Əsas Səhifə > Ölkə, Manşet > Beynəlxalq Bankdakı ikinci “zəlzələ”nin pərdəarxası

Beynəlxalq Bankdakı ikinci “zəlzələ”nin pərdəarxası


12-04-2017, 09:09
Beynəlxalq Bankdakı ikinci “zəlzələ”nin pərdəarxası
Təxminən 4 ay əvvəl – ötən il dekabrın 8-də Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Elmar Məmmədov gözlənilmədən vəzifəsindən kənarlaşdırılsa da, bu çox mühüm hadisəni doğuran səbəblər indiyədək ictimaiyyətdən gizli saxlanılır. Hər halda bu günəcən nə bankdan, nə də dövlət adından bu bankın sahibi qismində çıxış edən Maliyyə Nazirliyindən hər hansı rəsmi açıqlama verilməyib.

Ancaq cəmi 1 il 4 ay əvvəl Beynəlxalq Bankın rəhbərliyinə gətirilmiş bir şəxsin qəflətən istefaya göndərilməsini zəruri edən ciddi səbəblərin olduğu şübhə doğurmur. Bunu həm məlumatlı dairələrin Elmar Məmmədovun qəfil istefasından sonra mətbuata ötürdükləri məlumatlar, həm də sabiq sədrlə bağlı prosesin hələ də davam etməsi sübut edir.

Belə ki, “AzPolitika.info”ya daxil olan məlumata görə, Elmar Məmmədovun Beynəlxalq Banka rəhbərlik etdiyi dövrdəki fəaliyyətini araşdıran komissiya, onun 1 il 4 ay ərzində bankda həyata keçirdiyi “əməliyyatlar” nəticəsində külli miqdarda qazanc əldə etdiyini müəyyənləşdirib. Bu məbləğ, təxminən, 170 MİLYON MANAT təşkil edib. Bizə verilən məlumata görə, Elmar Məmmədovdan həmin vəsaitin geri qaytarılması tələb olunub.

Məlumatlı dairələr isə Elmar Məmmədovun Beynəlxalq Banka rəhbərlik etdiyi qısa müddətdə bir neçə istiqamətdə həyata keçirdiyi “qara əməliyyatlar” nəticəsində dövlətə dəyən ziyanın göstəriləndən dəfələrlə yüksək olduğunu iddia edirlər.

Bunlardan biri kimi Elmar Məmmədovun dövlətə məxsus valyutanı “qara bazar”da satışa çıxararaq, özünün, ətrafının və himayədarlarının külli miqdarda qazanc əldə etməsinə şərait yaratması göstərilir (Qeyd edək ki, ABB-də Maliyyə Nazirliyinin payı 2014-cü ilin sonunda 51%, 2015-ci ilin sonunda 85% olub.).

Yada salaq ki, ikinci devalvasiyadan sonra, xüsusən də dollar qıtlığının yaşandığı ötən ilin payız aylarında valyutanın alqı-satqısı tam olaraq “qara bazar”ın əlinə keçmişdi. “Qara bazar”a isə pulun əsasən nəzarət-səhm paketi dövlətin əlində olan banklardan – Beynəlxalq Bankdan və “Azər-Türk Bank”dan ötürüldüyü heç kəsə sirr deyildi. Hətta millət vəkili Yevda Abramov Milli Məclisdə çıxışında xüsusi maşınların (banklara məxsus inkasatorların-müəl.) baqajlarında külli miqdarda dollar vəsaitlərinin “qara bazar”a çıxarıldığını, eyni gündə 4 saat içində dolların 5 manat fərqlə alınıb-satıldığını öz gözləri ilə gördüyünü qeyd etmişdi.

Yəni dövlətə məxsus valyuta ilə, nəzarət paketi dövlətin əlində olan iki bankın rəhbərləri valyuta alveri edərək, böyük pullar qazanırdılar. Hansı ki, hər iki banka nəzarət maliyyə naziri Samir Şərifov tərəfindən yaxın dostu Elmar Məmmədova həvalə edilmişdi.

