Əsas Səhifə > Ölkə, Manşet > Tahir Kərimovun Salyandakı yeyintisi ifşa olunub

Tahir Kərimovun Salyandakı yeyintisi ifşa olunub


20-08-2016, 11:14
Tahir Kərimovun Salyandakı yeyintisi ifşa olunub
Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, 2014-2015-ci illərdə və 2016-cı ilin yanvar-fevral aylarında dövlət büdcəsinin yerli xərclərinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Salyan rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilib auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.

APA-nın məlumatına görə, audit 4 qurumun fəaliyyətini və ümumilikdə 2850600 manat məbləğində vəsaiti əhatə edib.

Həmin qurumlar tərəfindən 10150 nəfərə, dövlət və özəl mülkiyyətdə olan müvafiq olaraq 111,4 min m2 və 55,7 min m2 mənzil sahəsinə xidmət göstərilib. Auditlə əhatə olunmuş qurumlar tərəfindən proqnozların tərtibi zamanı “Dövlət büdcəsindən maliyyələşən sahələrdə xərclərin proqnozlaşdırılması və maliyyə ehtiyatlarından istifadənin müvafiq məsrəf normaları vasitəsilə tənzimlənməsi məqsədilə bazar iqtisadiyyatının tələblərinə uyğun hazırlanmış şəhər, rayon mərkəzlərində, qəsəbələrdə küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahələrinə qulluq edilməsi xərclərinin Müvəqqəti Normaları” nəzərə alınmayıb. Küçə, park və səkilərin süpürülməsi, təmizlənilməsi, yaşıllıqlara xidmət xərcləri proqnozlaşdırılan zaman müntəzəm süpürülən, qulluq edilən yaşıllıq sahələrinin və işıq nöqtələrinin dislokasiyası tərtib edilməyib, küçə, park və səkilərin süpürülməsi, təmizlənilməsi xərclərinin icrası zamanı vəsaitlərin funksional təyinatı dəyişdirilib. Malların (işlərin və xidmətlərin) satın alınması zamanı mövcud qanunvericilik aktlarının tələblərinə tam riayət edilməyib, iddiaçılarla bağlı zəruri məlumatların araşdırılmaması müqavilələrə xitam verilməsi ilə nəticələnib. Əsaslı təmir işlərinin yerinə yetirilməsində tikinti norma və qaydalarının tələblərinə riayət edilməməsi yolun istismar müddətinin azalmasına şərait yaradıb. Yolun kənar hissələrində norma üzrə nəzərdə tutulan maillik dərəcəsinə riayət edilmədiyindən yağış suları yolun səthində qalaraq onun vaxtından əvvəl sıradan çıxmasına təsir göstərib. Mənzil fondunun əsaslı təmiri işləri aparılmış bir sıra obyektlərdə işlər podratçılar tərəfindən tam yerinə yetirilməyib, təsdiq edilmiş tələblərə riayət edilməməsi səbəbindən bir sıra abadlıq və təmir işləri keyfiyyətsiz yerinə yetirilib.Küçələrin işıqlandırılması üzrə kreditor borcu olmadığı halda vəsait ödənilib, ilin sonunda icraçı təşkilatlarla üzləşmə aktları tərtib edilməyib.

Bəzi işçilərə faktiki işləmədikləri halda əmək haqqı ödənilib, təmizlik işlərinə xidmət məqsədi ilə vəzifələr müəyyənləşdirilərkən əməyin ödənişi üzrə işçilərə müvafiq dərəcə təyin olunmayıb. Bəzi vəzifələr üzrə əmək haqqı düzgün müəyyənləşdirilməyib və nəticədə artıq əmək haqqı ödənilib. Auditlə əhatə olunan qurumlar tərəfindən ağac və əkin materiallarının alınması məqsədilə təhtəlhesab şəxsə verilmiş vəsait təsdiqedici sənədlər tam olmadan silinib. Bir sıra hallarda faktiki işləməyən işçilərə əmək haqqı hesablanıb və kassada saxlanılaraq digər məqsədlərə xərc edilib. Əmlak və öhdəliklərin illik inventarizasiyası aparılmayıb, Milli Mühasibat Uçotu Standartlarına keçid təmin olunmayıb. Əvəzsiz olaraq istifadəsinə verilmiş çoxillik əkmələr, ağaclar və yaşıl çəmənlər uçota alınmayıb.

Hesablama Palatasının Kollegiyası Salyan rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində ləğv edilməsi, həmçinin nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericilik ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edib. İcra olunması və həyata keçirilmiş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti Salyan rayon İcra Hakimiyyətinə göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisinə məlumat verilib.

Geri qayıt