Əsas Səhifə > Ölkə, Manşet > AMEA-nın şəhərcik müdiri cəzalandırılacaq

AMEA-nın şəhərcik müdiri cəzalandırılacaq


1-12-2016, 16:09
AMEA-nın şəhərcik müdiri cəzalandırılacaq
Qəzetimizin dünənki sayında “AMEA şəhərciyi direktorunun talançılıq yolu” sərlövhəli yazı dərc olunmuşdu. Həmin yazıda artıq bir neçə müddətdən bəri AMEA şəhərciyinin direktoru Bayram Babayevin öz işində yol verdiyi özbaşınalıqlar barədə redaksiyamıza daxil olan məlumatlarda təqdim olunan faktlar ümumiləşdirilmiş, həmçinin bu şəxsin qanunsuz əməllərinin bəzi təfərrüatlarına dair yeni açıqlamalar təqdim olunmuşdu.

Həmin açıqlamalarda deyilir: “Bu gün AMEA şəhərciyinin direktoru çalışdığı bu elm məbədinə bir kommersiya obyekti kimi münasibət sərgiləməkdədir. Bu azmış kimi, Bayram Babayev buraya özünün də deyil, sanki bir düşmənə məxsus obyekt kimi, talamaq və dağıtmaq niyyətilə yanaşır. Maraqlıdır ki, tutduğu vəzifənin tələblərindən irəli gələrək, Bayram Babayevin əl telefonu 24 saat ərzində açıq olmalı olsa da, əslində onun heç telefon nömrəsini bilən də yoxdur. İş saatlarında isə, şəhərcik müdiri çox nadir hallarda öz yerində tapılır. Ən pisi də budur ki, bu gün şəhərcik direktorunun qarşısına çıxan, onun bu əməllərini durduran bir kəs də yoxdur. Əksinə, Bayram Babayevin qarşısında deyil, arxasında duranlar ona bir az da dəstək olurlar. Məsələn, Akademiyanın İşlər idarəsinin rəisi Fətəli Abdullayevin dəstəyi şəhərcik direktoru üçün xüsusi əhəmiyyət kəsb edir. Məhz bu dəstəyin sayəsində Bayram Babayev bu gün AMEA-nın təsərrüfat obyektlərini əsil reket üsulu ilə soymaqla məşğuldur...” Bu arada, artıq bir neçə dəfə aldığımız məlumatlarda adı keçən Fətəli Abdullayev barədə də ayrıca əldə etdiyimiz bəzi məlumatlarla bölüşmək istərdik. Belə ki, Fətəli Abdullayev 1992-1996-cı illərdə “Şelflayihətikinti” İB-nin 4 saylı TQİ-də usta, sahə rəisi, rəis müavini vəzifələrində, 1996-1998-ci illərdə 12 saylı trestin müdiri vəzifəsində çalışmışdır. 2011-2013-cü illərdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Beynəlxalq Münasibətlər” kafedrasında müəllim işləmişdir. 2012-ci ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2015-ci ildə beynəlxalq münasibətlər ixtisası üzrə dosent elmi adını almışdır. 2013-cü ildən AMEA-nın İşlər İdarəsinin rəisi vəzifəsində çalışır. İdarə rəisinin karyera yolu barədə verdiyi açıqlamasında isə, mənbə maraqlı iddia ortaya qoyur: “ Fətəli Abdullayev “Şelflayihətikinti” İB-nin strukturlarında çalışdığı zaman bir neçə dəfə müxtəlif maxinasiyalara yol verməkdə ifşa olunmuşdur. Məhz bu səbəbdən də o, həmin vaxt tutduğu vəzifədən kənarlaşdırılmışdır. Bu gün isə, Fətəli Abdullayev öz qardaşı oğlu, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin əlaqələrinə güvənərək, Bayram Babayevin törətdiyi talançılığa şərik olur”. Lakin biz yenidən AMEA şəhərciyinin direktorunun əməllərinə qayıdaq. Beləliklə, aldığımız açıqlamada daha sonra deyilirdi: “Məlum olduğu kimi, hazırda akademiyanın nəzdində iki yeməkxana fəaliyyət göstərir. Bunlardan biri Akademiyanın binasının birinci mərtəbəsində, digəri isə ərazidə yerləşir. Birinci yeməkxananı işlədən Həsən adlı şəxs hər ay Bayram Babayevə 3000 manat “haqq” ödəyir. İkinci yeməkxananı işlədən Babək adlı şəxs üçün isə, bu aylıq ödəniş 2000 manat məbləğində müəyyən olunub. Həmçinin nisbətən kiçik məbləğdə aylıq ödənişlər AMEA-nın mətbəələri üçün də təyin olunub. Belə ki, Akademiyanın İqtisadiyyat İnstitutunun və Arxeologiya və Etnoqrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən iki mətbəənin hər birindən Bayram Babayev ayda 300 manat pul alır. Səbəb isə budur ki, şəhərcik direktoru bu mətbəələrin iş vaxtı bitdikdən sonra da işləmələrinə və burada kənar sifarişlərin yerinə yetirilməsinə şərait yaradır. Amma bütün bu baş verənlərdə ən pisi bilirsiz nədir? Ən pisi budur ki, Bayram Babayev yol verdiyi bu özbaşınalıqları həyasızcasına, birbaşa AMEA-nın prezidenti, hörmətli akademikimiz, elmlər doktoru Akif Əlzadənin adı ilə bağlamaqdan belə çəkinmir. Şəhərçik direktoru utanıb-qızarmadan iddia edir ki, bütün bu yığıdığı pulları o, guya ki, məhz Akif Əlizadəyə təhvil verir...” Dünənki sayımızda biz bu absurd iddiaya öz münasibətimiz artıq birmənalı olaraq bildirmişdik. Yeni əldə etdiyimiz məlumatda isə, AMEA prezidenti tərəfindən artıq Bayram Babayevin, təqdim olunan faktların öz təsdiqini tapacağı təqdirdə, onun ciddi şəkildə cəzalandırılacağı barədə xəbərdar olunduğu bildirilir.

Qarşı tərəfin də məsələyə münasibətini öyrənə bilərik.

Geri qayıt