu sahəyə nəzər salsa, yaxşıdır...


17-08-2017, 10:12
Əbülfəs Qarayev bu sahəyə nəzər salsa, yaxşıdır...
Azərbaycan 9 iqlim zonası və əlverişli coğrafi mövqeyi olan bir ölkədədir. İstisu, Duzdağ, Naftalan, Qalaaltı və s. bu kimi sağlamlıq üçün əhəmiyyətli bölgələri olan bir ölkədə sağlamlıq turizminin inkişafı o qədər də ürəkaçan deyil. Səbəb isə 1-3 ulduzlu otellərin az olması və 5 ulduzlu otellərdə qiymətlərin baha olmasıdır. Bununla yanaşı, sağlamlıq mərkəzlərinin reklama da ehtiyacı var.
Azərbaycan Turizm Assosiasiyasının müşaviri Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, Azərbaycanda bir neçə il bundan öncə Sağlamlıq və Termal Turizm Assosiasiyası yaradılıb. Assosiasiya sağlamlıq turizminin inkişafında mühüm rol oynayıb: "Assosiasiya Naftalan, Duzdağ, Qalaaltı kimi bölgələrdə sağlamlıq turizminin inkişafı üçün mühüm işlər görüb. Azərbaycanın təbii iqlimi, coğrafi iqlimi Azərbaycanda Sağlamlıq və Termal Turizmin inkişaf etdirilməsi üçün əlverişlidir. Hal-hazırda keçmişdə fəaliyyət göstərən Qalaaltı, Naxçıvanda Duzdağ, Naftalanda bir çox bərpa işləri aparılıb. Belə ki, hazırda Naftalanda 7 otel fəaliyyət göstərir. Ancaq Naftalana böyük maraq olduğu üçün bu otellərin sayı artırılmalıdır. Naftalan dünyada analoqu olmayan sağlamlıq mərkəzidir və ancaq Azərbaycandadır".
Ağakərimov deyir ki, Qalaaltının suyu Truskaves suyu ilə eynidir. Buna görə də turistlərin cəlb edilməsi üçün Qalaaltında 5 ulduz otel tikilib.

Naxçıvanda yerləşən Duzdağda da bərpa işləri aparılıb. Turistlər bura daha çox astma və digər xəstəliklərin müalicəsi üçün gəlir: "Həm Naftalanda, həm Qalaaltında 5 ulduz otellərllə yanaşı, büdcə otelləri də inşa edilməlidir. Əgər belə olarsa, 5 ulduz otellərdə qalmaq imkanı olmayan aztəminatlı insanlar da bu bölgələrə gələ bilər. Məncə, bu ərazilərdə 1-3 ulduzlu otellər mütləq inşa edilməlidir”.
M. Ağakərimov deyir ki, Azərbaycanın hər bölgəsində sağlamlıq mərkəzləri yaratmaq olar: “Çünki Azərbaycanın coğrafi mövqeyi buna imkan verir. Masallıdakı İstisuda bərpa işləri görülməli, yeni sağlamlıq mərkəzləri inşa edilməlidir. Aldığım məlumata görə, hazırda Lənkəranda istisu mənbələrində sağlamlıq mərkəzləri tikilir. Ölkənin digər bölgələrində kükürdlü su mənbələrində, mineral su mənbələrində mərkəzlər tikilməliidr. Biz belə coğrafi mövqeyə sahib olduğumuz halda imkanlardan heç 20 faiz istifadə etmirik. Buna görə infrastruktur yaradılmalı, yollar çəkilməli, otellər tikilməli, sağlamlıq turizmi üçün lazım olan bütün şərait yaradılmalıdır. Bundan sonra bu yerlər, bu məkanlar dünyada reklam edilməlidir. Naftalana Rusiyadan, Qazaxıstandan çoxlu turist gəlir. Bizim sağlamlıq mərkəzləri ilk növbədə MDB dövlətlərində fəal və aktiv reklam olunduğu üçün onlar bizə müraciət edir. Eyni zamanda Şərqi Avropa, cənub-şərqi Asiya ölkələrində də reklam yüksək səviyyədə olmalıdır".
Hazırda əcnəbi turistlər daha çox Naftalan sağlamlıq mərkəzlərinə üstünlük verir: "Bizim Azərbaycan turistlərinin ən çox getdiyi yer Mineralni vodu, Kislovodsk, Yessentukidir. 80 faiz azərbaycanlı turistlər Truskaveskə – Ukraynaya gedirlər. Bizim insanlar sağlamlığa çox əhəmiyyət verirlər. Bu məkanlar dünyada çox yaxşı reklam edilib. Biz də öz imkanlarımızdan istifadə edib sağlamlıq mərkəzlərini yaratmalı və reklam etməliyik".
Ağakərimov deyir ki, sağlamlıq mərkəzlərinin yaradılması sahəsində çox az işlər görülür. Buna görə də münasib qiymətlər azdır: "Qiymətlərin münasib olması və rəqabətə davamlı olması üçün müxtəlif tipli otellər yaradılmalıdır. Hər bir insanın öz cibinə görə otel seçmək imkanı olmalıdır. Bu zaman rəqabət yarana bilər. Əgər ucuz otel yoxdursa, 5 ulduz otel heç vaxt ucuz ola bilməz. Əgər 5 ulduz otelin yanında 1-3 ulduzlu otellər yoxdursa, ucuz qiymətdən söhbət gedə bilməz".

Azərbaycan Sağlamlıq və Termal Turizminə dəstək Assosiasiyasının direktoru Ruslan Quliyevin sözlərinə görə, Azərbaycanda sağlamlıq turizmi ənənələrini daha geniş coğrafiyada yaymaq çox önəmli məsələdir: "Biz bu sahədə müxtəlif layihələr üzərində işləyir və çalışırıq ki, gələcəkdə ölkəyə investisiyaların qoyulsun".
R. Quliyev deyir ki, sağlamlıq turizmi Azərbaycan üçün aktualdır: "Başqa turizm növlərindən fərqli olaraq sağlamlıq turizmdə gecələmə sayı minimum 14, 18, 21 gündür. Sağlamlıq turizmi 365 günə paylanan turizmdir. Bu baxımdan turizm günlərinin sayının artırılması üçün çox əlverişli bir turizm növüdür".
Quliyev bildirir ki, statistikaya görə, il ərzində təkcə Naftalan bölgəsinə 72 ölkədən 35 min turist gəlib.
Ölkəyə sağlamlıq məqsədi ilə gələn turistlər əsasən Duzdağ, Naftalan və Qalaaltına üstünlük verir. Quliyev bildirir ki, sağlamlıq turizminə təkcə əcnəbi turistlər deyil, yerli turistlər də müraciət edir.


Geri qayıt