Əsas Səhifə > Ölkə, Manşet > KTN-də qanunlardan da üstün olan nədir?
KTN-də qanunlardan da üstün olan nədir?2-11-2016, 09:52 |
"Hörmətli redaksiya! Xahiş edirəm ki, kütləvi informasiya vasitəsi olaraq müraciətimdə qeyd edilən məsələni işıqlandırasınız. Mən Əsədov Anar Əsədulla oğlu Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilmiş müsabiqədə uğurla iştirak edərək Kənd Təsərrüfatı Nazirliyinin Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin baş məsləhətçisi vəzifəsinə keçmişəm. 16 iyul 2016-cı il tarixində mən bütün namizədlərlə birgə nazirlə görüşdə iştirak etdim və həmin görüşdə nazir şəxsən mənimlə söhbəti zamanı 2-ci dərəcəli dövlət qulluqçusu olmağımı, əvvəllər hüquq ixtisası üzrə digər dövlət orqanlarında işləməyimi əsas götürərək barəmdə müsbət fikir söylədi və bildirdi ki, 2 həftə işə gəl və sonra əmrin veriləcək. Bildirirəm ki, həmin müddət ərzində nazirliyin hüquq şöbəsinin müdiri Xudayət Həsənlinin verdiyi bütün tapşırıqları tam şəkildə yerinə yetirdim. Lakin Xudayət müəllim elə ilk günlərdən hüquqi biliyimi, iş bacarığımı yoxlayıb qiymət vermədən mənə bir neçə dəfə bildirdi ki, sənin imtahanla keçdiyin baş məsləhətçi vəzifəsi tutulub, yəni həmin vəzifədə imtahandan kənar müqavilə ilə işçi işləyir, bu səbəbdən də sən heç bir işlə təmin edilməyəcəksən. Mən ondan soruşanda ki, ştat üzrə baş məsləhətçi vəzifəsi vakantdır və həmin vəzifə müsabiqəyə çıxarılıb, nə üçün həmin yerə dövlət qulluğu yolu ilə imtahandan keçdiyim halda mən yox, hansısa qeyi-qanuni yollarla: tanışılıqla, yaxud tapşırıqla həmin vəzifəyə işçi təyin olunub və həmin şəxs qanunsuz olaraq əmək müqaviləsi üzrə həmin vəzifədə işləyir. Şöbə müdiri isə mənə bunun sənə aiddiyyatı yoxdur, istəyərəm həmin vəzifəni sataram, istəyərəm vakant saxlayaram, özüm bilərəm, necə istəyirəm elə də edirəm cavabını verdi. Maraqlısı budur ki, bütün bu qanunsuzluğu Hüquq şöbəsinin müdiri nazirdən xəbərsiz həyata keçirir. Halbuki, qanunvericilikdə mərkəzi icra hakimiyyəti orqanlarında 5-ci -7-ci təsnifatlar üzrə dövlət qulluğu vəzifələrinin tutulmasının yeganə yolu kimi DQMK tərəfindən keçirilən 2 mərhələli müsabiqədən uğurla keçərək müvafiq inzibati vəzifəyə təyin olunmaq qaydası təsbit edilmişdir. Belə ki, şöbədə işlədiyim 2 həftə müddətində vətəndaşların işlə təmin olunmağla bağlı nazirliyə müraciətlərinə verilən cavablarda da dövlət qulluğu haqqında qanuna istinad edərək onlara bildirilirdi ki, yalnız Komissiya tərəfindən keçirilən müsabiqədən keçdikdən sonra müvafiq işlə təmin oluna bilərsiniz. “Dövlət Qulluğu” haqqında qanuna əsasən birmənalı olaraq müvafiq vakant vəzifəyə müsabiqədən uğurla keçən namizəd təyin edilməlidir. Əgər həmin vəzifədə əmək müqaviləsi ilə işləyən işçi çalışırsa onunla müqaviləyə xitam verilməli və həmin vəzifəyə Komissiya tərəfindən göndərilən namizəd təyin edilməlidir. Qanun dövlət qulluğu vəzifələrinin müsabiqədən kənar, əmək müqaviləsi ilə tutulmasını birmənalı olaraq qadağan edir. Nəzərinizə çatdırıram ki, 2 həftə hüquq şöbəsində işlədikdən sonra əmrim verilmədi, həmçinin baş məsləhətçi