Əsas Səhifə > Ölkə, Manşet > “AAAF Park” Tarif Şurasına alternativ yaradıb?

“AAAF Park” Tarif Şurasına alternativ yaradıb?


12-01-2017, 09:10
“AAAF Park” Tarif Şurasına alternativ yaradıb?
Yeniçağ.Az xəbər verir ki, Xırdalanda geniş ərazidə inşa olunmuş “AAAF Park”da məskunlaşan sakinlərin bir problemi həll edilməmiş digəri baş qaldırır.

Qeyd olunan ərazidə artıq bir neçə ildir ki, istifadəyə verilmiş “AAAF Park” yaşayış kompleksində yaşayan sakinlərin bu və ya başqa məsələlərlə bağlı şikayətlərinin ardı-arası kəsilmir. Kompleksə daxil olan yaşayış binalarının müştərilərə vəd olunan müddətdən xeyli gec tikilərək, təhvil verilməsi ilə başlayan narazılıqlar sonradan başqa problemlərin ortaya çıxması ilə daha da böyüyüb. Haqqında danışılan ərazidəki binalara qaz çəkilməməsi, elektrik enerjisinin verilməsində fasilələrin yaranması, xidmət tariflərinin müqavilədə nəzərdə tutulan miqdardan fərqlənməsi və başqa məsələlər “AAAF Park”ı media ilə sosial şəbəkələrin qınaq obyektinə çevirib. “AAAF Park” təmsilçiləri ortaya çıxan şikayətləri obyektiv səbəblərlə əlaqələndirərək, sadalanan problemin həll olunacağını bildirsələr də, sakinlərin narazılığı azalmır.

“AAAF Park” sakinlərinin bu günlərdə üzləşdikləri hal isə həqiqətən, analoqsuz sayıla bilər. Söhbətin nədən getdiyini konkretləşdirməzdən əvvəl Tarif Şurasının ötən ilin noyabrında təbii qazın və elektrik enerjisinin qiymətlərinin differensiallaşdırılması haqqında qərarını xatırlatmaq lazım gəlir. Qurumun sonradan etdiyi düzəliş əsasında abonentlərin əhali kateqoriyası üzrə 1 kilovatt saat elektrik enerjisinin qiyməti aylıq 300 kilovatt saat limit çərçivəsində 7 qəpik, bu limiti keçdikdə isə 11 qəpik həddində müəyyən edilib. Yəni bu tarif ölkənin bütün ərazisi üçün dəyişməz xarakter daşıyır.

Lakin kompleksdə yaşayan sakinlərdən Yenuçağ.Az-a daxil olan şikayətdən belə məlum olur ki, “AAAF Park”ın rəhbərliyi özünü Tarif Şurasının müəyyənləşdirdiyi qiymətləri dəyişəcək səviyyədə səlahiyyətli instansiya hesab edir. Kompleksin 12-ci küçəsində yaşayan sakinlərin şikayətinə əsasən, rəhbərlik onların sərf etdikləri elektrik enerjisi üçün “vahid tarif” müəyyənləşdirib. Yəni aylıq sərfiyyatdan asılı olmayaraq, hər kilovatt/saat elektrik enerjisi üçün 9 qəpik ödəmək məcburiyyətində qalıblar. Daha sadə dillə desək, kompleksdə yaşayan sakin (abonent) hər ay 300 kilovatt/ saatdan az və ya çox elektrik enerjisi işlətsə də, hər kilovatt/ saat üçün nə 7, nə də 11 deyil, məhz 9 qəpik ödəyir.

Bu barədə Yeniçağ.Az-a məlumat verən sakinlərin sözlərinə görə, “AAAF Park” rəhbərliyi bu qərarı özünəməxsus tərzdə əsaslandırmağa çalışıb. Sakinlərə bildirilib ki, “Azərenerji”, yaxud da “Azərişıq” elektrik enerjisini şirkətə baha satdığı üçün (?!) onlar belə bir qiymət təyin etmək məcburiyyətində qalıblar. Yuxarıda bildirildiyi kimi, Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlərin ölkə ərazisində dəyişməz xarakter daşıdığı halda, “AAAF Park” rəhbərliyinin bu izahatı məsələnin araşdırılması zərurətini doğurur.

Bu barədə Yeniçağ.Az-ın sualını cavablandıran “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, “AAAF Park” yaşayış kompleksindəki binalarda məskunlaşan abonentlər üçün fərqli tariflərin müəyyən edilməsi mənzil-tikinti şirkətləri ilə vətəndaş arasında bağlanmış müqavilə əsasında mümkün ola bilər:
“Bildiyiniz kimi, elektrik enerjisinin qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir. “Azərişıq” paylayıcı qurum olaraq, bu məsələyə müdaxilə etmək səlahiyyətində deyil. Əgər qeyd etdiyiniz kimi, həmin yaşayış kompleksində elektrik enerjisi sərfiyyatının həcmindən asılı olmayaraq, 9 qəpik tarif tətbiq olunubsa, bu, şirkətlə vətəndaş arasında bağlanan müqavilə əsasında gerçəkləşə bilər. Yəni biz buna müdaxilə edə bilmərik. Ola bilsin ki, həmin qayda şirkətin hansısa daxili qərarı ilə tətbiq edilib və vətəndaş da orada mənzil alarkən, müqavilədə bu hal nəzərdə tutulub. Sakinlərin bu tarifə münasibətinin birmənalı olmaması təbiidir. Çünki müəyyən edilmiş limitdən çox elektrik enerjisi işlədən abonent üçün 9 qəpik tarifi çox münasibdir. Ayda 300 kilovatt/ saatdan az enerji sərf edən abonent isə bundan narazı qalacaq. Ancaq təkrar edim ki, bu məsələ şirkətlə vətəndaş arasında bağlanan müqavilə əsasında tənzimlənir”.

Məsələyə aydınlıq gətirmək üçün müraciət etdiyimiz “AAAF İnşaat MMC”-nin mətbuat katibi Kənan Məstəliyev Yeniçağ.Az-a açıqlamasında bildirib ki, qeyd edilən ərazidəki binalar smart sayğacları ilə təmin edildikdən sonra, elektrik enerjisi sərfinə görə hesablama Tarif Şurasının müəyyənləşdirdiyi qaydada aparılacaq:

“Kompleksin 12-ci küşəsindəki bir çox binaların sakinləri subabonent kateqoriyasına daxildirlər. Yəni həmin binalara verilən elektrik enerjisinin hər kilovatt/ saatı “AAAF İnşaat MMC tərəfindən “Azərişıq”dan 9 qəpiyə alınır və o qiymətə də sakinlərə satılır. Ancaq bu, müvəqqəti haldır. “Azərişıq” o binalarda smart sayğaclar quraşdırdıqdan sonra elektrik enerjisi də ölkə üzrə müəyyən edilmiş tarif əsasında hesablanacaq”.

Geri qayıt