Əsas Səhifə > Ölkə, Manşet > Qohumu həbsdə olan icra başçısı o qədərmi kasıb düşüb ki..?
Qohumu həbsdə olan icra başçısı o qədərmi kasıb düşüb ki..?18-08-2016, 09:55 |
Artıq uzun müddətdir ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun fəaliyyətindən doğan narazılıqlar ölkə mətbuatında dərc olunan materiallarda öz əksini tapmaqdadır. İlk növbədə yerli sakinlər tərəfindən mətbuata verilən açıqlamalarda, hətta Ölkə Prezidenti cənab İlham Əliyevin sahibkarlığa dəstək verilməsilə bağlı verdiyi göstəriş və sərəncamlardan sonra belə, Kürdəmirdə məmur özbaşınalıqlarına hələ də son qoyulmadığı vurğulanır. Bu xüsusda hələ bir müddət bundan əvvəl aldığımız açıqlamalardan birində deyilirdi: “Kürdəmirə icra başçısı təyin edildikdən sonra Ceyhun Cəfərovun eynilə Tərtər rayonunda olduğu kimi, əsasən iş adamlarını sıxışdırmağa başlaması ciddi narazılıqların yaranmasına səbəb olub. İcra başçısı təyin edildiyi zamandan bəri rayonda ciddi şəkildə narazılıqlar baş qaldırıb. Başçı ilk gündən bütün gəlirli sahələri nəzarəti altına almağa başlayıb. Ceyhun Cəfərov gənc olmasına baxmayaraq, özünün qocaman xəracyığma sistemilə ilə rayonu idarə etməyə üstünlük verir...” Bu səpgidə məlumatlara münasibət bildirərək, biz artıq ötən saylarımızda dərc etdiyimiz yazılarda da qeyd etmişik ki, son vaxtlar bəzi rayon və bölgələrdə yerli sakinlər, xüsusən də müəyyən sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən insanlar bir çox hallarda regional oliqarxlıq iddiasına düşmüş məmurların təpgisi ilə üz-üzə qalmalı olurlar. Belə ki, bu və ya digər rayonda azacıq da olsa inkişaf perspektivlərinə malik olan hər hansı biznes növü, həmin rayonda yenicə formalaşdığı an, dərhal yerli icra strukturlarının yüksəkçinli məmurları tərəfindən nəzarətə götürülür. İstər istehsal sahəsinə aid olsun, istər ticarət, istərsə də xidmət sahəsinə - fərq etməz, əgər rayonda iş qurmaq istəyirsənsə, o zaman mütləq bu məmurlardan birinin “himayəsini” qəbul etməlisən. Təbii ki, iş adamlarına qarşı belə münasibətin sərgilənməsi əslində Azərbaycanda yürüdülən və sahibkarlığın inkişafını nəzərdə tutan dövlət siyasətinə tamamilə ziddir. Lakin görünür bu məqam bəzi məmurları elə də narahat etmir. Daxil olan məlumatlardan belə qənaətə gəlmək olur ki, Kürdəmir RİH-nin başçısı Ceyhun Cəfərov da öz vəzifə səlahiyyətlərindən daha çox şəxsi mənafeyi üçün yararlanmağa üstünlük verir. Daha sonra aldığımız açıqlamada deyilir: “Rayonda əhalinin sosial tələblərinə laqeyd yanaşan Ceyhun Cəfərovun göstərişi ilə rayon bazarı da tam nəzarətə götürülüb. İndi bütün rayon başçının tam nəzarətinə keçib. Ən ciddi təzyiqlərlə sahibkarlar üzləşiblər. Sahibkarlarla görüşmək istəməyən C.Cəfərov açıq şəkildə bildirib ki, rayondakı abadlıq-quruculuq işlərində ona kömək edən sahibkarların yanında olacaq. Bu proseslərə qatılmayanlara isə, işləmək imkanı verilməyəcək...” Lakin redaksiyamıza bu günlərdə daxil olmuş növbəti şikayət ərizəsindən belə qənaətə gəlmək olur ki, Ceyhun Cəfərovun təkcə vəzifə səlahiyyətlərinin icrası zamanı yol verdiyi qanun pozuntuları deyil, eləcə də şəxsi həyatında törətdiyi özbaşınalıqlar vətəndaşların hüquqlarının pozulması ilə müşayiət olunur. Diqqət etmisinizsə, son vaxtlar ölkə mətbuatında yüksək vəzifəli məmurlar və ya onların yaxınları tərəfindən müxtəlif təmir-tikinti işlərinə cəlb olunmuş usta və fəhlələrin zəhmət haqqlarının kəsilməsi mövzusunda yazılara tez-tez rast olunur. Özlərinə dəbdəbəli malikanələr, villalar inşa etdirən bəzi zənginlər kasıb-kusubun pulunu verməyə gələndə min-bir “oyundan” çıxaraq, bu pulu kəsməyə çalışırlar. Aydındır ki, əgər söhbət hansısa qiyməti yüz minlərlə, bəzən hətta milyonlarla ölçülən mülkün sahibindən gedirsə, bu zaman onun “maddi sıxıntılarından” danışmağa