Əsas Səhifə > Ölkə, Manşet > Akif Əlizadə AMEA şəhərciyinin rəhbərliyinə niyə göz yumur?

Akif Əlizadə AMEA şəhərciyinin rəhbərliyinə niyə göz yumur?


5-11-2016, 10:07
Akif Əlizadə AMEA şəhərciyinin rəhbərliyinə niyə göz yumur?
Artıq xəbər verildiyi kimi, oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) II Azərbaycan Elm Festivalı öz işinə başlayıb. Birmənalı olaraq demək lazımdır ki, ölkəmizdə artıq ikinci dəfə keçirilən bu beynəlxalq tədbir Azərbaycan elmi üçün böyük əhəmiyyət daşımaqla, elmi nailiyyətlərin təbliğində önəmli yer tutur. Öz işini bu gün başa çatdıracaq Festivalın əsas məqsədi elmimizin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmaq, müasir elmi bilikləri təbliğ etmək, gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi-tədqiqat işlərinə marağı artırmaqdır.

Lakin bu möhtəşəm beynəlxalq tədbiri xatırlamaqda bizim məqsədimiz heç də Elm Festivalının gedişi barədə reportaj hazırlamaq olmayıb. Biz sadəcə olaraq, yer almış kiçik bir “ədalətsizliyi” aradan qaldırmaq istədik. Hələ bir neçə gün bundan əvvəl, II Elm Festivalının başlanması ilə əlaqədar yayımlanan məlumatlarda da bildirilirdi ki, Festival AMEA-nın təşəbbüsü, UNESCO, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın ölkəmizdəki səfirliyi və Moskva Dövlət Universitetinin dəstəyi ilə keçirilir. Amma bizim dünən əldə etdiyimiz son məlumata görə, bu tədbirin keçirilməsində həmçinin “böyük xidməti” olmuş daha bir şəxsin adı bu siyahıda ümumiyyətlə xatırlanmayıb. Buna görə də qərara gəldik ki, həmin şəxsi də biz təqdim edək. Bu insan AMEA-nın Akademiya şəhərciyinin direktoru Bayram Babayevdir. Hərçənd Bayram müəllim artıq özü də özünü təqdim edib. Həm də az qala II Elm Festivalının baş sponsoru kimi! İnanmırsız? Nahaq yerə.

Qəzetimizin 02.11.2016-cı il tarixli sayında dərc etdiyimiz “AMEA şəhərciyinin “cibi dolu” direktoru” sərlövhəli yazıda biz göstərmişdik ki, Bayram Babayevin yarıtmaz fəaliyyətindən narazılıqlarını ifadə edən akademiya əməkdaşları, bu məmurun tutduğu vəzifədən sui-istifadə edərək külli-miqdarda mənimsəmələr yol verdiyini iddia edirlər: “Bu gün bizim akademiyanın təsərrüfat sahəsində xoşagəlməz bir vəziyyət yaranıb. Şəhərciyin direktoru Akademiyanın resursları hesabına öz cibini doldurmaqla məşğuldur. Əlbəttə ki, onun tutduğu bu vəzifədə hansı maxinasiyalarla və nə qədər qazandığını biz də bilirik. Amma biz, elm adamı olduğumuz üçün belə məsələlərə qarışmırıq. Təki Bayram Babayev bizi narahat etməsin. Amma bu şəxs az qala alimləri də özünə aid olan “inventar” yerinə qoymağa çalışması ilə, hər kəsin əsəbləri ilə oynayır...”

Öz növbəsində bu məsələyə münasibət bildirən Bayram Babayev isə, son dərəcə maraqlı fikirlər səsləndirib. Bu barədə dünən AMEA-dan redaksiyamıza daxil olmuş açıqlamada deyilir: “Bayram Babayev qəzetinizdə yazılanları əslində təkzib etməyə heç çalışmır da. Sadəcə olaraq, olanlara görə məsuliyyəti öz üzərindən atmaq üçün yuxarı insytansiya rəhbərinin adını hallandırır. Bayram Babayev deyir ki, o, özbaşına deyil və nə edirsə, yalnız Akademiyanın İşlər idarəsinin müdiri Fətəli müəllimin tapşırıqlarına əsasən edir. Eyni zamanda da, Bayram Babayev onsuz da əldə etdiyi “gəlirlərin” hamısını Elm Festivalının keçirilməsinə xərclədiyini bəyan edib...”

Gördüyünüz kimi, bu beynəlxalq tədbirin əsas sponsorunun kimliyinə dair “inkarolunmaz” faktlar mövcuddur. Mətbuat isə, haqsızlıq edərək belə bir insanın adını xatırlatmağı unudur.

Qarşı tərəfin də məsələyə münasibətini öyrənə bilərik.

Geri qayıt