Əsas Səhifə > Ölkə, Manşet > General Akif Çovdarovun asıb-kəsən vaxtları...

General Akif Çovdarovun asıb-kəsən vaxtları...


29-08-2016, 09:33
General Akif Çovdarovun asıb-kəsən vaxtları...
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun internetdə yayılmış fotoları çox azdır.
Modern.az saytının təqdim etdiyi bu fotoda Akif Çovdarov general qiyafəsində keçmiş MTN-dəki kabinetində əyləşib, telefonla danışır. Onun belə vaxtları da vardı, qlınıcının həm dalı, həm də qabağı kəsirdi. Çox güman ki, ya kimlərisə hədələyir, ya da tabeliyindəki işçilərinə hansısa imkanlı iş adamını tutub yanına gətirməyi əmr edir. Hər halda Çovdarovun fəaliyyətilə bağlı aşkara çıxan saysız-hesabsız qanunazidd əməlləri foto haqqında belə mühakimə yürütməyə əsas verir.

Qeyd edək ki, A.Çovdarov işdən qovulan eks-milli təhlükəsizlik naziri Eldar Mahmudovun kassiri kimi ad çıxarmışdı. Onun MTN-də əsas vəzifəsi Azərbaycanda iş adamlarını soymaq olub.
Rüşvət tələb edilməklə təhdid olunan həmin iş adamları da Baş Prokurorluğa və Prezident Administrasiyasına verdikləri şikayətlərində əsas fiqur kimi məhz Akif Çovdarovun adını çəkiblər.

A.Çovdarov 2015-ci il noyabrın 14-də Səbail rayon Məhkəməsi tərəfindən çıxarılan hökmə əsasən həbsə alınıb.
Məhkəmənin qərarına görə, keçmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov barəsində əvvəlcə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Daha sonralar istintaqla əlaqədar onun həbs müddəti uzadılıb.

A.Çovdarovun həbsindən sonra oğlu da Milli Məclisdəki işindən çıxarılıb. Çovdarovun bacısının kürəkəni Rafiq Hümbətov da Xətai rayon MTN-dəki rəisi vəzifəsindən qovulub.

Akif Çovdarova 2012-ci ilin martında general-mayor rütbəsi verilib. O, 2014-cü ilin martında 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilmişi.

A.Çovdarov hazırda 1 saylı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində həkim nəzarətində saxlanılır.
A.Çovdarova qarşı Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb.

Geri qayıt