Əsas Səhifə > Ölkə, Manşet > Astarada bir ailə aclıq təhlükəsi ilə üz-üzədir...

Astarada bir ailə aclıq təhlükəsi ilə üz-üzədir...


25-08-2016, 09:31
Astarada bir ailə aclıq təhlükəsi ilə üz-üzədir...
“Gündəm Xəbər”in redaksiyasına şikayət ərizəsi ünvanlayan Asrara rayonu Ərçivan kənd sakini Məmmədov Tofiq Oruc oğlu yazır ki, “bu gün bizim 7 nəfərdən ibarət ailə üzvlərimiz aclıqla üz-üzə qalıblar. Buna səbəb, ailə üzvlərimizdən yalnız anamın Ərçivan 1 saylı orta məktəbdə xadimə işləməsi və ayda 105 manat məvacib almasıdır. Mənim 24 yaşım var və 2010-cu ildə də avtomobil qəzasına düşmüşəm. Belə bir səbəb üzündən də, bədən xəsarəti almışam və əmək qabiliyyətimi də itirmişəm. Hal-hazırda bunun qarşılığında, dövlətdən heç bir müavinət də almıram. Çünki, aldığım xəsarətlə bağlı müraciət etdiyim həkim tibb-ekspert komissiyasına “haqq-hesab” verə bilmədiyim üçün, mənə müavinət təyin etmədilər. Ötən ilə qədər 130 manat ÜSY-ı alıqdıqsa, bu il onu da ala bilmirik. Ailəmizə verilən 0,87 ha torpaq sahəsini də, imkansızlıqdan əkib becərə bilmirik. Ailəmizin üz-üzə qaldığı problemlərlə bağlı dəfələrlə Astara RİH-də qəbullarda olsam da, hələ ki, heç bir nəticə yoxdur. Yalnız bir nəticə var ki, o da adı çəkilən qurumda şöbə müdiri vəzifəsini daşıyan İlqar Malıyevin imzası ilə verilən cavab məktubunun varlığıdır.

Məktubda yazılır ki, “ailə vəziyyətinizin ağırlığı nəzərə alınaraq, gələcəkdə imkan olacağı təqdirdə sizə müvafiq maddi köməklik göstəriləcək” deyə, başdansovdu cavabın verilməsidir. İlqar Malıyevin bu cür cavabını nəzərə alaraq, biz ailəmizdə olan körpələrə deməliyik ki, “acsınızsa dözün, icra hakimiyyətindən imkan olacağı təqdirdə bizim ailəyə də maddi köməklik göstəriləcək”.

Bu cür yanaşma olduqca absurd, heç cür qəbul edilməsi mümkün olmayan yanaşmadır. Mən 2014-cü ildən PA-nın müvafiq şöbələrində, NK-də mühüm vəzifə sahibi olan şəxslərin qəbullarında, hətta 77 saylı seçki dairəsindən deputat olan Rəşad Mahmudovun iş otağında olub ümumi vəziyyətimizin acınacaqlı durumda olmasını ona bildirsəm də, hələ ki, bir nəticə yoxdur. Maraqlı hal odur ki, kimin qəbulunda olsam da hər kəs vəd verir ki, “get rayona sənə köməkdarlıq olunacaq” vədini verirlər. Mən bu gün ümidimi tam itirmişəm. Məhz ona görə ki, nə məni Astara RİH-i müvafiq işlə təmin edirlər ki, dövlətdən hansısa maaşı alım və ailəmizin dolanışığına mən də köməklik edim. Nə də ki, bir kimsə maddi cəhətdən köməklik də göstərir. Odur ki, bu gün üzümü ölkə rəhbəri cənab İlham Əliyevə tuturam və ondan xahiş edirəm ki, aclıqla üz-üzə qalan bir ailənin faciəli durumdan xilas olması üçün, bizə kömək əlinizi uzadın. Çünki, Siz çox zaman sadə sakinləri müdafiə edirsiniz, onların problemlərinin həlli istiqamətində müvafiq tapşırıqlarınızı da verirsiniz. Mən buna əmin olduğum üçün, məhz Sizə də mətbuat vasitəsilə müraciətimi ünvanlayıram”.

Geri qayıt