Məhz Samir Şərifovun təqdimatı və himayəsi altında Elmar Məmmədov 2015-ci ilin iyulunda Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsinə gətirilmişdi. Elmar Məmmədov “Azər-Türk Bank”ın sədri olanda onun müavini vəzifəsində çalışan Fərhad Adıgözəlov isə həmin bankın rəhbəri təyin olunmuşdu. Ancaq tam arxayın olmaq üçün, Elmar Məmmədov “Azər-Türk Bank”ın faktiki idarəçiliyini qardaşına etibar etmişdi.

Belə ki, Beynəlxalq Banka keçər-keçməz – 2015-ci ilin avqustunda E.Məmmədov “Bank Technique” ASC-nin “Mərkəz” filialının direktoru vəzifəsində işləyən qardaşı Əhməd Məmmədovu (Vaxtilə Hacı Məmmədovun bandası tərəfindən oğurlanan-müəl.) ordan çıxararaq, “Azər-Türk Bank”ın VİP filialının müdiri vəzifəsinə gətirir. Bankda faktiki bütün işlərə nəzarət də məhz Ə.Məmmədov tərəfindən həyata keçirilir.

E.Məmmədovun Beynəlxalq Banka zərbə vurmaqla, şəxsi qazanc əldə etməsinin ikinci istiqaməti kimi bankın pullarını “şapka prinsipi” ilə dağıtması göstərilir. Bu haqda bir müüdət əvvəl “strateq.az” saytı məlumatlı mənbəyə istinadla diqqətçəkən bir xəbər yaymışdı. SİTAT: “O, hələ keçmiş Əmanət Bankı dövründə illərlə atasından öyrəndiyi “şapka” prinsipini Beynəlxalq Banka gətirdi. Məhz Elmar Məmmədovun sədrlik etdiyi 1 il 4 ayda Beynəlxalq Bankın tarixində ilk dəfə ipoteka kreditlərinə və əmək haqqına verilən kreditlərə görə 15% “şapka” alındı. Üstəlik, bankın gələcəyi riskə qoyularaq, Neft Fondundan xarici valyuta ilə alınan kreditlər manata çevrilərək illik 8%-lə 15-20 illiyə Elmar Məmmədovun yaxın adamlarına ipoteka kreditləri verildi. Əhalidən manatla alınan əmanətlərə isə illik 15% vəd edən bankın ipoteka kreditlərinə bu cür yanaşması anlaşılmaz olduğu qədər bir çox mətləbləri də gün işığına çıxarırdı”.

Yəni, E.Məmmədov rəhbərliyə gətirildikdən sonra dövlətin Beynəlxalq Bankı sağlamlaşdırmaq üçün ayırdığı vəsaitləri, “şapka”sını almaqla (təkcə Neft Fondu Beynəlxalq Bankda 1 milyard dollarlıq depozit yerləşdirmişdi), ipoteka kreditləri və sair adlarla yaxın adamlarına paylayıb. Bu zaman nəzarətçi funksiyasını yerinə yetirən Maliyyə Nazirliyi isə, Cahangir Hacıyevin dövründə olduğu kimi, Beynəlxalq Bankda baş verənlərdən yenə də “xəbərsiz olub”. Lakin bu iki “xəbərsizlik” arasında çox ciddi fərq var idi. Əgər birinci halda Maliyyə Nazirliyinin, bir qədər də konkretləşdirsək, nazir Samir Şərifovun Cahangir Hacıyevə gücü çatmırdısa, ikinci halda Beynəlxalq Bankda baş verənləri görməzlikdən gəlmək cənab nazirin sadəcə olaraq, işinə yarayırdı. Nədən ki, E.Məmmədov nəinki onun kadrı, həm də dostu və biznes ortağı idi. Bu dostluq isə uzaq 90-cı illərdən – Samir Şərifov Mərkəzi Bankın valyuta şöbəsinin rəisi işlədiyi dövrdən başlamışdı (Yeri gəlmişkən, bu iki maliyyəçi dostun xarici ölkələrdə də şərikli bizneslərinin olduğu bildirilir. Onların İstanbulda – Beşiktaş rayonunda şərikli Ticarət Mərkəzləri, Moskvada obyektləri olduğuna dair məlumatlar var.). Sonrakı illərdə bu dostluq hər ikisinin işinə yaramışdı. Məhz Şərifovun himayəsi və tədimatı ilə E.Məmmədov o zamanlar nəzarət-səhm paketi dövlətdə olan “Kapital Bank”a gətirilir – 2005-ci ildən bankın İdarə Heyətinin sədr müavini, 2009-cu ildən isə sədri olur. 2009-ci ildən 2013-cü ilə qədər isə sədri olduğu “Kapital Bank”da Elmar Məmmədov özünün şəbəkəsini qurur. Və bu şəbəkə hesabına sovet dövrü əmanətlərinin qaytarılmasındakı maxinasiyalardan tutmuş, kreditlərin verilməsinə qədər, bir çox “əməliyyatlar” həyata keçirir.

