Əsas Səhifə > Ölkə, Manşet > Başçı öz adamının əməlindən xəbərdardırmı?

Başçı öz adamının əməlindən xəbərdardırmı?


12-11-2016, 10:42
Başçı öz adamının əməlindən xəbərdardırmı?
Redaksiyamıza yeni daxil olmuş məlumatlarda İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Qoşakənd inzibati ərazi vahidi üzrə nümayəndəsi Fəxrəddin Əkbərovun fəaliyyətindən yaranmış narazılıqlar öz əksini tapıb. Aldığımız açıqlamalarda icra nümayəndəsi tərəfindən davamlı olaraq sakinlərin hüquqlarının pozulması hallarına yol verildiyi bildirilir. Vurğulanır ki, Fəxrəddin Əkbərovun rəhbərlik etdiyi qurum kənddə mövcud problemlərin həllinə yalnız rüşvət yığımı müstəvisində yanaşır. Belə ki, aldığımız açıqlamalarda ilk növbədə Fəxrəddin Əkbərovun Qoşakənd və ətraf ərazilərdə davamlı olaraq həyata keçirdiyi torpaq maxinasiyalarından bəhs edilir. Bildirilir ki, icra nümayəndəsi hətta vətəndaşlara məxsus pay torpaqlarını da kənar şəxslərə satmaqdan çəkinmir. Eyni zamanda da, məlumatlarda Fəxrəddin Əkbərovun yerli sahibkarlardan “haqq almaq” kimi cəhdlərinin də yer alması barədə iddialar diqqəti cəlb edir. Məsələn bildirilir ki, hətta Qoşakəndin ərazisinə aid olmayan ərazidə yerləşən “Şöhrətoğlu” istirahət mərkəzinin işi də bu gün məhz Fəxrəddin Əkbərov tərəfindən əngəllənir.

Maraqlıdır ki, əksər rayon və bölgələrdə icra nümayəndələrinin fəaliyyətləri, onların iş üslubları bir çox hallarda məhz rayon rəhbərliyinin xəttinin davamı olur. Lakin baxdığımız halda, Fəxrəddin Əkbərov iş üsullarını qətiyyən İsmayıllı RİH-nin fəaliyyətilə müqayisə etmək olmaz. Məlumdur ki, Mirdaməd Sadıqov İsmayıllıya icra başçısı təyin olunduqdan sonra, bu rayonun inkişafı daha da sürətlənmiş, bölgədə sahibkarlığın inkişafı üçün daha əlverişli mühit formalaşmış, insanların maddi-sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılmışdır. Bu mütərəqqi proseslər indi də davam etməkdədir. Bu xüsusda rayondan daxil olan məlumatlardan birində deyilir: “İsmayıllı rayonunda orta sahibkarlıq inkişaf etdirilir, rayon icra hakimiyyətinin imkanları daxilində sahibkarlara ən yüksək səviyyədə köməklik edilir. Rayon vətəndaşları qəbul günləri qəbul edilir, problemləri dinlənilir. Kənd icra nümayəndələri yerlərdə insanlarla hörmətlə davranır. Bu kimi onlarla halın haradan qaynaqlandığını düşünmək yetərlidir. Mirdaməd Sadıqovun mədəni səviyyəsi, onun işgüzarlığı, elmi bilikləri və zəngin təcrübəsi bütün məsələlərin həlli üçün şərait yaradır...”

Bununla belə, Fəxrəddin Əkbərov kimi istisnalar ümumi fonun korlanmasına hələ də səbəb olurlar. Bu arada qeyd etmək lazımdır ki, təqdim olunan açıqlamalarda Qoşakənd icra nümayəndəsinin məlum 2013-cü il İsmayıllı hadisələrində də kifayət qədər şübhəli mövqeylərdə durduğu vurğulanır: “Əgər məlum hadisələrdə İsmayıllı sakinləri öz etirazlarını konkret məmurlara qarşı bildirirdilərsə, Fəxrəddin Əkbərov kimi bəzi təxribatçılar kütlənin emosiyalarını birbaşa dövlətə qarşı yönəltmək üçün dəridən-qabıqdan çıxırdılar. Bu gün isə, Fəxrəddin Əkbərov sanki heç nə olmayıbmış kimi, dövləti kiçik də olsa bir vəzifədə təmsil edir. Bu da maraqlıdır ki, Fəxrəddin Əkbərov Tofiq Yaqublunun yaxın qohumu və məsləkdaşıdır”. Qeyd edək ki, Tofiq Yaqublu 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. Binəqədi rayon təşkilatının sədri, Müsavat Məclisinin katibi olub. 2010-cu ildən başqan müavinidir. 1998-ci ildə kütləvi aksiyada iştirakına görə iki il şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Əlbəttə, heç kim nə qohumluq əlaqələrinə görə, nə də hər hansı qohumunun siyasi baxışları və ya əməllərinə görə ittiham oluna bilməz. Amma məsələ bundadır ki, bu gün Fəxrəddin Əkbərovun birbaşa özünün fəaliyyətində müşahidə olunan çoxsaylı qanun pozuntuları mövcuddur. Ən əsası da, bu pozuntular vətəndaşların normal yaşamalarına və işləmələrinə əngəllər törədir.

Qarşı tərəfin də münasibətini öyrənə bilərik.

Geri qayıt