dəyməz. Hər dəfə də bu zənginlərin qənaət etmək fikrinə düşdükləri məsrəflər məhz usta və fəhlələrin zəhmət haqqlarına gəlib çıxır. Bu dəfəki şikayət ərizəsində də məhz Ceyhun Cəfərovun belə bir “qənaət sxemi” cızdığı bildirilir. Belə ki, redaksiyamıza müraciət etmiş vətəndaş Amil Nəsirov özünün və daha bir neçə nəfər briqada üzvlərinin artıq bir ildən artıqdır ki, Ceyhun Cəfərovdan öz halal zəhmət haqqlarını ala bilmədiklərini iddia edir. Şikayətçi bildirir ki, bu borc onların Bakının Mərdəkan qəsəbəsində yerləşən və Ceyhun Cəfərova məxsus olan bağ evində işləmələri nəticəsində yaranıb. Ərizədə bu barədə deyilir: “Ceyhun Cəfərov bağ evində bizi işlədib, amma pulumuzu vermir. Bir ildir ki, sürünürük. Düz bir il bundan əvvəl əvvəl mən və digər yoldaşlar Ceyhun Cəfərovun Mərdəkanda yerləşən bağ evində təmir-tikinti işlərinə başladıq. Burada işlədiyimiz müddət ərzində bizə deyildi ki, işinizi bitirin, pulunuzu axırda alacaqsınız. Hər gün səhər saat 7-dən axşama qədər həmin bağda işlədik. Sonda bütün işimizi də qüsursuz yerinə yetirib, təhvil verdik. Dedilər ki, haqqınızı 2 gün sonra gəlib götürərsiniz. İki gün oldu 2 həftə, 2 həftə oldu 10 ay, 10 ay oldu 1 il... Hələ də bir qəpik belə ala bilməmişik...” Amma məsələnin ən maraqlı məqamı, icra başçısının işlədib pullarını vermədiyi fəhlələrə dedikləri ilə bağlıdır: “Ceyhun Cəfərovdan pulumuzu tələb etdik. Çünki biz aylarla əzab-əziyyət çəkmişik ki, o, dəbdəbəli, saray kimi evdə yaşasın. Bir icra başçısının bu qədər cılız hərəkət edə biləcəyi heç birimizin ağlına gəlməzdi. İndi bizə deyir ki, gedin, pulunuzu Tofiqə vermişəm, ondan alın. Adama deyərlər ay başçı, biz Tofiq üzü görmüşük ki, Tofiq axtarmağa göndərirsən bizi? Bizim danışığımız sizin yaxınlarınızla olub. Məsuliyyəti üzərinizə siz götürmüsünüz. Pulu da siz ödəməlisiniz. Biz sonra yenə pulumuzu tələb edəndə dedi ki, sizin pulunuzu Tofiq götürüb xaricə qaçıb. Bu qədər biabırçılıq görməmişdik. Üç-beş fəhlənin haqqını verə bilməyən bir şəxs o boyda rayona görəsən necə başçılıq edir? Biz ondan nə borc istəmirik, nə dilənmirik, nə xərac tələb etmirik. Gəlib qapısında, evində əzab-əziyyətlə işlədiyimiz, alın təri ilə qazandığımız pulumuzu istəyirik...” Bu arada qeyd etmək yerinə düşər ki, ölkə mətbuatında yayımlanan məlumatlara əsaslanaraq, Ceyhun Cəfərovun ümumiyyətlə fəhlənin pulunu kəsməkdə böyük təcrübəsi olduğunu söyləmək olar. Belə məlumatlardan birində deyilir: “İcra başçısı Ceyhun Cəfərov yolların, küçələrin təmizlənməsi üçün təhkim edilmiş işçilərin maaşlarını kəsir. Bu səbəbdən fəhlələrin əksəriyyəti işləməkdən imtina edir. Başçı isə, rayonda və kəndlərdə dövlət idarələrində işləyən xadimələrə zorla rayonun küçələrini süpürtdürür. Onları öz işlərindən ayırıb, gətirirlər və bütün günü yolları təmizlədirlər. Etiraz edənləri işdən çıxarmaqla hədələyirlər. İnsanlar cüzi əmək haqqına öhdələrinə düşməyən işləri də görməyə məcbur edilirlər...” Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materillara da biz qeyd etmişdik ki, bu gün dövlətimiz tərəfindən büdcə vəsaitləri hesabına həyata keçrilən yenidənqurma və abadlıq işlərinə mənfəət verməli olan biznes kimi münasibət bəsləyən, hər yeni layihədən mütləq gəlir əldə etməyi bir vəzifə imtiyazı kimi qəbul edən məmurlara hələ də bir çox rayonlarda rast gəlmək olur. Bu baxımdan, Kürdəmirdə cərəyan edən hadisələr də, rayonun icra başçısı Ceyhun Cəfərovun, rəhbərlik etdiyi orqanın fəaliyyətini məhz bu istiqamətə yönəltməsinin nəticəsidir. Öz bağında işlətdiyi fəhlələrin əmək haqqlarını kəsməyinə gəlincə isə, əminliklə demək olar ki, bu haqsızlıq Ceyhun Cəfərovun “çoxşaxəli” fəaliyyətində olduqca kiçik epizodlardan biridir... Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq. Geri qayıt |