Bu “əməliyyatlar” ifşa olunduqdan sonra “Kapital Bank”dan uzaqlaşdırılan Elmar Məmmədovu Samir Şərifov yenə işsiz qoymur. Bu dəfə onu nəzarət-səhm paketi Maliyyə Nazirliyinin timsalında dövlətə məxsus olan digər bir banka – “Azər-Türk Bank”a rəhbər gətirir. Cahangir Hacıyev həbs edildikdən sonra – 2015-ci ilin iyulunda yenə Samir Şərifovun təqdimatı ilə Beynəlxalq Banka rəhbərlik Elmar Məmmədova tapşırılır.

Bundan sonrası isə məlumdur – qısa zamanda böyük maxinasiyalar baş verir və Elmar Məmmədov vəzifədən götürülür. Hətta bəzi məlumatlara görə, qısa müddət nəzarət altına da alınır. Burdan isə Beynəlxalq Banka rəhbərlik etdiyi müddətdə qanunsuz yollarla əldə etdiklərini qaytarmaq şərti ilə, sərbəst buraxılır…

Bu iddianın nə qədər doğru olduğunu deyə bilmərik. Ancaq Samir Şərifovun bu dəfə dostu və biznes şəriki Elmar Məmmədovu xilas edə bilməməsi diqqətdən yayınmadı. Bu, təəccüb doğursa da, təsadüfi deyildi. Hökumətə yaxın mənbələrdən “AzPolitika”ya verilən məlumata görə, buna səbəb Samir Şərifovun özünün vəziyyətinin o qədər də ürəkaçan olmamasıdır. Ölkədəki 2 kəskin devalvasiyanın müəllifi olan nazirin Prezidentin yanında etimadını itirdiyinə dair məlumatlar var. Məhz maliyyə nazirinin təkidi ilə manatın ucuzlaşdırılmasının ölkədə maliyyə xaosu yaratması və Samir Şərifovun ətrafının bundan istifadə edərək böyük pullar qazanması faktının üzə çıxması nazirin mövqelərinə sarsıdıcı zərbə vurub. Bura birbaşa vəzifəsi olmasına baxmayaraq, Beynəlxalq Bank vasitəsilə milyardlarla dollar vəsaitin talanmasının qarşısını ala bilməməsinin, əksinə, yaxın adamının bu talanda iştirak etməsinin də aşkarlandığını əlavə etsək, Şərifovun “oyundankənar” vəziyyətə düşməsinin səbəbləri aydın olar. Təsadüfi deyil ki, manatın sürətlə dəyərdən düşməsi prosesinin saxlanılması da Samir Şərifovun bank sektoruna nəzarətdən kənarlaşdırılmasından sonraya təsadüf edir. Bu haqda əlavə yazımız olacağından üzərində geniş dayanmırıq.

Ancaq qeyd edək ki, maliyyə-bank sektorunda yüksəlişi Samir Şərifovla bağlı olan Elmar Məmmədovun qəflətən “vurularaq” sıradan çıxarılması və hətta “qara siyahı”ya salınması maliyyə nazirinin də bütün limitləri tükəndirdiyinə bir işarədir.

Bu baxımdan, Elmar Məmmədovun həbs edilməyərək, sərbəst buraxılmasını Şərifovla deyil, hakimiyyətdə hələ də nüfuzunu qoruyan qudası – “Azərişıq” ASC-nin rəhbəri Baba Rzayevlə bağlayanları haqsız saymaq olmaz. Hər halda proseslərin gedişi, daxil olan məlumatlar və baş verənlərin təhlili Samir Şərifovun indi yalnız özünü xilas etmək haqqında düşündüyünü söyləməyə əsas verir.

Bacaracaqmı, bunu zaman göstərəcək!

AzPolitika.info

Geri qayıt