Əsas Səhifə > Ölkə, Manşet > Bu rayonu kim idarə edir?

Bu rayonu kim idarə edir?


27-07-2017, 11:38
Bu rayonu kim idarə edir?
Hələ bir neçə il bundan əvvəldən başlayaraq “Gündəm Xəbər”in redaksiyasına Şamaxı rayonundan daxil olan şikayət və müraciətlərin sayı artırdı, biz isə həmin vaxtlar heç də təəccüblənmirdik. Məhz, ona görə təəccüblənmirdik ki, əldə etdiyimiz məlumatlara görə adı çəkilən rayon bir neçə şəxs tərəfindən ələ keçirildiyindən, həmin şəxslər də nəyi necə düşünürlərsə, o qayda da addımlarını atmaqda davam edirlər. Məsələn, bu yaxınlarda redaksiyamızın elektron poçtuna daxil olan məlumatda qeyd olunurdu ki, rayonda baş alıb gedən özbaşınalığın və hər cür qanunsuzluğun başında Şamaxı RİH başçısı və onun müavini Qasım Qasımov durur. Məlumatda o da vurğulanırdı ki, icra başçısı Asif Ağayev açıq-aydın şəkildə müavininə təsir etmək imkanına malik deyil. Bu gün Şamaxıda yaşananları analiz etdikdə o qənaətə də gəlmək olar ki, adı çəkilən şəxs müavin olsa da, o, icra başçısına nisbətən daha çox təsir imkanına sahibdir. Bunu zəruri edən bir çox səbəblər var ki, həmin səbəblər içərisində ən əsası, onun uzun müddətdən bəri daşıdığı vəzifəsinə yiyələnməsi, bir növ rayon ərazisində “kök atması”, ayrı-ayrı sahələrə öz kadrlarını yerləşdirməsidir. İndiki icra başçısı isə, kifayət qədər mülayim xarakterli şəxs olduğundan, Qasım Qasımovun belə bir amilin varlığından yaralanması da, məhz onun olduqca güclənməsinə təsir edən əsas amillər olur.
Bu kimi səbəblərdən əlavə, Qasım Qasımovun Prezident Administrasiyası rəhbərinin müavini cənab Zeynal Nağdəliyevlə yaxın şəxsi münasibətinin olması da, bəlkə də başlıca səbəblərdən biridir. İndi isə, bir neçə il bundan əvvələ nəzər salaq. Asif Məmmədovdan əvvəlki icra başçısı, bugünkü müavinin “toruna düşdü” və daşıdığı vəzifəsindən də uzaqlaşdırıldı desək, yəqin ki, yanılmarıq. Belə ki, tam əksəriyyətə də bəllidir ki, həmin vaxtlarda tərəflər arasında yaşanan insident nəticəsində, icra başçısı “post”undan uzaqlaşdırıldı. Yəqin ki, bugünkü icra başçısı sələfinin aqibətini yaşamamaq üçün, Qasım Qasmovla “dil tapmağa” daha çox meyl göstərir.
Rayondakı mənbəmizdən belə bir məlumat da əldə etmişik ki, Şamaxıda keçirilən hər növ seçkilərin taleyini müavin həll edir. Adicə onu vurğulayaq ki, bələdiyyə seçkilərinə seçki keçirilən zaman, kimin bələdiyyə şurasına üzv olacağı əvvəlcədən müəyyən olunur. Yəni, ümumi siyahını Qasım Qasımov tərtib edir, son anda da siyahılaşdırır. Bəli sakinlərin iddialarına görə, belə bir siyahıların tərtibatı zamanı “haqq-hesab” məsələsi önəmli rol oynayır ki, onu da adı çəkilən şəxs müəyyənləşdirir.
“Gündəm Xəbər”ə daxil olan başqa bir məlumatda o da bildirilir ki, yerli vəzifə sahibləri, sahibkarlar, kiçik biznes fəaliyyəti ilə məşğul olanlar və s. icra başçısından daha çox Qasım Qasımovla hesablaşırlar. Məsələn, verilən məlumatların birində bildirilir ki, Şamaxıda bazarın müdiri Qasım Qasımova güvənərək, icra başçısına meydan oxumaqdan da çəkinmir. Bir müddət bundan öncə vətəndaşların ənənəvi qəbulunu keçirən Asif Ağayevlə, bazarın rəhbərliyi arasında xoşagəlməz stiuasiya da yaşanır. Belə ki, icra başçısı "sən kimsən ki, vətəndaşı bazardan qovursan? Bazar heç kimin dədəsindən qalmayıb"-deyə, bazarın müdirinə müraciət etdikdə, qarşı tərəf onun dediklərinə əhəmiyyət vermir. Başçının tapşırığına məhəl qoymayan “bazarkom” bazara qayıdan kimi, onu gözləyən şikayətçiyə "mən qızıllarımı satıb bazar almışam, gedin başçıya deyin, əgər onun sizə canı yanırsa, o da yığdığı qızılları satsın və sizə yer alıb versin" deyir. Baş verənləri təhlil etdikdə görürük ki, bu gün Asif Məmmədov faktiki icra başçısı olsa da, söz sahibi Qasım Qasimovdur.
Araşdırmamız davam edəcək.

Geri qayıt