vəzifəsinə təyin edilməkdən imtina barədə də nazirlik tərəfindən nə mənə, nə də DQMK-ya heç bir rəsmi sənəd verilmədi. Məsələni belə görüb dərhal cənab Prezidentin saytına elektron ərizə ilə müraciət etdim və həmin ərizə araşdırılması üçün aidiyyatı üzrə Kənd Təsərrüfatı Nazirliyinə göndərildi. Nazirlikdən isə ərizəyə əsassız və formal bir cavab yazdılar ki, həmin cavabdan da heç nə başa düşmək olmur. Daha sonra avqust ayının axırında Prezident Administrasiyasının Aqrar və sənaye məsələləri şöbəsinin müdiri Azər Əmiraslanovun qəbulunda oldum və O da mənə bildirdi ki, sən birmənalı olaraq həmin vəzifəyə təyin olunmalısan. Həmçinin mənimlə söhbət zamanı nazirliyin bu məsələdə açıq-aşkar özbaşınalıq və qanunsuzluq etdiyini dedi və məsələni nəzarətə götürərək araşdıracağını bildirdi. Əlavə olaraq mənə nazirin və DQMK sədrinin qəbuluna düşməyi tövsiyyə etdi. Sentyabr ayının 6-da DQMK sədri Bəhram Xəlilovun qəbulunda oldum. Sədr də mənə həmin vəzifəyə təyin olunmamağın üçün hər hansı əsasın olmadığını və bu səbəbdən də qanunun tələbinə əsasən nazirlik tərəfindən baş məsləhətçi vəzifəsinə dərhal təyin olunmalı olduğumu bildirdi. Bir neçə dəfə Kənd Təsərrüfatı Nazirinin qəbuluna yazılsam da, hər dəfə Hüquq, kadr və yerli orqanlarla iş şöbəsinin müdiri Xudayət Həsənli və nazirliyin digər vəzifəli şəxsləri tərəfindən öz qanunsuz əməllərinin gizlədilməsi məqsədilə süni şəkildə maneələr yaradaraq nazirlə görüşməyimə imkan vermirlər. Sentyabr ayında bildirdilər ki, nazir məzuniyyətdədir qəbul olmayacaq, oktyabr ayının 11-dəki qəbulda isə yenə nazir tərəfindən qəbul olunmağıma imkan vermədilər və yalnız hüquq şöbəsinin müdiri tərəfindən qəbul edildim. Qəbul zamanı qanunun mənim tərəfimdə olduğunu və vəzifəyə təyin olunmalı olduğumu şöbə müdirinin nəzərinə çatdırsam da, şöbə müdiri dövlət məmuruna yaraşmayan tərzdə, kobud şəkildə mənə bildirdi ki, boş yerimiz yoxdur, həmin vəzifə tutulub, satmışam, get hara şikayət edirsən elə, nə imtahan onlar formal xarakterli şeylərdir, nə qədər mən burdayam sən nazirlikdə heç bir vəzifəyə təyin olunmayacaqsan. Mənə qarşı olan bu kobud davranışa baxmayaraq, dünyagörüşümə, mədəniyyətimə və tərbiyəmə görə şöbə müdirinə heç bir söz demədən nazirliyin binasını tərk etdim. Əlavə olaraq bildirirəm ki, 27 yaşım var, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim köməkçisi, Əmlak Məsələləri Dövlət Komitəsində hüquqşünas, Reyestr Xidmətində hüquq məsləhətçisi vəzifələrində işləmişəm, 2-ci dərəcəli dövlət qulluqçusuyam, 2015-ci il deputatlığa namizəd olmuşam və hal-hazırda da nümayəndəlik fəaliyyəti ilə məşğulam. Sizdən bu məsələnin ona görə işıqlandırılmasını xahiş edirəm ki, qoy görsünlər ki, ölkədə kiçik məmurlar heç kimdən qorxmayaraq, qanunları tapdalayaraq, nə istəyirlərsə onu da edirlər. Nəticədə isə bizim kimi gənclər kənarda qalır. Təsəvvür edin imtahan verib işə keçirsən, yüksək vəzifəli şəxslər sənin həmin işə təyin olunmalı olduğunu bildirsələrdə, nəticədə heç bir işlə təmin edilmirsən. Bax məsələnin əsl, gerçək üzü, mahiyyəti budur. A.Ə.Əsədov Geri qayıt |